EN

MÜƏLLİM KİMDİR? - SORĞU

Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Bu günün qeyd edilməsində məqsəd cəmiyyətin inkişafında müəllimin rolunu vurğulamaq, dünyanın hər yerində təhsil sahəsində heç kimin unudulmaması, geri qalmaması üçün səy göstərən müəllimlərin əməyinə diqqət çəkməkdir. SİA şəhər sakinləri arasında "Müəllimlik peşəsi sizin üçün hansı məna daşıyır? Ümumiyyətlə, müəllimlərə necə dəyər və hörmət qoyulmalıdır?" sualı ilə sorğu keçirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Adil Balıyev: "Auditoriyalara girəndə ilk olaraq çalışıram ki, mühazirəni fənnin üzərində deyil, insanın üzərində, müəllimlik dəyəri üzərində qurum. Müəllimliyə sevgi kimi yanaşmaq istəyirəm. Sevgi olmasa, tələbə ilə, universitetlə, məktəblə münasibətin ola bilməz. Bu baxımdan müəllimlərimizə qarşılıqlı sevgi arzu edirəm. Müəllimlər Günü də yaxınlaşır. Ən böyük arzum budur ki, dövlət müəllimlərə qayğını daha da artırsın, müəllim daha azad olsun, asılı olmasın, müəllimin fikri-zikri ancaq öz elminin, mədəniyyətinin, Azərbaycan millətinin gələcəyində olsun".

Şəhər sakini Sərcan Şükürova: "Müəllimlik çox mükəmməl ixtisasdır. Çünki bütün peşələrin her biri müəllimin əlindən keçib gəlir. Həkimi, polisi, hakimi, hər peşənin sahibini müəllim öyrədir. Ona görə də müəllim mükəmməl fərd kimi yetişməlidir. Müəllimdə səbr və məsuliyyət çox önəmlidir. Çünki hər xasiyyətdə uşaq, valideyn, insan müəllimin qarşısına çıxır. Bu da müəllimdə səbr tələb edir. Müasir dövrdə uşaqlar, əsasən də, yuxarı sinif şagirdləri müəllimlərə hörmət etmirlər. Məncə, müəllimə edilən hörmət evində valideynlərinə etdiyin hörmətə bərabər olmalıdır. Müəllimlik müqəddəs peşədir. Onun üçün də mən müəllimlik peşəsini seçmişəm. Bu yolla daha yüksək yerlərə gəlməyi düşünürəm".

Tələbə Sima İsmayılova: "Pedaqoji Universitetin Biologiya fakültəsində biologiya müəllimliyi ixtisası üzrə təhsil alıram. Müəllim ailəsində dünyaya gəlmişəm. Anam kimya müəllimidir. Kimyadan 27 doğru yazmağımın səbəbkarı anam olub. Üzərimdə əziyyəti çox böyükdür, ona təşəkkür edirəm. Məktəbdə olduğu kimi evdə də tələbkar, məsuliyyətli idi. Məncə, müəllimlik çox şərəfli peşədir. Həm də çox məsuliyyət tələb edir. Mən isə müəllim olub-olmamaq haqqında qərarsızam. Çünki düşünürəm ki, uşaqlara qarşı o qədər də səbrim yoxdur. Bütün müəllimlərə isə təşəkkür edirəm, Müəllimlər Günü münasibətilə hər birini ürəkdən təbrik edirəm. Hər birimizin böyüyüb başa çatmağımızda valideynlərdən daha çox müəllimlərin rolu var. Bizim üzərimizdə əziyyət çəkərək nəzakətli olmağı onlar öyrədir. Həm də hər şey mühitdən asılıdır. Müəllimin yaxşıdırsa, deməli, sən də gələcəkdə yaxşı insan olacaqsan. Öz işini layiqincə yerinə yetirən müəllimlərə təşəkkür edir və Müəllimlər Gününü təbrik edirəm" .

