EN

Adenauer, Motsart, Aşıq Ələsgər 

Payızın yağışlı bir bazar günündə Kölndə gəzirik.

Birdən qarşımıza qəribə bir heykəl çıxır…
“Bütün zamanların ən böyük almanı” adlandırılan Almaniyanın ilk kansleri olan Konrad Adenauerin (1876-1967) heykəlidir.
“Üç ən böyük alman kimdir?” sualına almanlar üç nəfərin adını çəkirlər:
Konrad Adenauer, Martin Lüter və Karl Marks.

Almaniyada ən çox heykəli olan adam ölkəni II Dünya müharibəsinin dağıntıları altından çıxarmağa nail olmuş Adenauerdir. O günə qədər Kölndəki Adenauer heykəlinin ancaq fotosunu görmüşdüm və böyük dövlət xadiminı niyə belə sadə bir heykəl qoyulduğunu sual etmişdim.

Yaxından görəndə ağzım açıq qaldı, qarşımızda qeyri-adı, yalın və yavan bir abidə durmuşdu. Adenauer siyasi karyerasının başında 16 il Kölnün ober-burqomistri (meri) olmuşdu. Şəhər əhalisi istəsə ona daha ehtişamlı bir abidə də ucalda bilərdi. Ancaq ağıllı xalq sovetin göstərişli və ya “nasional-demokratların” ağır, monumental tərzini kənara itələyib, daha anlamlı bir əsər çıxardılar ortaya…

***

Aşıq Ələsgər heykəlini onun emalatxanada yapıldığı dövrdən bilirəm.

Hazırlıq mərhələsini dəqiqələrcə izləmişdim.
Görkəmli heykəltəraşımız Natiq Əliyevin əlində paralel olaraq üç iş vardı o zaman.
Ancaq o, bütün enerjisini, sevgisini böyük saz və söz ustasına verdi.
Günlərlə emalatxanadan evə getmir, gündə bir dəfə, axşam vəfalı həyat yoldaşı Dürdanə Vəkilovanın gətirdiyi yeməkdən tələsik yeyib, 4 metrlik heykəl üzərində çalışırdı.
Heykəl yapmaq, daşı təraş etmək fırça ilə işləmək deyil deyə düşünmüşdüm əziz dostumun çalışmasını müşahidə edərkən…

1990-cı ilin axırı idi.
Bakı əli qana bələnmiş Qızıl Ordunun nəzarətində idi. 
O vaxt Natiq nə professor idi, nə də xalq rəssamı, heç bir rəssamlıq akademiyasının üzvü də deyildi, hələ əsərləri dünyanın böyük şəhərlərini süsləyib bəzəmirdi. 
30 yaşlarındakı gənc bir oğlanın Əliağa Vahid heykəli başını qara buludlar almış Bakının boz həyatına bahar çiçəyi kimi sevinç çiləmişdi.
Natiqin Rahib Həsənovla birlikdə yapdığı heykəl bir qədər təsəlli vermişdi acılı millətə.
Heykəli görən hər kəs Vahidin üzündəki qırışları millətin dərd yumağına bənzədirdi. 

Əliağa Vahidin büstü filarmoniya bağına qoyulanda mən hələ Natiqi  tanımırdım. Aradan illər keçdi, dostlaşdıq, onun saysız-hesabsız uğurlarına şahid oldum, sevindim.
Avstriyada, Motsartın doğulduğu Zalsburqu gəzərkən Bakıdakı Motsartın abidəsini xatırlamışdım. Avstriya kansleri Bakıya səfər zamanı “Dünyadakı ən gözəl Motsart heykəli Bakıdakı abidədir” demiş və Natiq Əliyevi bu ölkənin “Qızıl Cəngavər” ordeni ilə təltif etmişdi…

Aşıq Ələsgər heykəlini yapma, təraşlama mərhələsində görəndə bəyənmişdim. Bu gün isə o əsərə daha fərqli bir anlam qatıram. Ancaq heykəli yaxından görmədən tərs bir rakursdan uğursuz çəkilmiş (bəlkə də bilərəkdən elə çəkilmiş) bir foto ilə qiymət verənlərə etməyin, eləməyin demədən əvvəl gedin görün deyir, 4 metr yüksəklikdə olmasına rəğmən ona “balaca heykəl” deməyə tələsənlərə dayanın bir söyləyir, heykələ büst deyən jurnalistlərə isə  aradakı fərqi bilin deyə səslənmək istəyirəm. Postament üzərində sosialist realizminin insana basqı quran nəhəng heykəllərinə olan göz alışqanlıqlarından uzaqlaşıb, yeni, fərqli sənət axınlarına da baxmaq lazımdır, məncə…

Sazın səsini bilməyənlər “saz elə çalınmaz” deyib Natiq Əliyevin qurduğu obraza, dərin fantaziyasına müxalifət edir. Halbuki bir az diqqətlə baxanda o heykəldə istəyən Aşıq Ədalətidə görür, onun tilsimli ifasını da… 
Bizim “hərşeyşünaslar” görəsən son dəfə nə zaman saz dinləyiblər, Aşıq Ələsgərin kitabını axırıncı dəfə nə zaman vərəqləyiblər? 
“Nə dəxli var, biz heykəli tənqid edirik” deyəcəklər.
Bunu deyənlərin çoxu da milli ruhdan yoxsul, rus dilinin qatı təbliğatçıları, Tolstoyevski adlandırdığım qaragüruhdur. 

Gülməlidir, vallah…ancaq daha çox ağlamalı, çünki onlar Aşıq Ələsgər heykəlinin sadəcə bir mədəniyyət məsəli deyil, həm siyasi bir olay olduğunun da fərqində deyillər. Heykəlin açılışındakı mesajların, Ağkilsə, Qərbi Azərbaycan vurğularının nə demək olduğunu da bilmirlər…

Bir neçə il əvvəl emalatxanada heykəlin hələ bitməmiş konturlarına baxanda Aşıq Ələsgərin açılmış qolların gözümün önünə Göyçəni, Qaraqoyunlu dərəsini, solu Borçalı, sağı Qazax üzü Azərbaycanın dərinliyinə doğru uzanan qədim mədəniyyətləri, onun bir parçası olan telli sazı və onun ölməz Misri havasını gətirmişdi…Koroğlu və onun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi canlanmış xəyalımda…Və o dəliləri alatoranda sıldırım qayalardan Şuşaya dırmandıqlarını görmüşdüm…

Ən böyük almanlar, ən böyük alimlər, ən böyük komandanlar…İnsanoğlu sevir belə təsnifatları…Ən böyük Saz Ustadı, Aşıq deyəndə bizim ağlımıza da Böyük Aşıq Ələsgər gəlir.
Onu əbədiləşdirənlərə eşq olsun!

Chosen
22
1
modern.az

2Sources