EN

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BANM-də yarışma keçirilir

Bakı, 2 oktyabr, AZƏRTAC

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində oktyabrın 2-də Bakı Ali Neft Məktəbində (BANM) gənc nəslin yaşıl fəaliyyətə cəlb olunması məqsədilə ideya yarışması (Bridging the Gap - Youth and Green Jobs Market) başlayıb.

AZƏRTAC xəbər verir ki, yarışmanın açılış mərasimində çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ölkəmizdə həyata keçirilən ekoloji inkişaf tədbirlərindən söz açıb, vaxtilə sənaye şəhəri kimi tanınmış Bakıda sonralar geniş yaşıllıqlar salındığını qeyd edib. Rektor gənc nəsildə ekoloji mədəniyyətin formalaşdırılması ilə bağlı keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sonra COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq məsələlərindən bəhs edib.

BMT İnkişaf Proqramının İnnovasiya rəhbəri (UNDP) Leyla Seyidzadə çıxışında yarışmaya bir çox komandaların müraciət etdiyini söyləyib. “Biz innovasiyalara önəm veririk. Bizim üçün gənclərlə çalışmaq çox maraqlıdır”, - deyə Leyla Seyidzadə qeyd edib.

Yarışda ümumilikdə 15 komanda iştirak edir. Gənclərin yaşıl iqtisadiyyata yönəlməsini təşviq edən bu yarışma onların innovativ fikirlərini və həll yollarını ortaya çıxarmaq üçün mükəmməl bir platformadır.

Oktyabrın 4-dək davam edəcək tədbirin gənclərin iqlim dəyişikliklərinə qarşı mübarizədə daha fəal rol almalarına və yaşıl iş imkanlarına cəlb olunmalarına dəstək verməsi gözlənilir.

Chosen
6
azertag.az

1Sources