EN

İlk dəfə bacısının yerinə səhnəyə çıxdı və hamını “Süsən sünbül”lə ovsunladı - MÜSAHİBƏ

İlk

Bakı, 30 sentyabr, Fidan Əlizadə, AZƏRTAC

Müsahibimiz II “Muğam” Televiziya Müsabiqəsinin qaliblərindən biri, “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalının diplomantı, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Rəvanə Qurbanovadır. İstedadlı ifaçı uğura gedən yol barədə düşüncələrini AZƏRTAC-la bölüşüb.

- Xoş gördük, Rəvanə xanım. Bu sənətə gəlməyiniz və atdığınız ilk addımlar barədə danışardınız...

- Mənim kiçik yaşlarımdan musiqiyə, sənətə sevgim və marağım olub. Sənətdə ilk addımım isə gözlənilməz əhvalatla başlayıb. Belə ki, bir gün Şəki şəhərindəki “Ziyalılar evi”ndə müsabiqə keçirilirdi. Məndən 8 yaş böyük bacım müsabiqəyə yazılmışdı. Həmin gün bacım həyəcanlandığı üçün ifa edə bilmədi və bu halda mahnını mənim oxumağım təklif olundu. O zamanlar yaşım az olduğundan tək bildiyim mahnı “Süsən sünbül” idi. İfamın maraqla qarşılanması bu sənətə həvəsimi birə-beş artırdı. Doqquz yaşımda Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbində vokal, pianino, musiqi ədəbiyyatı üzrə dərslərə başladım. Oranı bitirib, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbi) təhsilimi davam etdirdim. Kollecdə bir il oxuduqdan sonra bilik və savadımla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) qəbul oldum. Yaşıdlarımdan fərqli olaraq, ali təhsil almağa bir il erkən başladım.

- Necə oldu ki, “Muğam” Televiziya Müsabiqəsinə qatıldınız?

- Universitet illərim maraqlı xatirələrlə doludur. İlk gündən anlamışdım ki, bu yol məni uğurlu sabahlara aparacaq. Düşüncəm məni yanıltmadı. Hələ birinci kursda oxuyarkən müəllimim, Xalq artisti Səkinə İsmayılova “Muğam” Televiziya Müsabiqəsinə sənəd qəbulu başladığını bildirərək, mənim də iştirakımı istədi. Sözün düzü, hələ muğamlarımızı yaxşı mənimsəmədiyimdən tərəddüd edirdim. Lakin, o, məni həvəsləndirdi. Müsabiqənin ilk günlərində çox həyəcanlanırdım. Elə bil bir balıq çaydan çıxıb, okeana düşmüşdü. Mən də həmin dövrdə özümü elə hiss edirdim. Amma zaman keçdikcə alışdım və özümü bu tərkibin bir parçası kimi hiss etdim. Hər həftə hamıdan fərqli seçim etdim, çox az istifadə olunan əsərləri öyrəndim. Ustadımın həmin ərəfədə mənə söylədiyi qiymətli nəsihətlər hələ də qulağımdadır: “Hər kəs bilən qəzəli ifa etmə. Çalış, çoxluğun içərisində mahnı seçiminlə fərqlənəsən”.

- Adınız gənc istedadların “Qızıl kitab”ında da yer alır...

- Bəli, bu, olduqca qürurvericidir. Həmin müsabiqədən sonra, 2008-ci ildə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qala konsertimiz oldu. Bizlərə yüksək səviyyədə diqqət və qayğı göstərildi. İllər keçməsinə baxmayaraq, bu diqqəti yenə də öz üzərimizdə hiss edirik. Görüşdə Prezident İlham Əliyevin dediyi sözlər heç vaxt yaddaşımdan silinməyəcək: “Sizlər Azərbaycan xalqına sevinc bəxş etmisiniz. Artıq hər biriniz ictimaiyyət tərəfindən tanınan insanlarsınız. Əminəm ki, bundan sonra da fəaliyyətinizi yüksək peşəkarlıq səviyyəsində davam etdirəcəksiniz. Sözün əsl mənasında, milli ulduzlara çevriləcəksiniz. Mən şadam ki, milli musiqi sənətinin ulduzları artıq yaranıblar. Azərbaycan xalqının milli sərvəti, musiqi sənətimizin əsası olan muğamı siz yüksək səviyyədə təbliğ edirsiniz”.

