EN

"Oğlanlarımız azərbaycanlı xanımlardan incik düşüblər"

Azərbaycanlıların əcnəbilərlə evlənməsi artıq adi bir hala çevrilib.

 

Bunu Modern.az-a açıqlamasında yazıçı, kulturoloq Aydınxan Əbilov bildirib.

 

O qeyd edib ki, dünyada millətlərin modern formada köçü başlayıb.

 

"İnsanlar yerdəyişmə edir, işləmək, yaşamaq, yaxud hansısa səbəbdən bir ölkədən digərinə gedir. Azərbaycanda bu proses biraz fərqlidir.  Ölkəmizdə insanlar daha yaxşı yaşamaq, “cənnətə düşmək” üçün xarici ölkələrə axın edirlər. Çünki ölkəmiz iqtisadi baxımdan kiçik bir bazara malikdir. Fərdin burada özünü göstərməsi Türkiyədə, ABŞ-də, Səudiyyə Ərəbistanındakı kimi bizneslə məşğul olaraq milyoner olması, demək olar ki, imkansızdır. Ona görə də bir qədər özünə gələn xüsusilə bəylərimiz təhsil dalınca getdikləri ölkədə əcnəbi xanımlarla evlənir. Bu normal qarşılanmalıdır, çünki həmişə belə olub. Oğlanlarımız vaxtilə Türkiyədə, Ukraynada, Rusiyada, Baltikyanı respublikalarda xanımlarla evlənirdi. Ulu Öndər Heydər Əliyevin Rusiyanın nüfuzlu universitetlərində oxumaq üçün azərbaycanlıları oraya yönəltdiyi vaxtlarda da gənclərin böyük hissəsi həmin xalqların nümayəndələri ilə evləndi", - kulturoloq vurğulayıb.

 

A.Əbilov bildirib ki, müstəqillik dövründən üzü bəri ölkəmizdə beyin axını baş verir:

 

“İnsanlar varlanmaq, öz ideyalarını həyata keçirmək, açılışmış dünyada yaxşı mövqelər əldə etmək üçün başqa ölkələrə üz tutdular. Yaxın qonşu ölkələr, MDB ölkələri, ərəb ölkələri, sonuncu mərhələdə isə Avropa ölkələri, Kanada və Avstraliya kimin ölkələrə mühacirətə gedən gəncləri sayı çoxaldı. O gənclər orada yaşıdları, həmkarları ilə müxtəlif münasibətlərdə oldular. Əvvəl dostluq münasibətləri sonra yerini ictimai daha sonra isə rəsmi nigaha buraxdı. Gənclərimiz buna məcbur idi, çünki 130-140 oğlana qarşı ölkəmizdə 100 qız dünyaya gəlirdi. Gənc oğlanlarımız məcbur idilər ki, əcnəbi xanımlarla evlənsinlər".

 

Müsahibimiz qeyd edib ki, azərbaycanlı qadınların da burada rolu var:

 

“Qadınlarımız boşanmağa meyillidir. Hər kiçik məsələdə, qısqanclıqda, maddi sıxıntıda boşanmağa üz tuturlar. Bu boşanmalar nəticəsində də subay qalan gənclərimiz taleyilə barışmır və xaricə axın etməyə başlayır. Onlar bir növ azərbaycanlı xanımlardan incik düşüblər. Əlbəttə bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, bəylərimiz bəylərimiz sevgilərini xaricdə axtarı tapa, uzunmüddətli nigaha daxil ola bilirlər. Üstəlik iqtisadi və intellektual cəhətdən bizdən üstün olan millətlərin nümayəndələri ilə ailə quran gənclərimizin karyera qurmaq imkanı daha da artır.

 

Kulturoloq sonda vurğulayıb ki, qarışıq millətlərdən dünyaya gələnlərin Azərbaycanın milli diasporuna çevrilməsi ölkəmizin mənafeyinin qorunmasında rolu böyükdür:

 

“Qonşu Rusiyada azərbaycanlılar ancaq bazarda meyvə, gül, göyərti satan kimi qəbul olunurdu. Amma illər keçdi və qan dəyişikliyi oldu. Cavanlarımız rəsmi və vətəndaş nikahı ilə çoxlu evliliyə malik oldular. Azərbaycan və Rusiya arasındakı münasibətlər ancaq dövlət başçıları səviyyəsində tənzimlənirdi. Amma orta və aşağı səviyyədəki azərbaycanlı valideynlərin övladları böyüyüb cəmiyyətdə yer tutduqdan sonra ölkələr arasındakı münasibətlərin yüksəldilməsinə kömək etdilər. Burada müsbət tərflərlə yanaşı mənfi tərəflər də var. Ola bilər ki, genofondumuza hansısa mənfi təsiri olsun.Amma istənilən Azərbaycan xalqı sintetik cəmiyyətə malikdir. Vaxtilə bizdə yunanlar, romalılar da yaşayıb. Qafqaz xalqları və alban kilsələri bunları sübut edir. Eyni zamanda vaxtilə altaydan gələn türklər və ərəb və farslarla birləşməyimiz də baş verib. Azərbaycan milləti kimi millətlərə elmdə super etnos deyirlər. Bu etnosların dünyanı idarə edilməsində rolu çox böyükdür. Bir çox xalqlar tərəfindən yəhudilər, amerikalılar, iranlılar super etnos sayılır.  Bu etnoslar dünyanın gedişatını idarə etmək iqtidarına malikdirlər. Əlbəttə ki, gənclərimizin azərbaycanlılarla evlənməsini istərdik. Obyektiv və subyektiv səbəbləri nəzərdən qaçırsaq bu məsələyə ancaq mənfi yanaşa bilərik. Amma hər bir məsələyə olduğu kimi bu məsələyə də müsbət tərəfdən yanaşmalı və müsbət cəhətlərini götürməliyik”.

Chosen
6
modern.az

1Sources