EN

“Azərbaycanı Türkiyəyə birləşdirən” dekan müavini 15 dəqiqəlik məhkəmə ilə güllələndi...

“İstintaq müstəntiq tərəfindən o qədər “uğurlu” quraşdırılmışdır ki, onun həbs müddəti bir neçə dəfə uzadılmışdır. Demək olar ki, hər bir istintaqında Biləndərli yeni-yeni əks-inqilabçıların adıni “qəflətən” xatırlamış, “faktlar” irəli sürmüşdür...”
Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı “Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü” kimi qəbul edib. İnsanların “əks-inqilabçı”, “trotskiçi”, “casus”,“millətçi”, “üsyançı” kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya “əks-inqilabçı” iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir... 
 
Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında “Ellər atası” Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi”.
 
Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə “Çapar yayınları” nəşriyyatında işıq üzü görmüş “Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)” adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış “Ön söz”dəndir...
 
Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli  epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın “Repressiya olunmuş rektorlar və digər rəhbərlər” bölməsində  1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək “əks-inqilabçı” kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.
 
(Əvvəli burada: )
 
“Dekan müavini:Hüseynəli Biləndərli (H.Biləndərli haqqında ilk dəfə Z.Bünyadov məlumat versə də, biz arxiv materialları əsasında dəqiqləşdirmələr aparmış, xeyli sayda yeni fakt və sənədləri elmi dövriyyəyə daxil etmişik).
 
“1937-ci il yanvar ayının 26-da BDU-nun SSRİ xalqları tarixi kafedrasının müəllimi, tarix fakültəsinin dekan müavini, dosent Hüseynəli Süleyman oğlu Biləndərli həbs edilmiş və ona qarşı Azərbaycan SSR cm-in 72, 73-cü maddələri üzrə cinayət işi qaldırılmışdı... İstintaq işinin içərisində olan materiallardan aydın olur ki, H. Biləndərlinin həbsi üçün əsas, əksəriyyəti BDU-nun istintaq altında olan müəllimləri tərəfindən, həmçinin ayrı-ayrı adamlardan işgəncə verilməklə alınmış ifadələr olmuşdur.
 
Müstəntiq Şer H. Biləndərlinin əks-inqilabçı fəaliyyət göstərdiyini bildirmək və bu səbəbdən onun həbsinin zəruriliyini əsaslandırmaq üçün həbsdə olan adamlardan məlum üsullarla aldığı ifadələrə söykənib arayış yazıb.
“ B. N. Tixomirov : ADU-nun müəllimi Hüseynəli Biləndərlini əit təşkilata mən cəlb etmişəm; Rzaqulu Məmmədov: H.Biləndərli hələ 1927-ci ildən əit mövqedə dururdu. O, gizli əit-dir; Şahid Mirzə Cabbar oğlu Məmmədov: (sonra o da həbs edilərək repressiyaya məruz qalmışdır - B.Əziz) 1929-1932-ci illər arasında H.Biləndərli məni əim istiqamətində hazırlamışdır. Bu zaman o deyirdi ki, Bakıda sovet hökumətini devirmək
vəzifəsini qarşısına qoyan əks-inqilabi təşkilat fəaliyyət göstərir”.
 
Qeyd edək ki, Şer Hüseynəli müəllimi həbs etməmişdən bir ay əvvəl onun fəaliyyət göstərdiyi müəssisədən bu şəxsin BDU-ya necə işə girməsi, bu zaman kimlərin himayəsindən bəhrələnməsi, hansı müəllim və tələbələrlə yaxınlıq etməsi, bu yaxınlığı yaradan səbəblər və s. barədə qərəzli olduğu ilk baxışdan görünən məlumatlar toplamışdı...
 
Az.XDİK DTİ-nin müstəntiqi Şerin sorğu məktubuna cavab olaraq 26 dekabr 1936-cı ildə bu idarəyə, elə həmin müstəntiqə BDU-nun rektoru B.Həsənbəyovun “tamamilə gizli” qrifi ilə məktubu göndərilmişdir...
 
(...)
 
22 dəfə dindirilmiş H. Biləndərli bu istintaqlarda çoxlu sayda adamlar haqqında ifadələr verməyə məcbur edilmişdir. Bu səbəbdən müstəntiq istintaqı bir neçə dəfə uzatmış, hətta, təklif etmişdir ki, ”H.Biləndərlinin ittihamı üzrə bütün istintaq materiallarını 12493 nömrəli qruplaşdırılmış xüsusi işdən 13829 nömrəli müstəqil iş kimi ayırmaq olar”.
Hüseynəli müəllim “əksinqilabi trotskiçi, müsavatçı və xalq düşməni kimi” 1937-ci il yanvar ayının 31-də ÜİK(b) P sıralarından xaric edilmişdir.
 
