EN

Xronika: - Ağ rəngli yer adları: Qərbi Azərbaycanın unudulmaz xəritəsi

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də “Ağ rəngli yer adları: Qərbi Azərbaycanın unudulmaz xəritəsi" adlı süjet hazırlanıb.

“Report” xəbər verir ki, bugünkü süjetdə ermənilərin “addəyişmə terroruna” məruz qalan Ağyarğan, Ağyoxuş oronimləri, Ağyoxuş və Ağqıraq toponimləri haqqında söz açılır.

Bildirilir ki, tarix boyu Qərbi Azərbaycan torpaqları zəngin mədəni irsə və qədim türk-oğuz mənşəli toponimlərə malik olub. Lakin son əsrlər bu ərazilərdə baş verən siyasi dəyişikliklər nəticəsində ermənilər tərəfindən bir çox yer adları dəyişdirilib və ya tamamilə silinib.

Ağyarğan - Dərələyəz mahalının Paşalı, yəni Əzizbəyov, Vayk rayonunda dağ adıdır. Hündürlüyü 2 528 metr olan bu oronimin adı erməni mənbələrində Ağyorğan formasında qeyd edilir.

Ağyoxuş - Göyçə mahalının Basarkeçər, yəni Vardenis rayonundakı Sultan Əli qışlağı/Canəhməd kəndində aşırım adıdır.

Ağyoxuş - Göyçə mahalının Basarkeçər, yəni Vardenis rayonunda kənd olub. Kənddə 1831-ci ildə 192 nəfər azərbaycanlı yaşayıb. Lakin sonralar kənddə yaşayanlar haqqında məlumat yoxdur. Kəndin sakinləri 1988-ci ildə Ermənistan dövləti tərəfindən məcburi qovulublar.

Ağqıraq - Göyçə mahalının Qaranlıq, yəni Martuni rayonunda kənd olub. Kəndin qədim adı Ağqıraq olsa da sonralar erməni mənbələrində Əliqırıq, Əliqrağı, Əliqraq kəndi kimi sabitləşib. 1828-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşayıb. Türkmənçay müqaviləsindən sonra Ağqıraq kəndinə ermənilər 1829-1830-cu illərdə Türkiyənin Alaşkert və Van bölgələrindən köçürülüb, azərbaycanlılar deportasiya olunub. Kəndin ərazisində türklərlə bağlı 8-9-cu əsrlərə aid tarixi abidələr var. 1935-ci il yanvarın 3-də kəndin adı dəyişdirilib Astğadzor qoyulub.

Sonda vurğulanır ki, tarix unudulmadığı kimi, torpaq, yurd yerləri də unudulmur və xalqın, millətin qan yaddaşlarına həkk olunur: “Bu yerləri yadlaşdırmaq istəyən ermənilərin tarixi adları məhv etmək cəhdləri isə zaman-zaman iflasa uğrayır. Təbii ki, erməniləşdirilən torpaqlarımızın türk-oğuz adları, tarixi həqiqətlər, itirdiyimiz kəndlərin acı hekayəsi, bir sözlə, Qərbi Azərbaycanın silinməyən izləri daim yaşayacaq”.

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasını, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı qayıdış konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Chosen
11
2
far.az

10Sources