EN

İran-İsrail qarşıdurmasında tərəf tutmalıyıq?

İnternet kanallarından birində “İran-İsrail müharibəsi başlayacağı təqdirdə Azərbaycan kimin tərəfini tutmalıdır” mövzusunda fikir mübadiləsi aparılırdı. Ancaq mövzunun bu cür qoyuluşu əslində yanlış idi. Kimin tərəfini tutacayıq ki? Heç kimin.

Çünki İran və İsrail arasında birbaşa müharibə olmayacaq. Və bu qarşıdurmada tərəf yoxdur. Bu qarşıdurmada sadəcə İsrail və onun havadarı ABŞ var. Daha doğrusu, bu hücumların əsas müəllifi və dirijor”u İsrail yox, birbaşa ABŞ-ın özüdür.

Və bu qarşıdurmada İsrail ABŞ-ın proksi qüvvəsi kimi, “Hizbullah” isə İranın proksi gücü kimi çıxış edir.

İran isə özünü tərəf kimi aparmır. Başqa sözlə desək, hazırda İran özünü ləyaqətli dövlət kimi yox, “karton evcik” kimi aparır. Bəli, belə təəssürat yaranır ki, İran real dövlət yox, sadəcə maketdir, fiksiyadır, dekorasiyadır, sabun köpüyüdür. Çünki real dövlət bu cür vəziyyətlərdə özünü belə aparmır, “dişsiz” dövlət kimi davranmır.

Yeri gəldi-gəlmədi hər fürsətdə Azərbaycanı hədələyən, hansısa “qırmızı xətt”dən dəm vuran molla rejimi indi İsrailin təhdidləri, təhqirləri, hücumları qarşısında müəmmalı şəkildə susur.

Görünən budur ki, İsrail və İran arasında hazırda proksi qüvvələr üzərindən aparılan müharibə heç vaxt bu iki ölkə arasında birbaşa açıq müharibəyə çevrilməyəcək.

Çünki molla rejiminin İsraillə açıq müharibəyə girmək fikri yoxdur. Niyə? Bunun gerçək səbəbi nədir? Bu, ayrıca bir yazının mövzusudur.

İsrail öncə Tehranda HƏMAS-ın lideri İsmayıl Haniyəni, daha sonra isə Beyruta aviahücumlar nəticəsində “Hizbullah”ın rəhbəri Seyid Həsən Nəsrullahı və onun yanında olan xeyli sayda komandirləri, eləcə də Fələstinin Qurtuluş Xalq Cəbhəsinin üç liderini, SEPAH komandirinin əməliyyatlar üzrə müavini, briqada generalı Abbas Nilforuşanı fiziki cəhətdən məhv etsə də, İranın molla rejimi “qisas” barədə populist bəyanatlar verməkdən başqa heç bir addım atmır.

İsrailin baş naziri Benyamin Netanyahu nümyişkaranə şəkildə açıqlama verir ki, “Biz Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirini qırdıq, Livanda “Hizbullah”a böyük zərbə vurduq, Nəsrullahı aradan götürdük, hərəkatın yüksək səviyyəli komandirlərini sistemli şəkildə sıradan çıxarırıq. İsrail Müdafiə Qüvvələri Yəməndə də düşmənlərimizə yenidən hücum edib. Hər kəs İsrailin gücünün miqyasını görür”. İsrailin müdafiə naziri Yoav Qalant da Livanda "Hizbullah"a qarşı hərbi əməliyyatın növbəti mərhələsinin tezliklə başlanacağını, Livana qoşun yeridiləcəyini və quru əməliyyatına start veriləcəyini elan edir və bunun ardınca da İsrail ordusunun anonsunu verdiyi quru əməliyyatı çərçivəsində Livan ərazisinə daxil olduğu bildirilir.

Lakin İran isə “Hizbullah” hərəkatına kömək etmək üçün Livana öz qoşunlarını göndərməyi planlaşdırmır. İsraili sözdə təhdid edib əməldə isə heçnə etməməsi SEPAH-ın da daxili tərəfdaşları və xarici müttəfiqləri qarşısında etibarına ağır zərbə vurub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani isə İsrailə adekvat cavab verilməməsini onunla əsaslandırır ki, guya, Livan və Fələstin də daxil olmaqla Yaxın Şərq regionunun hökumətləri və xalqları İsrailin təcavüzündən qorunmaq üçün bütün lazımi imkanlara malikdirlər.

“Livan sübut etdi ki, onun özü bu işğal rejimini məğlub etməyə qadirdir. İran İslam Respublikasının könüllülər və ya yardımçı qüvvələr göndərməsinə ehtiyac yoxdur”, - deyə Kanani mətbuat konfransında bildirib.

Lakin N.Kanani kimi İran diplomatlarının bu cür qeyri-səmimi ritorik açıqlamaları əsl həqiqəti heç cürə gizlədə bilmir. Reallıq budur ki, İran hazırda İsraillə qarşı-qarşıya gəlmək istəmir və buna qadir də deyil. Naser Kənani isə bu həqiqətin üstünü “malalayaraq” deyir ki, İran xalqı müharibə istəmir. Ancaq əsl həqiqətdə isə molla rejimi müharibə istəmir. Çünki İranın İsrail+ABŞ qarşısında duruş gətirmək potensialı yoxdur.

Bu mənada Xamenei və Pezeşkianın İsrailə adekvat cavab veriləcəyi barədə pafoslu bəyanatları quruca hədə-qorxudan başqa bir şey deyil. Pezeşkian qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər. Ali dini rəhbərin müsəlman dünyasını İsrailə qarşı birləşməyə dəvət etməsi isə çarəsizliyin və gücsüzlüyün təzahürüdür.

Birdəki, müsəlman dünyası da hazırda elə İran kimi çarəsiz, aciz durumdadır. Çünki real müsəlman birliyi yoxdur. Ümmət yoxdur. Bu anlayış çoxdan iflasa uğrayıb. İslam həmrəyliyi də təəssüf ki, yalnız sözdədir.

(ardı var)

Bəybala Mirzəyev

visiontv.az



Chosen
3
visiontv.az

1Sources