EN

70 dərdin dərmanı - Müalicəvi Naftalan nefti bölgəyə nə verəcək?

Naftalan şəhəri Azərbaycanın sağlamlıq turizminin mərkəzi hesab olunur. Bu şəhər şəfalı nefti ilə məşhurdur. Buradan çıxarılan neft görünüşcə adi sənaye nefti ilə oxşar olsa da, 70-dən çox xəstəliyi müalicə etməyə imkan verir. Naftalan şəhərində hotellər, SPA mərkəzləri və müalicəvi kurortlar mövcuddur. Bu infrastruktur həm yerli, həm də beynəlxalq turistləri cəlb edir. İnsanlar müalicə məqsədilə bura gəldiyi üçün daha uzun müddət qalmağı seçir. Turistlər arasında MDB məkanından olan ölkələrin vətəndaşları üstünlük təşkil edir.

Naftalan turizmi bölgənin iqtisadiyyatını gücləndirmək, yeni iş yerləri yaratmaq və yerli sakinlərin həyat səviyyəsini yüksəltmək üçün əhəmiyyətli rol oynayır. Turizmin inkişafı ilə bağlı strateji planlar və layihələr, Naftalanın gələcəkdə daha da tanınmasına və cəlbedici bir turizm mərkəzinə çevrilməsinə kömək edə bilər.

Milli.Az xəbər verir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Trend-ə bildirib ki, sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı tarixi qərardır.

"Əslində, məhz Naftalan neftinin dünyada tanıdılması istiqamətində müxtəlif instansiyalardan keçməsi özgüvəni artırır. Bu, daha çox sağlamlıq turizmi seqmentində turist axınına böyük imkanlar yaradır. Bundan öncə biz müəssisələr üçün hansısa Avropa sertifikatlarını alırdıq.

Düşünürük ki, standartların təsdiq olunması və dövlət səviyyəsində Elmi Araşdırmalar Mərkəzinin birgə səyləri müxtəlif qurumların, ictimai təşkilatların, birgə işçi qrupların da verəcəyi gələcək təkliflər, təbii ki, Naftalan neftinin ən azından keçmiş şöhrətinin qaytarılmasına və daha çox coğrafiyada Naftalan nefti ilə müalicə məsələlərinin müsbət həllinə təsir göstərəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyev Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncam Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə imzalanıb.

Nazirlər Kabineti altı ay müddətində Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Qanununa uyğun olaraq, "Naftalan" Kurortu haqqında əsasnaməni iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
8
2
milli.az

3Sources