Daha sonra Prezident İlham Əliyev tərəfindən qaliblərə təqaüd verilməsi və adımızın gənc istedadların “Qızıl kitab”ına daxil olunması haqqında Sərəncam imzalanması bizim üçün böyük fəxarət hiss idi.

Yeri gəlmişkən, muğamımızın dünyada təbliğində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi də danılmazdır. Muğam ustadlarının köhnə lent yazıları, albomları bərpa edildi, yeni müsabiqələr keçirildi, istedadlı gənclər üzə çıxarıldı.

- 32 ildən sonra 2021-ci ildə Şuşa şəhərində ilk “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirildi. Siz də o festivalda iştirak etmisiniz. Uzun illər sonra düşmən tapdağından azad olunan Şuşada – Cıdır düzündə təşkil edilən bu festivala dəvət almaq sizin üçün gözlənilməz olmadı ki?

- Şuşaya ilk dəfə ayaq basanda qəribə duyğular keçirdim. Orada heç olmamışdım. Həmin hisslər hazırda gözlərimi yumanda belə yenidən canlanır. Festivala dəvət alan zaman həm kövrəlmişdim, həm də qürur hissi keçirirdim. Çünki torpaqlarımız işğaldan azad olunub və sevinirəm ki, bu festival yenə də ənənəvi davam edəcək. Festivala dəvət almaq, orda çıxış etmək məni bir daha qürurlandırdı.

- Ölkə hüdudlarından kənarda muğamımızı təbliğ edirsiniz. Qastrol səfərlərində hansısa maraqlı hadisələrlə rastlaşmısınız?

- Bəli, Rusiya, Türkiyə, Almaniya, Niderland, Avstriya, Meksika, Belarus və Latviyanın, həmçinin ABŞ-ın iki ştat və altı şəhərində qastrol səfərlərində olmuşam. Hər biri maraqlı xatirələri özündə əks etdirir. Mənim hər dəfə marağımı cəlb edən məqam isə xarici qonaqların muğamlarımızı duyması və təsirlənməsidir. Bəzən hətta onlar kövrəlib, ağlayırlar da. Belə hadisələr bir daha göstərir ki, musiqinin dili eynidir, o, qəlblərə yol tapır.

Səfərlərimin birində səhnədə olan zaman almaniyalı qadın yaxınlaşıb, mahnını necə ifa etdiyimlə maraqlandı. Söhbət əsnasında öyrəndim ki, sən demə o, mahnıların belə məlahətli səslənməsini boğazımda hansısa bir “alət”in olması ilə əlaqələndirib. Heç nə “tapmadığından” özü də çox təəccüblü qaldı.

- Siz, bir ifaçı kimi uğuru nədə görürsünüz?

- 2017-ci il dekabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında baş rolu ifa etdim. Daha sonra Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəm rolunu canlandırdım. İlk solo konsertim “Vətənim” isə 2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində olub. 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə “Oxu tar” adlı solo-konsertim də reallaşıb. 2023-cü il dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində “Qəlbimizin səsi” adlı solo konsert proqramı ilə çıxış etmişəm. Bunların hamısı mənim üçün bir uğurdur. Düşünürəm ki, bir ifaçı öz üzərində nə qədər çox işləsə, özünü, sənətini, mənsub olduğu milləti sevdirməklə yanaşı, həm də bəşəriyyət üçün faydalı birinə çevrilər.

 

Chosen
16
azertag.az

1Sources