Şəhər sakini Nuray Məmmədova: "Bir söz var, həmişə deyirlər ki, müəllim olmaq sadəcə dərs izah etməkdən ibarət deyil, həm də müxtəlif həyatlara, müxtəlif toxunuşlar etməkdir. Ən önəmlisi müəllimlik diqqət tələb edir. Müəllim olmaq tamam başqa hissdir. Mən də çalışacam ki, gələcəkdə şagirdlərimə örnək müəllim olum. Əvvəldən tək arzum bu olmasa da, müəllim ixtisasına qəbul olandan sonra bəzi müəllimlərimi tanıdım və bu peşəni sevdim. Fikrimcə, müəllim olmaq hər hansı insanın həyatında böyük rol oynamaqdan ibarətdir. Onun həyatına böyük toxunuşlar etmək, parlaq gələcək yaratmaqdır. Hər bir sənət öz başlanğıcını müəllimlərlə başlayır. Beləliklə də, müxtəlif sənətlər yaranır, müxtəlif fərdlər yetişir. Hər sənətin başlanğıcında müəllimlik dayanır. Hər zaman müəllimləri diqqət mərkəzində saxlamaq lazımdır. Bəzi şagirdlər, tələbələr var ki, müəllimlərə hörmət etmirlər. Əslində hörmət hörmətə bağlıdır. Əgər biz müəllimlərə öz hörmətimizi göstərsək, onlardan da eyni hörməti ala bilərik. Həmişə olduğu kimi müəllim özlərini diqqət mərkəzində saxlamalıdır. Şagirdlər də onlara öz minnətdarlığını bildirməlidir. Mən də ərsəyə gəlib çatmışamsa, müəllimlərimin sayəsindədir. Onlara öz təşəkkürümü bildirirəm, yaxşı ki, mükəmməl müəllim olublar. Həm də özümü onların yerinə qoyub çalışmışam ki, onlar kimi olum, şagirdlərə də örnək olum".

Şəhər sakini Həyat Yusifova: "Müəllimlik ixtisası üzrə təhsil alıram. Seçimimdə ailəmin rolu daha çox olub. Müəllim ailəsində dünyaya göz açmışam. Uşaqlıqdan onların tələbkarlığı ilə oxuyub bu yerlərə gəlib çatmışam. Ən yaddaqalan müəllimim anam olub. Müəllimlərimin hamısına təşəkkür edirəm, hamısını çox sevirəm. Yeganə müəllimi çox sevməyimin səbəbi odur ki, mənə ana kimi qayğı göstərirdi. Ac oldum, yemək verdi, soyuq oldu, geyimlə təmin etdi, bir sözlə sevgisini əsirgəmədi. Müəllim həm də ikinci valideyndir. Məşğələ keçmək üçün ailəmdən uzaq yaşamalı oldum, o zaman müəllimlərim mənə daha çox qayğı göstərirdi. Müəllimlərimlə fəxr edirəm. Ümid edirəm ki, şagirdlərim də mənimlə fəxr edərlər".

Şəhər sakini Nərmin Musayeva: "Müəllimlik ixtisası üzrə təhsil alıram. Müəllimlər haqqında onu demək istəyirəm ki, onlar bilik öyrədərək cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar yalnız fənləri öyrətməklə kifayətlənmir, şəxsiyyətin formalaşmasında böyük təsirə malikdirlər. Müəllimlər təkcə dərs zamanı bilik ötürmür, eyni zamanda şagirdlərinə düzgün dəyərlər, əxlaq və həyat bacarıqları aşılamaqla da gələcək həyatları üçün hazırlaşdırırlar. Yaxşı müəllim səbrli və anlayışlıdır. Motivasiya verəndir, davamlı öyrənəndir, yaradıcılıq nümayiş etdirir. Müəllim olmaq böyük məsuliyyət tələb edir. Çünki onların əməyi gələcək nəsillərin formalaşmasına birbaşa təsir edir. Mən də müəllimlərimi çox sevirəm. Onların əziyyətini heç zaman yerdə qoymaram. Mənə ana kimi yanaşırdılar. Müəllimlər bizim ikinci anamızdır. Onların üzərimdə əziyyəti çoxdur. Var olsunlar".

Müəllif: Söylü Ağazadə
Chosen
18
sia.az

1Sources