EN

İran-İsrail müharibəsi baş verərsə, Azərbaycan üçün CİDDİ RİSK: Miqrant axını ola bilər...

İsrail İrana bildirib ki, Livanla toqquşmaya müdaxilə etsə İrana birbaşa zərbələr endirəcək.


Belə olan halda Azərbaycanı hansı təhlükə gözləyir? Azərbaycan hansı mövqeni nümayiş etdirəcək?


Politoloq Turan Rzayev Referans.az-a açıqlamasında bu sualları cavablandırıb.




“İran və İsrailin birbaşa toqquşmaya girmə ehtimalları, əslində, o qədər də çox deyil. Çünki bu iki ölkə faktiki olaraq müharibə vəziyyətindədirlər. Bu, rəsmi elan edilmiş müharibə olmasa da, mövcud vəziyyət müharibə vəziyyətidir. Hazırda İsrailin apardığı əməliyyatlar da müharibə mahiyyətli deyil, antiterror xarakterli əməliyyatlardır. Biz burada Livan-İsrail müharibəsinin şahidi olmuruq. İsrail, ümumiyyətlə, Livan mərkəzləri vurmur, vurulan mərkəzlər Livandakı Hizbullah mərkəzləridir”.


Politoloq qeyd edib ki, İranla İsrail arasında ehtimal olunan lokal toqquşmalar, müharibə olarsa, təbii ki, bu, Azərbaycana təsirsiz ötüşməyəcək.


“Rəsmi Bakı birinci növbədə bu iki ölkə arasındakı bütün gərginliklərdə neytrallığını qeyd edib və heç bir ölkəyə digər ölkəyə zərbələr vurmaq üçün ərazilərini açmır. Bu, bizim neytrallığımızın real göstəricisidir. Amma İrana vurulacaq zərbələr və müharibənin İran ərazisinə keçməsi fonunda, təbii ki, İrandan başda güney azərbaycanlılar olmaqla şimala axın baş verəcək. Bu da Azərbaycanı ciddi miqrant böhranına sala bilər. Prinsipcə, biz o qədər insanı ərazimizdə saxlaya bilməyəcəyik. Bu, Qarabağ müharibəsindəki qaçqınlardan sonra ikinci ciddi bir problem ola bilər”.


Turan Rzayev bildirib ki, Azərbaycan üçün risk faktorları hər zaman mövcuddur.


“Neytrallığımızı daim qorusaq da, bizi müharibəyə çəkmək istəyən tərəflər mütləq ki olacaq. Bundan əvvəl də bənzər girişimlərin biz şahidi olmuşuq.  Amma Azərbaycan tərəfi bütün münaqişələrin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq və sülh yolu ilə həllinə maraqlı olduğunu bildirib. Biz bu mövqeyimizi qoruyacıyıq və maksimum dərəcədə proseslərdən kənarda qalmağa çalışacıyıq”.

 

Fidan Vəlisoy  

Chosen
10
referans.az

1Sources