EN

Sumqayıt və Gəncədə İnnovasiya mərkəzləri təsis ediləcək

Sumqayıt

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan İnnovasiya Mərkəzində startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak edərək investorlarla görüşlər keçirmək, tərəfdaşlıq yaratmaq və layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva Bakıda keçirilən Azərbaycan İnnovasiya Mərkəzinin açılışı zamanı çıxışında deyib.

Onun sözlərinə görə, mərkəz, həmçinin texnologiya icmalarını öz tədbirlərini keçirmək üçün uyğun bir məkanla təmin edəcək ki, bu da icmaların daha effektiv şəkildə inkişafına, təcrübə, fikir və bilik mübadiləsinə şərait yaradacaq.

Azərbaycanda fəaliyyət göstərmək istəyən yerli və xarici şirkətlər üçün mərkəz uyğun icarə şərtləri və digər üstünlüklər təklif etdiyini vurğulayan agentlik sədri bildirib: “Bu, mərkəzi təkcə yerli startaplar üçün deyil, həm də beynəlxalq şirkətlər üçün cəlbedici edir, Azərbaycanı yeni bazar olaraq qiymətləndirmək imkanı yaradır. İnnovasiya təbii ki, sadəcə, Bakı ilə kifayətlənməməlidir. Sevindirici haldır ki, bölgələrdə də bu cür mərkəzlərin açılması planlaşdırılır. Yaxın perspektivdə Sumqayıt və Gəncə innovasiya mərkəzləri təsis ediləcək və əminəm ki, bu mərkəzlər regionlarda yaşayan innovativ təfəkkürlü vətəndaşlarımız, ümumilikdə innovasiya həvəskarlarının bir araya gələcəyi məkanlara çevriləcək”, - deyə İnarə Vəliyeva əlavə edib.

 

Chosen
10
2
azertag.az

3Sources