EN

Bakıdakı Rus evində Aleksandra rus-müsəlman qız məktəbi haqqında leksiya olub

Bakı, 1 oktyabr, AZƏRTAC

Bakıdakı Rus evində Azərbaycanda müsəlman qızlar üçün ilk dünyəvi məktəbə həsr olunmuş sərgi və Rüstəm Hüseynovun leksiyası olub.

AZƏRTAC xəbər verir ki, tədqiqatçı Rüstəm Hüseynov qızlar üçün ilk dünyəvi məktəbin yaradılmasının təfərrüatları, bu yeniliyə ictimai reaksiya və təzyiqlərdən, müəllimlərin tapılması ilə bağlı çətinliklərdən, həmin təhsil ocağının kollektivi və qəyyumlarının keçdiyi yollardan, onun nüfuzu və dövrünün ən yaxşı məktəbləri arasında layiqli yerindən, ilk müəllimlər və məzunların gələcək taleyindən ətraflı bəhs edib.

Bakı Aleksandra rus-müsəlman qız məktəbi həmin dövrdə təkcə Azərbaycanda deyil, həm də Yaxın və Orta Şərqdə qızlar üçün birinci dünyəvi məktəb olub. Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşovun təşəbbüsü ilə yaradılan və Kazandan xüsusi dəvət olunmuş qadın müəllimlərin dərs dediyi bu məktəb Azərbaycanda qızların dünyəvi təhsilinin təməlini qoyub. Memar İosif Qoslavskinin rəhbərliyi ilə onun üçün xüsusi olaraq tikilmiş, dövrünün ən son texnologiyası ilə təchiz edilmiş, mükəmməl kitabxanası, güclü pedaqoji kollektivi olan binada yerləşən məktəb qısa müddətdə nümunəvi təhsil ocağına çevrilib, eyni zamanda, burada böyük ədəb və erudisiyaya önəm verilirdi. Məktəbdə teatr, xor, ədəbiyyat dərnəkləri fəaliyyət göstərirdi.

Bu məktəbi bitirən qızlar Azərbaycanda ilk qadın müəllimlərdən ibarət kadr bazasının əsasını təşkil edirdilər. Məzunların bir çoxu məktəbi bitirdikdən sonra təhsillərini davam etdiriblər, ilk azərbaycanlı alim qadınların əksəriyyəti Aleksandra rus-müsəlman qız məktəbinin məzunları olublar.

Tədbirə gələn qonaqlara məktəbin, onun kollektivinin, tədris proseslərinin, buraxılış mərasimlərinin nadir arxiv fotoşəkillərindən ibarət sərgi təqdim olunub. Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşovun şagirdlərlə birgə məktəbin ilk buraxılış mərasimindən çəkilmiş fotoşəkillər, məktəbin təlim-tərbiyə prosesləri və gündəlik həyatına aid kadrlar iştirakçıların böyük marağına səbəb olub.

Chosen
2
azertag.az

1Sources