İstintaq müstəntiq tərəfindən o qədər “uğurlu” quraşdırılmışdır ki, onun həbs müddəti bir neçə dəfə uzadılmışdır. Demək olar ki, hər bir istintaqında Biləndərli yeni-yeni əks-inqilabçıların adıni “qəflətən” xatırlamış, “faktlar” irəli sürmüşdür. Bu səbəbdən də təqsirləndirilən 12493 nömrəli iş üzrə ittiham olunan müttəhimlərdən ən çox dindirilənlərdən biri olmuşdur.
 
Hüseynəli müəllimin ilk istintaqı 28 yanvar 1937-ci ildə olmuşdur. Müstəntiq bir neçə dəfə onun əit təşkilatın üzvü olması, bu barədə kimlərlə söhbət etməsi və bunun mahiyyəti üzrə danışmasını təklif etsə də, lakin təqsirləndirilən bu ittihamları rədd etmişdir...
 
(...)
 
1937-ci il fevralın 22-də keçirilən altıncı istintaqdan sonra vəziyyət köklü surətdə dəyişib. Görünür bu məlum üsulların tətbiqi nəticəsində baş verib. Beləliklə Hüseynəli müəllimin “səmimi etirafları ” başlayıb. Akademik Ziya Bünyadov döğru göstərmişdir ki, bundan sonra, “... istintaq müstəntiqlər qurduğu xətlə getməyə başladı” .
 
“Tixomirovla mənim əks-inqilabi söhbətlərim olmayıb, lakin etiraf edirəm ki, Tixomirov kimi mən də elmi cəbhədə ÜİK(b) P xəttinə qiymət verilməsində əks-inqilabi trotskiçi mövqelərdə dururdum. Rusiyada təhkimçilik hüququ barədə məsələ üzrə marksizm-leninizm müddəalarını təftiş etməyə təşəbbüs göstərirdim” .
 
25-26 fevral 1937-ci ildə keçirilən yeddinci istintaqda Hüseynəli müəllim nədənsə ziddiyyətli ifadələr verib. Belə ki, o, gah ittihamları rədd edib, gah da günahlarını boynuna alıb “səmimi etiraflar” edib.
 
“Sual: Sənə təklif edilir ki, əks-inqilabi trotskiçi fəaliyyətdə iştirakın barədə barədə ətraflı, düzgün , geniş və doğru ifadə verəsən. 
 
Cavab: Mənim əks-inqilabi fəaliyyətdə heç bir iştirakım olmayıb.
 
Sual: Pantürkist əhvali-ruhiyyəli şəxslərdən kimləri tanıyırsan? 
 
Cavab: Xuluflu, Çobanzadə, Qubaydullini. 
 
Sual: Sən adları çəkilən şəxslər tərəfindən əksinqilabi ruhda hazırlanmısanmı? 
 
Cavab: Bəli, mən etiraf edirəm ki, Xuluflu və Tixomirov tərəfindən əksinqilabi istiqamətdə hazırlanmışam”.
 
“Etirafedici, səmimi” ifadələr 27 fevral, 1937-ci ildə baş tutmuş səkkizinci istintaqda da davam etmişdir...
(...)
 
H. Biləndərlinin müəllimin on beşinci (26,74-75), on altıncı, on yeddinci istintaqı da (26,80-86) bu istiqamətdə
davam etmişdir. Bütün bunlardan sonra o, özünün “praktik əks-inqilabi fəaliyyəti haqqında” ifadə verməyə məcbur qalmışdır.
 
1937-ci il mayın 17-də on səkkizinci istintaqda müstəntiq H.Biləndərlidən əksinqilabçı trotskişilərin adlarını, 20-23 may 1937-ci ildə olan on doqquzuncu istintaqda isə özünün əks-inqilabi fəaliyyətləri və əlaqələri barədə danışmağı tələb etmişdir.
“Sual: İstintaqa əks-inqilabi fəaliyyətdə iştirakın və əksinqilabçı elementlərlə əlaqələriniz barədə danışın. 
 
Cavab: Xuluflu, Əzim Dadaşov, Çobanzadə, Əli Nazim, Zeynallı, Məmməd Bayramov, Rəhim Həsənov, Qulam Bağırov, Söhbət Sumbatzadə, Qubaydullin, Həsən İmanov qatı əks-inqilabçı millətçi pantürkisdirlər.
 
