EN

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik strategiyasının təntənəsini yaşayırıq!

“Hər bir xalqın tarixində onun müstəqil dövlətini qurmaq üçün taleyüklü vəzifəni öz üzərinə götürmüş liderlər olmuşdur. Azərbaycan tarixinin Heydər Əliyev dövrü dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən inqilabi dəyişikliklər kimi ölkəmizin gələcəyini müəyyən etmişdir. Hələ 1970-1980-ci illərdə respublikamıza rəhbərliyi dövründə Ümummilli Liderin dövlət idarəçiliyində yüksək bacarığı, siyasi təşəbbüskarlığı və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan keçmiş SSRİ məkanında geridə qalan aqrar respublikadan qabaqcıl sənaye ölkəsinə çevrilmişdir. Həmin illərdə iqtisadi, mədəni və ictimai-siyasi sahələrdə əldə edilən uğurlar Azərbaycanın gələcək müstəqilliyinə zəmin olmuşdur. XX əsrin sonlarında istiqlalına qovuşduqdan sonra Azərbaycanın dövlətçiliyini formalaşdırmaq və qorumaq missiyası da məhz Heydər Əliyev şəxsiyyətinə həvalə edilmişdir. Ulu Öndərin Azərbaycana rəhbərliyinin ikinci dövrü müstəqilliyin bərpasından sonrakı illərə təsadüf etmiş və dövlətimizin qurulması, dövlətçiliyimizin qorunması baxımından  misilsiz önəm daşımışdır”. Bu fikirləri YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov deyib.

Onun sözlərinə görə, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdaraq, 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev mürəkkəb və gərgin bir tarixi dönəmdə dövlətimizin müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi əsas vəzifə olaraq qarşısına məqsəd qoymuşdur: “Parlametin həmin il 24 iyun tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin Sədrinə verilməsi ölkədə sabitliyin qorunması, dövlətin bütün sahələrdə tam nəzarəti həyata keçirməsi baxımından xüsusilə əhəmiyyətli olmuşdur”.

“1993-cü ilin 3 oktyabrı isə müstəqil Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən olmuşdur. Belə ki, Ulu Öndərin ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilməsi dövlətimizin gələcək inkişafına təkan rolu oynamışdır. Çünki o illərdə Azərbaycanda vəziyyət son dərəcə acınacaqlı olmuşdur. Müstəqilliyini yenicə bərpa edən və onu yetərincə möhkəmləndirə bilməyən Azərbaycan erməni faşizminin hücumuna məruz qalmış, nəticədə ölkə ərazisinin 20 faizdən çoxu işğal olunmuşdu. Azərbaycanın daxilindəki gərgin və qeyri-stabil vəziyyətdən istifadə edən Ermənistan hücum əməliyyatlarını genişləndirir, daha çox ərazini zəbt etməyə çalışırdı. İlk növbədə ordu quruculuğa sahəsində ciddi addım atan Ulu Öndər işğalın qarşısını aldı və düşməni atəşkəsə məcbur etdi”, – deyə Z.Hüseynov bildirib.

“Atəşkəs dövründən istifadə edərək, bütün sahələrdə islahatlara start verildi, ölkədə tüğyan edən böhranlı vəziyyət tədricən aradan qaldırıldı. Bu tarixi qayıdış daxili ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi”, – deyən Z.Hüseynov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə yeri müəyyənləşdi, nüfuzlu təşkilatlarla əlaqələr yaradıldı və daha da genişləndirildi: “Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində 1994-cü ildən dünyanın böyük neft şirkətləri respublikaya investisiyalar yatırmağa, dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr qurmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanması, dünyanın aparıcı enerji şirkətlərinin Xəzər dənizinin Azərbaycan sektoruna cəlb edilməsi, ölkəyə investisiya axınının başlanması, nəhəng enerji layihələrinin icrası gələcək inkişaf üçün lazımi resursların əldə edilməsinə imkan yaratdı. Bununla da iqtisadi sahədə inkişaf mərhələsi başlandı. 1993–2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişaf strategiyası müəyyənləşdirildi, ölkəmizin dünya dövlətləri arasında nüfuzu yüksəldi.Ulu Öndər Heydər Əliyev doğma Azərbaycanını dünyanın ən qabaqcıl xalqları sırasına çıxardı, beynəlxalq səviyyəli irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində respublikamıza xarici investisiyaların axını ölkə iqtisadiyyatını dirçəltdi, valyuta ehtiyatları artdı. Azərbaycanda milli ordu formalaşdırıldı, dövlətin müdafiəsi gücləndirildi. Gücünü xalqından alan Ulu Öndər onu tarixin ən çətin sınaqlarından məharətlə çıxardı. Zamanın ən mürəkkəb dönəmində xalqının ümidi, dayağı oldu”.

YAP Göygöl rayon təşkilatının sədr müavinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına əvəzsiz xidməti isə xalqımızın Zəfər Tarixini yazan layiqli varis yetişdirməsidir. Siyasi fəaliyyətinin 10 ilini müstəqil Azərbaycana xidmətə həsr edən Ulu Öndər 2003-cü il oktyabr ayının 1-də xalqa son müraciətində bu müddət ərzində həyata keçirilən daxili və xarici siyasətin yalnız və yalnız dövlətçiliyimizə, respublikamızın tərəqqisinə, xalqımızın mənafeyinə xidmət etdiyini bəyan etmişdi. Dahi lider bütün bunlarla bərabər, axıra çatdıra bilmədiyi işlərin, perspektivli planlarının olduğunu vurğulamış və bunu siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevin məharətlə yerinə yetirəcəyinə əminliyini ifadə etmişdi: “…Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Z.Hüseynov onu da xüsusi olaraq qeyd edib ki, Ulu Öndərin böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev düşünülmüş siyasət yürüdərək 30 illik işğala 44 gün ərzində son qoydu, son 200 illik tarixində Azərbaycanı ilk dəfə qalib ölkəyə çevirdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin etimadını doğrultdu, eyni zamanda ata vəsiyyətini yerinə yetirdi. 2020-ci il noyabr ayının 8-də Azərbaycan Prezidenti xalqa müraciəti zamanı Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən demişdir: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

“Ən nəhayət, 44 günlük Vətən müharibəsində qazanılmış Tarixi Zəfər və 20 sentyabr 2023-cü ildə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması mahiyyət etibarilə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu”, – deyə Z.Hüseynov sonda vurğulayıb.

Chosen
28
1
yeniazerbaycan.com

2Sources