EN

Azərbaycanın və Braziliyanın prokurorluq orqanları əməkdaşlığı genişləndirir

Bakı, 1 oktyabr, AZƏRTAC

Sentyabrın 1-də Baş prokuror Kamran Əliyev Bakıda keçirilən 29-cu İllik Konfransda və Ümumi Yığıncaqda iştirak edən Braziliya Federativ Respublikasının Baş prokurorun müavini Paulo Buqarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Baş prokuror qeyd edib ki, 1991-ci ildə Braziliya Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb, 1993-ci ildə isə ölkələrimiz arasında diplomatik əlaqələr qurulub.

Həmin vaxtdan etibarən iki ölkə arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələr müsbət məcrada inkişaf edir. İki ölkənin dövlət başçıları arasında münasibətlərin yaxşı olması qarşılıqlı əlaqələrin bütün sahələrinə özünün müsbət təsirini göstərir.

Qeyd olunub ki, Cənubi Amerikada ən böyük dövlət olan Braziliya Federativ Respublikası ilə Cənubi Qafqazın ən böyük dövləti Azərbaycan arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafı hər iki ölkənin prokurorluq orqanları arasında yaxşı əlaqələr qurmağa imkan verir. Braziliya Federativ Respublikasının prokurorluq orqanının Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransında və Ümumi Yığıncağında iştirakı iki ölkə arasındakı əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror COP29-un iqlim dəyişikliyinə qarşı mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.

Braziliya Federativ Respublikasının Baş prokurorun müavini Paulo Buqarin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın genişlənəcəyinə eminliyi ifadə edib.

Görüşdə, həmçinin, Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz da iştirak edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Chosen
13
1
azertag.az

2Sources