EN

Vətən müharibəsindən sonrakı 4 il və milli gəncliyin inkişafı...

Image

Müasir dövlətçilik tariximizdə xüsusi yeri olan və torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən, bizə möhtəşəm Zəfər bəxş edən  Vətən müharibəsinin başlamasının dörd ili tamam oldu.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Azərbaycan gənclərinin vətənpərvərlik hisslərinin ifadə olunmasında mühüm rol oynadı. 

Xalq olaraq gördük ki, son 30 ildə Azərbaycanda çox vətənpərvər, milli şüura bağlı, milli mənlik hissinə sahib minlərlə gənc yetişib. O gənclər ki, Vətən müharibəsində canları-qanları hesabına torpaqlarımızı işğaldan azad etdilər. 

Ekspertlər qeyd edirlər ki, vətənpərvərlik məfhumu isə öz məzmununa görə çoxşaxəlidir- amma milli mənlik şüuru ilə də paralel inkişaf trayektoriyasına malikdir. Təbii ki, bu hissin insanda lap körpə yaşlardan tədricən və nisbi formada təşəkkül tapdığını nəzərə alsaq, qeyd edə bilərik ki insan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss həm də öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir. Bu ekspertlərin fikridir. 

Vətən müharibəsi və vətənpərvər gənclik...

Çox müsbət haldır ki, gənclərimiz milli-mənəvi dəyərləri əxz edərək, onları dərk köynəyindən keçirərək yetişirlər. Prezident İlham Əliyev hər zaman çıxışlarında Azərbaycan gəncliyinin tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin qorunmasını ön plana çəkir və gənclərimizin 44 günlük müharibədə göstərdiyi rəşadəti, qəhrəmanlığı xüsusi vurğulayır. Ekspertlər hesab edir ki, milli-mənəvi dəyərlərimiz qorunduqca gənclərimiz xarici təsirlərdən tamamilə müdafiə olunur, onlar xarici təsirlər altına düşmürlər və beləliklə də, Azərbaycançılıq ideologiyası ətrafında birləşərək Vətənə, dövlətə, xalqa bağlı şəkildə inkişaf edirlər. Azərbaycan gəncliyinin milli ruhda yetişməsi 44 günlük Vətən müharibəsində özünü əyani şəkildə göstərdi. Bildiyimiz kimi, İkinci Qarabağ savaşında Azərbaycan gəncliyi üzərinə düşən böyük missiyanı kifayət qədər uğurla yerinə yetirdi. Bütün dünya buna şahid oldu. Təbii ki, bu gənclər İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər idi və onlar 44 günlük Vətən müharibəsində misli görünməmiş şücaət və qəhrəmanlıq göstərdilər, əsgər və zabitlərimiz Ermənistanın 30 illik işğalına son qoydu və düşmən tapdağında olan 20 faiz torpaqlarımızı azad etdilər. 

Ekspertlərə görə, 44 günlük Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində xüsusi bir hadisədir. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu itirdiyimiz torpaqları özümüzə qaytardı. Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə deyil,eyni zamanda, şəxsi şücaətləri ilə yadda qaldı. Qəlbi vətən eşqi ilə yanan mərd oğullarımız şanlı tariximizə öz qanları ilə yeni qələbə yazdılar.

Qalib dövlətin gəncləri... 

Gənclərimizdə vənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə, bütöv bir xalqın gələcəyini təmin edən amillərdəndir. Şübhəsiz ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir...

44 günlük Vətən müharibəsinin dörd illiyi günlərində gənclər məsələsi xüsusi diqqət çəkir. Vətən müharibəsindən dörd il sonrakı vəziyyətə diqqət yetirdikdə biz olduqca maraqlı bir mənzərə görürük. Son dörd ildə Azərbaycan gənclərini daha vətənpərvər, daha da özünə inamlı görürük. Onlar qalib dövlətin gəncləri olmaları ilə qürur duyurlar.  Bu gün Azərbaycan gəncləri bütün sahələrdə öz vətənpərvərlikləri ilə fərqlənirlər. Şəhidlərimizin və qazilərimizin həyatını, döyüş yolunu özünə örnək bilən gənclərimiz hər zaman Vətənin müdafiəsinə hazırdırlar. Bundan başqa 44 günlük Vətən müharibəsi gənclərimizdə öz yurduna bağlılığı, mənəvi dəyərlərimizi müdafiə edib qorumağı təqin etdi. Bu gün gənclərimiz Vətənə, dövlətə bağlılıqları ilə seçilir, Azərbaycan gənclərinin çox əhəmiyyətli hissəsi yad təsirlərdən uzaqdırlar, ziyanlı ideologiyara qarşı mübarizə cəbhəsində yer alıblar. 

