EN

"Bizə "Kəpəz"ə uğurlar arzulamaq qalır" - Cabir İbrahimov premyer-liqada qalacaqlarına inanır

"Kəpəz" Misli premyer-liqasının 8-ci turunda "Zirə"nin meydanında böyükhesablı məğlubiyyətlə üzləşdi - 0:3.

Bəllidi ki, Gəncə təmsilçisi belə davam etsə, premyer-liqayla vidalaşmalı olacaq. Klub rəhbərliyinin bu yöndə bəzi tədbirlər gördüyünü bilirik. Heyətdə dəyişikliklər edilibsə, baş məşqçi Adil Şükürovun istefasından sonra Azər Bağırovla müqavilə imzalanıb. Lakin "sarı-göylər" hələ də mövsümdə ilk qələbəyə həsrətdi və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Bəs klub rəhbərliyi hadisələrin axarına yenidən müdaxilə edəcəkmi? "B planı" varmı?

Bu suallarla "Kəpəz"in icraçı direktoru Cabir İbrahimova müraciət etdik. Onun "Football-plus.az"a dedikləri:

"Düzdü, komandanın premyer-liqadakı çıxışı qənaətbəxş deyil. Ancaq bu o demək deyil ki, 1-ci liqaya düşəcəyik. Azər Bağırovun gəlişindən sonra yeni transferlər etmişik. Kollektivin birlikdə yaxşı nəticələr qazanacağına ümid edirik. Bütün işlər qələbələrin qazanılması üçün görülür. Müəyyən addımlar atılır və tezliklə müsbətə doğru məsafə qət edəcəyimizə əminəm. Həm rəhbərlik, həm də məşqçilər korpusu bu heyətlə premyer-liqada qalacağımıza inanır. Sadəcə, komanda özündə güc tapıb əzmkarlıq göstərməli və inamlı oyunlarla premyer-liqaya rəng qatmalıdı. Bizə "Kəpəz"ə uğurlar arzulamaq qalır".

KƏNAN BAHADIR

1Sources