EN

Yaponiyada Fumio Kişidanın rəhbərlik etdiyi hökumət istefa verib

Yaponiyada

Pekin, 1 oktyabr, AZƏRTAC

Yaponiyada Fumio Kişidanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya hökuməti başçısının dəftərxanası məlumat yayıb. Bildirilir ki, sabiq Baş nazir Fumio Kişidanın kabinetində yer alan bütün hökumət üzvlər istefa ərizələrini yazıblar. Yaxın saatlarda yeni hökumət formalaşacaq. Yeni hökumətə hakim Liberal Demokratik Partiyanın (LDP) yeni sədri Siqeru İsiba rəhbərlik edəcək.

Siqeru İsiba F.Kişidanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar sentyabrın 27-də keçirilən seçkilərdə LDP-nin sədri vəzifəsinə gəlib.

Qeyd edək ki, 67 yaşlı Siqeru İsiba seçkiqabağı açıqlamalarında ölkəsini yüksək inflyasiya zonasından çıxaracağına söz verib. O, bərpa olunan enerji hesabına nüvə enerjisindən asılılığı azaltmağın tərəfdarıdır. Tokionun Vaşinqtonla müttəfiqliyinin möhkəmləndirilməsinin vacibliyini bildirən Siqeru İsiba regional təhdidlərə cavab olaraq NATO-nun Asiya versiyasını yaratmağı təklif edib.

Siqeru İsiba 2002-ci ildən 2004-cü ilədək Yaponiya Müdafiə Agentliyinin baş direktoru, 2007-ci ildən 2008-ci ilədək müdafiə naziri, 2008-ci ildən 2009-cu ilədək kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri vəzifələrində işləyib. 2012-ci ildə LDP-nin baş katibi, 2014-cü ildən 2016-cı ilədək yerli iqtisadi dirçəliş və əhalinin azalması ilə mübarizə məsələləri üzrə nazir vəzifəsini tutub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Chosen
30
1
azertag.az

4Sources