EN

Gürcüstanda 'xarici agent' reyestrinə salınan QHT-lər var

Gürcüstanda doqquz QHT “xarici agent” reyestrinə salınıb. Ölkədə etirazla qarşılanmış, xarici təsirlə bağlı bu qanun iki ay öncə qüvvəyə minib. QHT-lər siyahıya oktyabrın 1-də salınıb. Onların sırasında Gürcüstanda Ukraynalı Gənclər Təşkilatları, Gürcüstan Fermerləri və Kənd Təsərrüfatı İşçilərinin Peşəkar Birliyi, Xristianlar Birliyi, Yəhudi Mədəniyyət və Təhsil Fondu, Qızlar- Dünya Liderləri kimi qurumlar var. Təşkilatların adları və maliyyə hesabatları reyestrin rəsmi vebsaytında dərc edilib. Qanuna görə, 2023-cü ildə maliyyəsinin azı 20 faizini xarici mənbələrdən alan media orqanları və QHT-lər “xarici qüvvənin maraqlarına uyğun” işləyən qurumlar kimi qeydiyyatdan keçməlidirlər. Ötən il Gürcüstanda media və qeyri-kommersiya təşkilatlarının əksəriyyəti maliyyəsinin bu hissəsini xaricdən əldə edib. Qeydiyyat prosesi Tbilisidə yerləşən Ədliyyə Evi vasitəsilə tamamlanmalıdır. Ədliyyə Nazirliyinə təşkilatların qanuna necə əməl etməsini monitorinq etməsi və araşdırması üçün geniş səlahiyyətlər verilib. Quruma şəxsi data kimi həssas informasiyaya belə çıxış səlahiyyəti belə verilib. Bir çox təşkilatlar və media orqanları qanuna qarşı çıxdıqlarını elan ediblər, bəziləri ona əməl etməyəcəklərini açıq bildiriblər. Ancaq qanuna əməl etməmək, qeydiyyata düşməmək ağır cərimələr ilə cəzalandırıla bilər. Gürcüstanın beynəlxalq tərəfdaşları qanun sarıdan ciddi narahatlıqlarını dilə gətiriblər. Tənqidçilər onu Rusiyadakı ziddiyyətli “xarici agent” qanunvericiliyi ilə müqayisə edirlər. Moskva həmin qanundan narazıları susdurmaq, demokratik institutları zəiflətmək üçün istifadə edir. Aİ-nin Gürcüstandakı səfiri Panel Herçinski xəbərdarlıq edib ki, bu qanun Tbilisinin Aİ-yə qoşulması perspektivinə ciddi ziyan vurur. Onun dediyinə görə, nəticədə Gürcüstanın Aİ-yə üzvlük prosesi dayandırılıb. Ölkənin Şengen zonasında vizasız səyahət kimi diplomatik uğuruna da təhdid yaranıb. Ancaq bütün bunlara baxmayaraq, hakim “Gürcü Arzusu” partiyası davamlı olaraq iddia edir ki, ölkə 2030-cu ildə Aİ üzvlüyü əldə etmək yolunda irəliləyir. Moskva isə qanunu alqışlayıb. Kremlin sözçüsü Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov Gürcüstan hökumətinin qanunu qəbul etməsini təqdir ediblər. Artıq qanunun ləğvi tələbi ilə Gürcüstan Konstitusiya Məhkəməsində beş iddia qaldırılıb. Məhkəmə sentyabrın 1-də üç günlük dinləmələri başa çatdırıb, amma heç bir hökm çıxarılmayıb. Qanuna cavab olaraq Birləşmiş Ştatlar onun qəbulunda iştirak edən Gürcüstan rəsmilərinə viza qadağaları elan edib, ikitərəfli münasibətləri hərtərəfli nəzərdən keçirməyə başlayıb. AzadlıqRadiosu

Chosen
6
xural.com

1Sources