EN

Dünyanın diqqəti Azərbaycana yönələcək

COP29 konfransı dünyanın diqqətini Azərbaycana yönəldəcək. Yüzdən çox ölkə və hökumət rəhbərləri bu tədbirdə iştirak edəcək. Sadəcə yüz minə qədər konfrans iştirakçısının Azərbaycanda olması dünyanı narahat edən ekoloji problemlərin həllinin müzakirəsinə səbəb olacaq. Eyni zamanda, dünyanın hazırkı durumu, şübhəsiz ki, təhlükəsizlik məsələləri də önə çıxacaq. Çünki bir sıra təhlükələr, ilk növbədə hərbi münaqişə təhlükəsinin olması, ekoloji durumun yaxşılaşdırılması prosesinə çox ciddi təsir edən məsələlərdəndir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan bu konfransa ev sahibliyini səsvermə yolu ilə qazanıb:

“Burada Azərbaycanın son illər iqtisadiyyatın inkişafı, ekologiyanın təmizliyi uğrunda apardığı mübarizə də nəzərə alınıb. Baxmayaraq ki, Azərbaycan ənənəvi neft-qaz ölkəsidir, ancaq bununla belə, dövlətin apardığı siyasət zərərli tullantıların həcminin azalmasına, ekoloji siyasətin reallıqda öz əksini tapmasına gətirib çıxarıb. Bundan başqa, COP29-un Azərbaycanda keçirilməsi dünyanın ölkəmizi daha dərindən tanımasına, onun problemləri ilə tanış olmasına, bir sıra məsələlərdə mövqeyinin öyrənilməsinə gətirib çıxaracaq. Azərbaycanın tarixi, mədəniyyət və incəsənəti də daha dərindən öyrəniləcək.

Hesab edirəm ki, konfrans iştirakçılarının bir çoxu sonradan Azərbaycanla daha yaxşı münasibətlər qurmağa, ayrı-ayrı sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə təşəbbüs göstərəcəklər. Belə tədbirlərin keçirilməsi dünyanı bir-birinə daha da yaxşı yaxınlaşdırır”.


Müəllif: Əsəd Məmmədəliyev
Chosen
18
teleqraf.com

1Sources