EN

ABŞ-da vitse-prezidentliyə namizədlər debatda iştirak etdi

Demokrat Tim Valz və Respublikaçı JD Vans çərşənbə axşamı keçirilən debatda Yaxın Şərqdə böhran, immiqrasiya, vergilər, abort hüquqları, iqlim dəyişikliyi və iqtisadiyyatla bağlı fikirlərini səsləndirdilər. Debatda siyasətlə bağlı ağır fikir ayrılıqları səslənsə də, şəxsi hücumlar yer almadı.

Seçki kampaniyalarında bir-birinə hücum edən iki rəqib, səmimi tonda çıxış edərək, prezidentliyə namizəd olan Demokrat vitse-prezident Kamala Harris və Respublikaçı Prezident Donald Trampı atəşə tutdu.

Vans Harrisin Prezident Co Baydenin administrasiyasında xidmət göstərərkən inflyasiya, immiqrasiya və iqtisadiyyat məsələsində daha çox tədbir görməməsinin səbəbini sorğuladı.

“Kamala Harrisin orta təbəqənin problemlərini həll etmək üçün belə möhtəşəm planları varsa, onları indi həyata keçirməlidir – vəzifəsinin artırılmasını istəyərkən deyil, Amerika xalqının ona 3 il yarım öncə verdiyi vəzifədə ikən,” Vans dedi.

Valz Trampı milyarderlərə prioritet verən qeyri-sabit lider kimi təsvir etdi və Vans immiqrasiya məsələsi ilə bağlı tənqidinə cavab olaraq, bu ilin əvvəlində sərhəd təhlükəsizliyi ilə bağlı iki partiyalı qanun layihəsini rədd etmələri üçün Konqresdəki Respublikaçılara təzyiq göstərdiyinə görə Trampı tənqid etdi.

“Çoxumuz bunu həll etmək istəyir,” Valz immiqrasiya ilə bağlı dedi. “Donald Trampın bunu etmək üçün dörd ili var idi və o sizə, amerikalılara, bunun nə qədər asan olacağına söz vermişdi.”

Nyu Yorkda CBS Yayım Mərkəzində keçirilən debat Yaxın Şərqdə eskalasiya edən böhranla bağlı suallarla başladı. İsrail çərşənbə axşamı Livanın cənubuna hücumunu davam etdirdi, İran isə cavab olaraq İsrailə raket zərbələri endirdi.

Valz dedi ki, Trampın artan münaqişəni həll edəcəyinə etibar etmək olmaz, çünki o çox “dəyişkən”dir və diktatorlara rəğbət bəsləyir. Vans isə bildirdi ki, Tramp vəzifə müddətində dünyanı daha təhlükəsiz edib.

İsrailin İrana qarşı qabaqlayıcı zərbəsini dəstəkləyib-dəstəyməyəcəyinə dair suala cavab olaraq Vans bunu İsrailin mühakiməsinə buraxacağını dedi, Valz isə suala birbaşa cavab vermədi.

Minnesotanın liberal qubernatoru və keçmiş məktəb müəllimi olan 60 yaşlı Valz və bestseller kitabın müəllifi və Ohayodan mühafizəkar ABŞ Senatoru olan 40 yaşlı Vans özlərini ölkədəki ən vacib məsələlərdə dərindən ziddiyyətli fikirlərə sahib Amerikanın orta-qərb ştatlarının iki oğlu kimi təsvir etdi.

Debatı televiziyada izləyən Tramp Truth Social platformasında qəzəbli postlar yerləşdirirdi.

Rəqiblər noyabrın 5-də keçiriləcək prezident seçkisindən öncəki son debatda qarşılaşdılar.

Siyasi təhlilçilər deyir ki, vitse-prezidentlər arasında debatlar qızğın keçə bilər, ancaq onlar adətən seçkinin nəticəsini dəyişmir. Bununla belə, ictimai rəydə cüzi dəyişiklik belə seçki gününə beş həftə qaldığı bir vaxtda çox intensiv keçən yarışda həlledici ola bilər.

Valza bu həftə onun daha öncə iddia etdiyi kimi, 1989-cu ildə Tiananmen Meydanındakı şiddətli repressiyalar zamanı Çində olmadığına dair məlumatlar barədə sual verildi.

“Mən bəzən səfehlik edirəm,” o dedi. “Mən həmin ilin yayı ora getdim və səhv danışdım. Mən demokratiya tərəfdarı etirazlar zamanı Honq Konq və Çində idim və orada idarəçilikdə olmağın nə demək olduğu barədə çox şey öyrəndim.”

Bu arada isə Vans Trampı müdafiə etdi, baxmayaraq ki, 2016-cı il seçkisindən öncə onu tənqid edirdi.

“Mən Donald Tramp barəsində səhv idim,” o dedi. “Mən səhv idim, ilk öncə ona görə ki, mən mediada bəzi hekayələrə inandım, amma onların onun barəsində vicdansız uydurmalar olduğu üzə çıxdı. Amma ən önəmlisi odur ki, Donald Tramp Amerika xalqının gözləntilərini doğrultdu.”

Valz həmçinin Trampı Ali Məhkəməyə, demək olar ki, əlli ildir mövcud olan abort hüququnu ləğv etmək qərarını dəstəkləyən üç hakimi təyin etməkdəki roluna görə tənqid etdi. Bu məsələ belə görünür ki, Respublikaçılara ziyan vurur.

“Bunların hamısına Donald Tramp təkan verdi,” Valz dedi.

Abort məsələsində mühafizəkar mövqeyi ilə tanınan Vans çərşənbə axşamı daha yumşaq tonda çıxış edərək, aborta ümummilli qadağanı dəstəkləmədiyini dedi, baxmayaraq ki, daha əvvəl bunu dəstəkləyib. O dedi ki, Trampın mövqeyi odur ki, aborta məhdudiyyət qoyub-qoymamağa individual ştatlar qərar verməlidir.

Tramp prezidentliyə namizədlərin debatı zamanı nə edəcəyini deməkdən imtina edəndən həftələr sonra sosial media postunda ümummilli qadağaya veto qoyacağını bildirib.

visiontv.az



Chosen
20
visiontv.az

1Sources