EN

Fransanın Myuluz şəhərində yaşayan azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərlinin vəziyyəti ağır olaraq qalır.

Bu barədə onun qardaşı Oqtay İsgəndərli Vidadi İsgəndərlinin müalicə aldığı klinikanın baş həkimi ilə görüşündən sonra Turan agentliyinə bildirib.

"Fransada mühacir həyatı yaşayan qardaşım Vidadi İsgəndərli sentyabrın 29-da Paris vaxtı ilə saat 7.30-da naməlum şəxslərin hücumuna məruz qalıb. Yaşadığı evin pəncərəsindən 3 nəfər killer Vidadinin yataq otağına daxil olaraq ona çoxsaylı bıçaq zərbəsi endirib. Dünən mənə tam təfsilatlı məlumat verilmədi. Otuz saniyə Vidadi ilə söhbət etdim. Dedi ki, üç nəfər maskalı şəxs idi. Onlar danışmırdılar. Onu bıçaqla vurublar. Vidadi müqavimət göstərib və qaçıblar. Bu gün, sentyabrın 30-da hospitalın baş həkimi ilə görüşdüm. Baş həkim bildirdi ki, Vidadinin vəziyyəti olduqca ağırdır, çıxılmazdır. Səhərə yaxın vəziyyəti lap ağırlaşıb. Çox çətinliklə onu yenidən həyata qaytarıblar. Baş həkim dedi ki, qarın nahiyəsinə 21 bıçaq zərbəsi vurulub, bir bıçaq zərbəsi qara ciyərinə, ondan güclü bir bıçaq zərbəsi ağ ciyərinə (ağ ciyəri böyük həcmdə zədələnib) dəyib. Nəfəs alma prosesi çətinləşib. Daha bir bıçaq zərbəsi isə arxadan baş nahiyəsinə vurulub. Dedi ki, qanaxmanı saxlaya bilmirlər. Nəfəsi kəsilir, gedir-gəlmir. İndi qonşu Kolmar şəhərindən neyrocərrah çağıracaqlar ki, baş nahiyəsində cərrahi əməliyyat edilib-edilməyəcəyini müəyyən etsin. Onu nəzarətdə saxlayırlar. Çox ağır bir xəbər idi. Həkim dedi ki, ailəsini və uşaqlarını gətirin, ola bilər ki, bu onların son görüşü olsun. Mənim də telefon nömrəmi aldılar. Dedilər, hər şeyə hazır olaq. Soruşdum ki, onun yaşamaq şansı varmı? Həkimdən cavab almadım. Dedi ki, onlar əllərindən gələni edirlər. Amma biz hər şeyə hazır olmalıyıq. Vəziyyəti olduqca ağırdır. Yaşamaq şansı olduqca azdır", deyə Vidaqdi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli qeyd edib.

Fransa polisi Vidadi İsgəndərlinin fiziki hücuma məruz qalması ilə bağlı hələ açıqlama verməyib.

Xatırladaq ki, Vidadi İsgəndərli 2022-ci il iyunun 16-da da Fransada eyni şəhərdə fiziki hücuma məruz qalıb. O bildirib ki, qəfildən 10-12 nəfər silahlanmış insanlar onu öldürməyə cəhd ediblər. O zaman polis müəyyən etmişdi ki, bu, yerli kriminal qrupların işidir.

İsgəndərli hesab edirdi ki, sifariş Azərbaycan hakimiyyətindən gəlib.

Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyətin ünvanına sərt və emosional tənqidləri ilə tanınır.

O, 2011-ci ildə Bakıda saxlanılıb. Məhkəmə onu döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə ittihamı üzrə təqsirli bilərək 3,5 il azadlıqdan məhrum edib. O, 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığıa buraxılıb.

Hüquq müdafiəçisi hökmü qəbul etməyib və siyasi sifariş hesab edib.

İsgəndərli 2015-ci ildə Fransaya mühacirət edib.

Chosen
10
turan.az

1Sources