EN

Tarixi ədalətin bərpası Azərbaycanın strategiyasının mühüm hissəsidir

Prezident İlham sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında çıxışında bir sıra vacib məsələlərə toxunub.

Əvvəlcə onu qeyd edək ki, 2021-ci ildə ölkə başçısı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi - 200 illik yubileyi dövlət səviyyəsində qeyd edilməsi və abidəsinin ucaldılması ilə bağlı iki sərəncam imzalamışdı.

Aşıq Ələsgər Azərbaycanın aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olmaqla bərabər həm də deportasiya qurbanlarından biri idi. Ömrünün 100 ilinə yaxınını qədim Türk torpağı olan Göyçə mahalında yaşamış, yaratmış sənətkar 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoyması nəticəsndə yur-yuvasından didərgin düşmüşdü. Amma onun Vətən, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıdıb və bir neçə ildən sonra orada vəfat edib.

Bir tarixi məqamı da vurğulayaq ki, 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi Sovet İttifaqı miqyasında qeyd olunub, bu çərçivədə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılıb. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıdıblar.

Bu konteksdə Prezidentin “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”, - bəyanatı çox önəmlidir. Biz daha əvvəl verilən və həyata keçirilən vədləri unutmamalıyıq.

Prezident İlham Əliyev də çıxışında Qarabağda, Şərqi Zəngəzurda tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimizə, qəbiristanlıqlarımıza erməni vandalları tərəfindən dağıdılmasına diqqət çəkidi. Vurğuladı ki, bu yeni təcrübə deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı ədalətsizlik, vəhşilik törədilib.

Preidentin çıxışında cəmiyyətimizə verdiyi yeni mesajlar həm də ümidlərlə doludur. Ölkə başçısı bir əsrdə yaşadığımız 3 deportasiya dalğasını xatırlatdı:

“1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.

Prezident dedi ki, dogma torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər:

“Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar, məktəblilər məktəbə gedirlər. Birinci dərs günü bunu göstərdi. Yəni, sözün əsl mənasında, bütün bu bölgələrdə və bütün Azərbaycanda bayram ab-havası idi. Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar”.

Dövlət başçısı çıxıçında xalq-iqtidar birliyinin proseslərdə oynadığı mühüm önəmə diqqət çəkdi. Onun sözlərinə görə, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz.

Ölkə başçısı müşahidələri də maraq doğurur. Qeyd etdi ki, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırıb.

Prezident bəyan etdi ki, hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir:

“Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Antiterror əməliyyatından keçən il ərzində biz bunu görürük. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər bizə qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir”.

Yekunda qeyd edək ki, Azərbaycan dövləti regionda və dünyada nüfuzlku, güclü dövlətlər sırasında öz yerini qorumaq və daha da irəliyə getmək üçün strategiyasını səbrlə, addım-addım həyata keçirir. Ötən 4 ildə çox böyük məsafə qət edilib, ölkəmizin bir hissəsi işğaldan azad edilib, dövlət suverenliyi dövlət müstəqilliyi əldə olunduqdan sonra ilk dəfə tam olaraq ölkə ərazisində bərqərar olunub.

Qarşıda yeni hədəflər var və Prezidentin çıxışından məlum olur ki, onların həyata keçirilməsi üçün ilk növbədə tarixi ədalətin bərpası Azərbaycanın strategiyasının əsas hissəsidir.

Polad Mehdi

Vəkillər Kollegiyasının üzvü

Chosen
14
e-huquq.az

1Sources