EN

Ədliyyə Nazirliyi məhkəmə qərarlarının icrasını qəsdən yubadır? - “HÜRRİYYƏT” PREZİDENTƏ MÜRACİƏT ETDİ

“Hürriyyət” qəzetinin yaradıcı heyəti tərəfindən Prezident  İlham Əliyevə və Ədliyyə naziri Fərid Əhmədova müraciət olunub. Hurriyyet.az həmin müraciəti olduğu kimi dərc edir:

“Cənab Prezident!

Cənab Nazir!

Öncə diqqətinizə çatdırım ki, redaksiyamıza daxil olan şikayətlər əsasında dəfələrlə Ədliyyə Nazirliyinə müraciətlər ünvanlamışıq. Lakin bir dəfə də olsun, müraciətimizə cavab verilməyib. Düşünürdük ki, rəhbərlikdə dəyişiklik aparılandan sonra bu problemlər aradan qalxacaq. Təəssüf ki, hələ də bu istiqamətdə müsbət bir irəliləyişin şahidi deyilik.

Məlumat üçün bildirək ki, son vaxtlar redaksiyamıza edilən şikayətlərin bir çoxu məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Yəni şikayətçilərin əksəriyyəti icraçıların öz səlahiyyətlərini yerinə yetirməməsindən narazılıqlarını bildirirlər. Hətta bəziləri icraçıların rüşvət alaraq, öz işlərini düzgün görmədiklərini, yəni məhkəmə qərarına zidd addım atdıqlarını iddia edirlər.

Əlbəttə, bu şikayətlərin hər birini araşdırmaq, ortada haqsızlığın, ədalətsizliyin, qanunsuzluğun olub-olmadığını üzə çıxarmaq bizim peşə borcumuzdur. Odur ki, bu çərçivədə dəfələrlə Ədliyyə Nazirliyinin mətbuat xidmətinə müraciətlər etmiş, vətəndaşın haqlı, yaxud haqsız olduğunu öyrənməyə çalışmışıq. Çox təəssüflə qeyd edirik ki, hər dəfə müxtəlif bəhanələrlə sorğumuza cavab ala bilməmişik.

Ümumiyyətlə, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bizə verilən tək cavab bu olur: “Vətəndaş müraciətlə əlaqədar 881 çağrı mərkəzi və 012 510 10 01 nömrəsi ilə əlaqə saxlaya, eləcə də [email protected] e-poçt ünvanı vasitəsilə və ya linkə daxil olub, müraciət formasını dolduraraq Ədliyyə Nazirliyinə müraciət edə bilər.

Ədliyyə Nazirliyində vətəndaşların şikayətlərinə Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi baxır”.

Lakin redaksiyamıza müraciət edən vətəndaşlar onlara verilən əlaqə nömrəsi və elektron poçt ünvanı ilə əlaqə saxlasalar da, heç bir nəticəsinin olmadığını bildirirlər.

Cənab Prezident!

Cənab Nazir!

Ədliyyə Nazirliyinin mətbuat xidməti bizə və şikayətçilərə “qaynar xətt”lə əlaqə saxlamağı məsləhət görürsə, o zaman mətbuat xidməti niyə var? Varsa, niyə şikayətlər araşdırılmır?

Digər tərəfdən, əgər icraçının işi məhkəmə qərarını icra etməkdirsə, o zaman niyə məsələni uzadır, insanları süründürməçiliyə salırlar? Misal olaraq, Gəncə şəhər İcra probasiya şöbəsindən, Bərdə rayon İcra probasiya şöbəsindən və s. bir çox icraçının adlarını verə bilərik ki, onlar məhkəmə qərarlarına qarşı çıxıb, qanunsuz olaraq qarşı tərəfin xeyrinə iş görüblər. Çox maraqlıdır, niyə? Hansı marağa görə?

Əminik ki, bu gün ölkədə sörğu keçirilsə, vətəndaşların ən çox narazı olduğu qurumlardan birincisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ikinci yerdə isə Ədliyyə Nazirliyi olacaq. Əslində, bu da səbəbsiz deyil. Şübhəsiz, bu narazılqda içraçıların “payı” daha çoxdur.

Lakin çox təəssüflə qeyd edirik ki, İcra probasiya şöbələrində baş verən qanunsuzluqlar Fərid Əhmədovun nazir təyin olunmasından sonra daha da geniş vüsət almağa başlayıb. Bu gün ölkədə Ədliyyə Nazirliyinin, yəni haqqın, ədalətin yanında durmalı olan qurumun əməkdaşlarından daha çox məhkəmə qərarlarına hörmətsizlik edən ikinci bir qurum yoxdur. Əvvəllər vəziyyət bundan nisbətən yaxşı idi. Ona görə ki, Məhkəmə Hüquq Şurasının sədri Ədliyyə naziri idi və bu iki qurum bir-birini idarə edə bilirdi. Amma Məhkəmə Hüquq Şurası, məhkəmələr Ədliyyə Nazirliyinin tabeçiliyindən çıxdıqdan sonra, sanki Ədliyyə Nazirliyi məhkəmə qərarlarını icra etməməyi öz üzərinə öhdəlik götürüb. Əgər belədirsə, bu idarənin saxlanılmasına nə ehtiyac var?

Cənab Prezident!

Məhz bu səbəbdən “Hürriyyət” olaraq sizdən xahiş edirik ki, İcra probasiya şöbəsini Ədliyyə Nazirliyinin tabeçiliyindən çıxararaq,  ya Daxili İşlər Nazirlyinin, ya da Dövlət Təhlükəsizliyi Xidmətinin tabeçiliyinə verəsiniz. Çünki bu gün Ədliyyə Nazirliyi məhkəmə qərarlarını icra etməməklə, “heç kəsə tabe olmadığını” bildirir. İcraçılar aşkar şəkildə deyirlər ki, “istədiyimiz şəxsin işini həll edər, istəmədiyimizi süründürərik”. Bu səbəbdən, inanırıq ki, müraciətimizi cavabsız qoymayacaqsınız.

Sizə kollektivimiz adından öncədən təşəkkür edirik.

“Hürriyyət”

Chosen
10
hurriyyet.az

1Sources