EN

“Sabah Juninyonun het-trik edəcəyini gözləyirəm” – kassalar önündə nə gördüm?

Belə görünür ki, “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinin ilk oyununda “Tottenhem”ə uduzması “Malmö” ilə sabahkı oyuna marağı azaldıb. Bunu sosial şəbəkələrdə izləyicilərin reaksiyalarından sezmək mümkündü.

Dünən real durumu öyrənmək üçün Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına baş çəkdim. Durğunluq müşahidə olunurdu. Bilet alanlar da, kassaya yaxınlaşanlar da Zaqreb “Dinamo”su ilə oyunla müqayisədə az idi. Kassadan bilet alan Nicat Quliyev deyir ki, ucuz biletlər azdı. 20 manatdan yuxarı qiymətə olanda da istədiyimiz sayda ala bilmirik. Həmsöhbətim “Neftçi” azarkeşi olsa da, sabahkı oyunu atası və qardaşı ilə tribunadan izləyəcək. Dediyinə görə, dəstək üçün yox, maraq üçün gələcək.

Bilet satışı ilə maraqlandıqda kassir dedi ki, 5, 10, 15 manatlıq biletlər bir neçə gün əvvəldən tükənib. Alıcıların böyük qismi isə uşaqlar və valideynlərdi.
Bu sırada ortayaşlı kişi kassaya yaxınlaşıb “neçə manatlıq bilet qalıb?” soruşanda kassirin verdiyi cavab onu qane etmədi. Dodaqaltı “onsuz da sabah yağış yağacaq, evdən baxaram” söylənərək ordan uzaqlaşdı. Elə həmin vaxt ətrafdakı çayxanadan bir nəfər “10 manatlıq biletlər var, kim istəyir?” səslənərək müştəri soraqlayırdı. Yaxınlaşdım ki, görüm nə qədər bilet satıb. 6 bileti vardı, təzəcə gəldiyinə görə hələ satmamışdı.

Bir də gördüm ki, 13-14 yaşlı 5 məktəbli “Tofiq Bəhramov”dan kassaya tərəf gəlir. Amma onlar da bilet ala bilməyənlər sırasında idi. 20 manatlıq biletin əvəzinə daha ucuzunu sosial şəbəkələrdə olan “satıcılardan” almaq qərarına gəldilər. 5-10 dəqiqə çəkən söhbətən başa düşdüm ki, bakılı və gəncəli dostlardan üçü qatı “Qarabağ” azarkeşidi. Əli Zeynallı deyir ki, “köhlən atlar”ın sabahki oyununumütləq stadiondan izləyəcək:

“12 yaşım var. 6 yaşımdan “Qarabağ” azarkeşiyəm. Bütün oyunlarına gəlirəm. Avrokubok oyunlarına da, çempionat matçlarına da stadiondan baxıram. Oyunçuların hamısını sevsəm də, ən çox simpatiyam Juninyo və Benzyayadı. Sabah Juninyonun het-trik edəcəyini gözləyirəm. Düşünürəm ki, hesab 4:1 olacaq. Komandam böyük üstünlük qazanacaq”.


13 yaşlı Cəmil Məmmədov da 7 yaşından Ağdam klubunun azarkeşidi:

“Özüm Qubadlıdanam. Abdulla Zubirlə Elvin Cəfərquliyevi daha çox sevirəm. Bu oyunda 2:0komandamız udacaq. Qolları isə Zubirlə Leandro Andrade vuracaq. “Qarabağ Ordu”nun üzvüyəm. Oyuna qardaşımla birgə gələcəm”.

Kassaların önündə keçirdiyim 45 dəqiqə ərzində cəmi 5 biletin satıldığını gördüm. Klubdan aldığım bilgiyə görə, 20 mindən artıq bilet satılıb. Ümid edirəm, sabah “Bəhramov”da anşlaq olacaq.

RÖYANƏ OĞUZ
Chosen
19
football-plus.az

1Sources