Sual: Sən Azərbaycandakı əks-inqilabi millətçi təşkilatın üzvü olduğunu etiraf edirsənmi? 
 
Cavab: Bəli, etiraf edirəm ki, mən Azərbaycanda əksinqilabi millətçi təşkilatın üzvüyəm. Təşkilatın məqsədi Azərbaycanda Lenin-Stalin siyasətinə əks-inqilabi böhtanlar yaymaq yolu ilə azərbaycanlı gənclər arasında bu mübarizə üçün kadrlar tərbiyə etmək idi. Təşkilatın son məqsədi isə Azərbaycanın Sovet İttifaqından ayrılması və onun Türkiyəyə birləşdirilməsi idi...
 
Sual: Bu əksinqilabi təşkilatın rəhbəri kim idi?. 
 
Cavab: Üzvü olduğum bu təşkilatın rəhbəri Ruhulla Axundov, Xuluflu, Zeynallı, Çobanzadə idi.
 
Sual: Bu əks-inqilabi təşkilata kim tərəfindən cəlb edilmişdiniz? 
 
Cavab: Milli məsələdə mənim tərəddüd etdiyimi bilən Vəli Xuluflu 1930-cu ildə məni əks-inqilabi millətçi təşkilata cəlb etmişdir. Vəli Xuluflunun vasitəsilə mən əks-inqilabi təşkilatın digər üzvləri ilə əlaqəyə girdim”...
 
(...)
 
Nədənsə, 1937-ci il iyunun 16-da olan iyirmi ikinci istintaqda müstəntiq yenidən Biləndərlidən əks-inqilabi təşkilata cəlb edilmək metodları məsələlərini soruşmuşdur. Müstəntiq Biləndərlinin əleyhinə ifadə aldığı müttəhimlərlə onun üç dəfə üzləşməsini keçirmişdir.
 
İstintaq materiallarından aydın olur ki, müstəntiq bundan sonra, 1937-ci il iyulun 4-də Hüseynəli müəllimə ÜİK(b)P-yə qarşı mübarizədə terror tətbiq etmək mövqeyində olmasını özündə əks etdirən Azərb.SSR cm-nin 17/70-ci maddəsini əlavə ittiham kimi vermişdir.
 
Beləliklə,1937-ci il avqustun 7-də işi aparan müstəntiq Sinman H.Biləndərlinin istintaq işinin başa çatması haqqında protokol tərtib etlmiş və 1937-ci il avqustun 25-də ittiham qərarını XDİK DT-nin III dərəcəli komissarı Sumbatov-Topuridze təsdiq etmişdir.
 
Matuleviç, Zaryanov və Jiqurdan ibarət SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası 10 oktyabr 1937-ci ildə Səyyar sessiyasının hazırlıq iclasını keçirmişdir. İclasda qərara alınmışdır ki, ”Hüseynəli Süleyman oğlu Biləndərlinin işi Azərb.SSR CM-nin 70 və 73-cü maddələri üzrə məhkəməyə verilməli, məhkəmə iclası bağlı, müdafiəçisiz, ittihamçısız və şahidlərsiz keçirilməli ” .
 
1937-ci il oktyabrın 11-də saat 13.40-da keçirilən SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı məhkəmə iclasında protokolda yazılanlara görə, müttəhim H.Biləndərli özünün günahkar olduğunu boynuna almış, son sözündə isə günahının yüngülləşdirilməsini xahiş etmişdir. İclas başladıqdan 15 dəqiqə sonra, saat 13.55-də başa çatmışdır.
Məhkəmənin həmin gün verdiyi qərara görə Hüseynəli Süleyman oğlu Biləndərli ən ağır cəzaya–güllələnməyə
məhkum olunmuş və hökm dərhal yerinə yetirilmişdir .
(Müəllifdən: Dəhşətdir.10 ay istintaq getmişdir, neçə yüz kağız vərəqi müxtəlif yazılarla doldurulmuş,uzun sürən 22 dindirmə prosesi keçirilmiş,çoxlu adamların ittiham olunması üçün xeyli material toplanmışdır.Belə “güclü xalq düşməninin” məhkəməsi isə cəmi 15 dəqiqə çəkmişdir!”)
 
20 oktyabr 1956-cı ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə hökm ləğv olunmuş və H. Biləndirliyə bəraət verilmişdir...”
 
Təqdim etdi:
 
Sultan Laçın
Chosen
10
moderator.az

1Sources