EN

Aşıq Ələsgərin abidəsi vandal hücumuna belə hədəf oldu...

Image

“Adım Ələsgərdi, Göyçə mahalım!” demişdi ustad aşıq Ələsgər şeirlərindən birində. Bu şeirdə aşığın adı, ünvanı, eli-günü, milli kimliyi, Göyçənin qayım-qədim türk yurdu olduğu bəyan edilib. 203 il bundan əvvəl Göyçə mahalının Ağkilsə kəndində doğulan aşıq Ələsgər bütün dövrlərin ustadıdır. Ələsgər türk dünyasının elə böyük aşığıdır ki, onu nə qədim dövrdə, nə yaşadığı çağda, nə də indi kiminləsə müqayisə etmək mümkündür. Ələsgər bənzərsiz və təkrarsız bir saz-söz ustadıdır. Deyərdim ki, cəmi aşıqların ustadıdı, sazda və sözdə istinad yeridir. 

Aşıq Ələsgərin yaradıcılığı bir tarixdir və tarixi istinad mənbəyidir desək yanılmarıq. Onun şeiriyyəti ilə tanış olmaq kifayət edər ki, o dövrün siyasi-ictimai mənzərəsini aydın şəkildə təsəvvür edəsən. 

Erməni daşnaklarının Qərbi Azərbaycanda törətdiyi qırğın və vəhşilikləri, talanları, zülmləri, deportasiyanı ustad sənətkar da görüb, yaşayıb. 

1918–1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdu. İki ilə qədər yaxın Kəlbəcərin Yanşaq kəndində məcburi köçkün kimi yaşayan ustad  sonradan Tərtərə köçüb, bir neçə ay da orada qalıb. Bu yerlərin hər birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. Qəlbi tez-tez qubarlanır, gözünü açıb gördüyü doğma yerlər: Sarınər, Murovdağ, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün darıxırdı.

Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıdır və  ömrünün son illərini doğma kəndində yaşayır. Araşdırmaçıları yazır ki, ancaq onun çal-çağırlı günləri qurtarmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi. Səksəni, doxsanı keçibdir yaşım,
Əzrayıl həmdəmim, məzar yoldaşım.
Gor deyə tərpənir bəlalı başım,
Daha köç təbilin çal, qoca baxtım.

Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu kənddə vəfat edir və Ağkilsə qəbiristanlığında dəfn olunur. Aşığın ölümündən sonra Azərbaycan folklorçuları onun əsərlərini toplayıb yazıya alaraq  nəşr ediblər. 

Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında aşıq Ələsgərin vaxtilə Göyçə mahalında ucaldılan qəbirüstü abidəsi barədə də danışıb: “Hamımız yaxşı bilirik ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar”. 

Prezident olduqca vacib bir məsələyə toxunub və tariximizin unudulmaz bir məqamını xatırladıb. 

Bəli, ustad aşığın məzarı uzun illər göyçəlilərin, eləcə də digər mahallarımızdan olan insanların ziyarət yerinə çevrilib. Müqəddəs ocaq, pir kimi biliblər ustadın məzarını. Aşıqlar, el şairləri, sazsevərlər, sadə insanlar vaxtaşırı ustadın son evini ziyarət ediblər. 

Sovet hakimiyyəti və ermənilər aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsinə, onun qəbiüstü abidəsinin qoyulmasına elə də maraq göstərmirdilər, heç bunu yada belə salmırdılar. Baxmayaraq ki, Göyçə camaatı ustadın qəbirüstü abidəsinin ucaldımasını çox arzu edirdi. Onların bu arzusunu ulu öndər Heydər Əliyevin təşəbbüsü gerçəkləşdirdi. Aşıq Ələsgər irsinə ən böyük qiyməti ilk dəfə Heydər Əliyev verib.  