“Müharibədən keçən bu dörd il ərzində gördük ki, bizim gənclərin vətənpərvərlik hissi tükənməzdir”

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, son dörd ildə yetişən gənclik torpağına, vətəninə çox bağlı, mütərəqqi bir gənclikdir. “Hesab edirəm ki, 27 sent6yabrdan başlanan bir Zəfər, qalibiyyət yolu, Qələbə cığırı açdı Azərbaycan gəncliyi, Azərbaycan Ordusu. Azərbaycan vətəndaşları gənclərimizin nəyə qadir olduğunu özü də gördü, bütün dünya da. Azərbaycan gənclərinin nümayiş etdirdiyi vətənpərvərlik bu müharibdə həlledici rol oynadı. Nəinki Qarabağ torpaqlarının işğaldan azad olunmasına vəsilə oldu, eyni zamanda da erməni mifini dağıtdı. “Dənzidən dənizə  Böyük Ermənistan” mifik ideyası vardı ki, onu Azərbaycan gəncliyi məhv etdi. Öz vətənpərvərlikləri ilə Azərbaycan gəncləri sübut etdilər ki, onun xalqının, dövlətinin torpaqlarını heç kimsə işğal altında saxlaya bilməz. İllərdir ki, vətənpərvər gənclik yetişdirilməsi, gənc nəslin bu ruhda formalaşdırılmasdı üçün təbliğat aparılıb. Hər zaman eşidirdik ki, məktəblərdəki vətənpərvərlik təbliğatının, keçirilən vətənpərvərlik tədbirlərinin nə nəticəsi var? Yəni çoxları düşünürdü ki, torpaqlar işğalda olduğu halda bunun xeyri, nəticəsi nədir? Amma Azərbaycan gəncliyi o təbiyyə və təbliğat üzərində formalaşdı və zaman çatanda bütün cəmiyyət bu gənclərin şücaətini gördülər. İstər 44 günlük müharibədə, istərsə də 23 ssatlıq lokal antiterror tədbirləri zamanı gəncliyimiz böyük bir vətənpərvərlik nümunəsi göstərdilər, dünyaya vətənpərvərlik dərsi keçdilər”-deyə M.Göyüşlü bildirdi.

M.Göyüşlü qeyd etdi ki, müharibəyə qədərki dövrdə gənclərə Azərbaycan tarixindən qəhrəmanlar göstərilirdi, Birinci Qarabağ Müharibəsində şücaət göstərən igidlərimizdən bəhs edilirdi, onların çoxsaylı qəhrəmanlıq nümunələri örnək göstərilirdi. M.Göyüşlü hesab edir ki, Azərbaycan gəncliyi bu gün tamamilə başqa bir ruhdadır: “Biz əvvəllər onlara qəhrəmanlarımız barədə danışırdıq. Düzdür, o zaman biz məğlub idik və müharibədə nəticımiz yox idi. Amma 44 günlük Vətən müharibəsində Azərbaycan gəncləri bu günkü gəncliyə örnək olan elə bir qəhrəmanlıq göstərdilər ki, o qəhrəmanlıq bütün dünyaya bir örnək oldu. Bizim gənclərimiz bütün dünyaya əsl qəhrəmanlıq salnamaəsinin necə yaradıldığını nümayi etdirdilər. Müasir gənclik özlərindən əvvəlkilərin qəhrəmanlığından böyük örnəklər götürürlər. Müharibədən keçən bu dörd il ərzində gördük ki, bizim gənclərin  vətənpərvərlik hissi tükənməzdir. Onlar şəhid və qazilərimizdən öyrəndikləri vətənpərvərlik dərslərini çox məharətlə əxz edirlər. Azərbaycan gəncliyi ənənəvi qəhrəmanlıq salnamələrimizə, tariximizə bağlı şəkildə inkişaf edir”-deyə M.Göyüşlü bildirdi. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.





Chosen
35
baki-xeber.com

1Sources