“Cənab Prezidentin çıxışında bir çox önəmli məqamlar yer almışdır ki, onların da hamısı Azərbaycanın gec-tez tarixi ədalətin tam bərpa edilməsinə nail olacağına, Qərbi azərbaycanlıların da nə vaxtsa öz dədə-baba torpaqlarına qayıdacaqlarına xalqımızın inamını dəfələrlə artırır. Məlumdur ki, ermənilər 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda bizim tarixi abidələrimizi, görkəmli şəxsiyyətlərə ucaldılmış abidələri, məscidlərimizi, saraylarımızı, qəbiristanlıqlarımızı dağıtdıqları kimi, bundan illər öncə Qərbi Azərbaycan ərazisində də bu vandallıqları törətmişlər. O cümlədən, 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə sənətkarın doğma Ağkilsə kəndində ucaldılmış abidəsi də 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində, xalqımızın üçüncü deportasiya dalğasına məruz qoyulduğu dövrdə erməni vandalları tərəfindən dağıdılmışdır. Cənab Prezident İlham Əliyev xüsusilə belə bir məqama diqqət yönəltmişdir ki, 1918-ci ildə və 1940-50-ci illərdə baş vermiş ilk iki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmışdır. Əlbəttə ki, bu hal belə bir əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıdacaqlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, gün gələcək və Azərbaycan xalqı Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcək, Ağkilsə kəndində bununla bağlı mərasim keçiriləcək. Azərbaycan Prezidentinin dediyi hər kəlmənin arxasında sona qədər durduğunu isə, artıq sadəcə xalqımız deyil, bütün dünya yaxşı bilir”.