1972-ci ildə  Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilib. O günlərin şahidləri bildirir ki, aşıq Ələsgərin 150 illik yubileyi  Sovet İttifaqı miqyasında qeyd edilib. 150 illiyi münasibətilə ustadın məzarı üzərində qəbirüstü abidə ucaldılıb. 

Amma təəssüflər olsun ki, erməni şovinistləri, millətçilik virusu ilə zəhərlənmişlər yenidən azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya edilməsi ilə bağlı məkrli plan hazırlayaraq onu həyata keçiriblər.  

Beləliklə, xalqımızın deportasiyanın üçüncü dalğası baş tutur, azərbaycanlılar öz yurdlarından zorla qovularaq çıxarılır. 

Bundan sonra erməni şovinistləri, terrorçu Ermənistan dövləti Qərbi Azərbaycandakı abidələrimizə qarşı vandalizm siyasəti həyata keçirməyə başlayır. Ermənilərin dağıdıb məhv etdiyi abidələrdən biri də aşıq Ələsgərin Basarkeçər rayonunun Ağkilsə kəndindəki qəbirüstü abidəsidir. Beləliklə, ustadın abidəsi ermənilər tərəfindən amansızlıqla məhv edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti UNESCO-ya daxil edilib. Amma təəssüflər olsun ki, UNESCO yaradıcılığı ümum­bəşəri sərvət kimi böyük dəyərə malik olan Aşıq Ələs­gərin Qərbi Azərbaycandakı məzarının dağıdılması ilə əlaqədar hər hansı bir rekasiya vermədi, bu vandalizm aktını pisləmədi. Halbuki, aşıq sənətini ümumbəşəri dəyər kimi qorumağa borclu olan UNESCO Ermənistana qarşı mütləq bir addım atmalı idi, amma atmadı... 

Onu da deyək ki, ermənilər 1935-ci ildə Ağkilsə kəndinin adını dəyişdirərək Azat qoyublar. 

Aşıq Ələsgərin qəbirüstü abidəsini dağıtmaqla ermənilər özlərinin əsl xislətlərini bir daha büruzə veriblər. Bununla guya azərbaycanlıların izlərini tamamilə o torpaqlardan silməyi bacaracaqlarına ümid ediblər, amma yanılıblar. Qərbi azərbaycanlılar o torpaqlara qayıtmaq istəyindən heç zaman imtina etməyib və günlərin birində yenidən öz evlərinə dönəcəklərini yaxşı bilirlər. Necə ki, 1918-ci ildə öz evindən didərgin salınan   dədə Ələsgər bir neçə il sonra öz doğma kəndinə qovuşmuşdu, eləcə də göyçəlilər və Qərbi Azərbaycanın digər bölgələrindən olan soydaşlarımız öz vətənlərinə dönəcəklər. Aşıq Ələsgərin, necə-neçə ustad aşığın sönmüş ocağını yandıracaqlar, kökdən düşmüş sazlarını kökləyib çalacaqlar.  

Aşıq Ələsgəri bu xalqın yaddaşından heç zaman silmək mümkün olmayacaq. Ustad aşığın xatirəsi hər zaman Azərbaycan dövləti tərəfindən uca tutulur və bu gün də belədir. 

Onu da qeyd edək ki, 1997-ci ildə Heydər Əliyevin  sərəncamına əsasən, Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə təntənə ilə keçirilib, Gədəbəydə Aşıq Ələsgər adına Aşıq Məktəbi açılıb. Azərbaycan Aşıqlar Birliyi 2011-ci ili “Aşıq Ələsgər ili” elan edib. Prezident İlham Əliyev 18 fevral 2021-ci il tarixli “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin sərəncama əsasən sentyabrın 30-da paytaxt Bakıda Aşıq Ələsgərin abidəsinin açılışı oldu. Açılışda Prezident İlham Əliyev də iştirak və çıxış etdi.  

İradə SARIYEVA





Chosen
18
baki-xeber.com

1Sources