EN

Dələduzluqda ittiham edilən tanınmış idmançılar hakim qarşısında

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəb (Səbuhi Vaqifoğlu) və onun tanışı, idmançı Elman Mirzəyevin cinayət işinin ilk məhkəmə baxış iclası olub.
Oxu.Az-ın məlumatına görə, iclas Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilib.
Barəsində həbs olmayan qətimkan tədbiri seçilmiş dünya çempionu Elman Mirzəyevə hakim Əli Məmmədov prosesə gecikdiyinə görə sonuncu dəfə xəbərdarlıq edib. Daha sonra dövlət ittihamçısı Eldar Həmzə təqsirləndirilənlərə ittiham elan edib. İdmançılar ittiham üzrə özlərini təqsirli bilməyiblər. Məhkəmədə zərərçəkənlərlə təqsirləndirilənlərin çarpaz dindirilməsi ilə bağlı qərar qəbul edilib. Proses oktyabrın 14-nə təyin edilib.
İstintaq materiallarında qeyd olunub ki, təqsirləndirilənlər etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli və xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq ediblər.
Belə ki, Səbuhi Rəcəb və tanışı Elman Mirzəyev 2019-cu ilin iyul ayının sonlarında Həsən Yaqubovun etibarından sui-istifadə edib, paytaxtın Xətai rayonu, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən 3 000 kv.m sahəli obyektə xüsusi mülkiyyət formasında çıxarış alacaqlarına dair yalan vəd verib aldadaraq İntiqam Osmanov vasitəsi ilə göndərilən 146 000 manat pulu alıb, zərərçəkmişə qarşı dələduzluq ediblər.
Bundan başqa, onlar təkrarən 2019-cu ilin sentyabr ayının əvvəllərində paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsi, 50 ünvanında, Dövlət Əmlakının Reyestri Xidməti binasının qarşısında özgənin əmlakını talama niyyətilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan Ramin Sevdiməliyevin etibarından sui-istifadə edərək, Sumqayıt şəhəri Sülh küçəsində yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət formasında çıxarış alacağına dair yalan vəd verib aldatmaqla ümumilikdə 380 000 min manat pul alaraq zərərçəkmişə külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.
Bundan başqa, təqsirləndirilən şəxslər təkrarən paytaxtın Nəsimi rayonundakı 43 saylı Notariat kontoru binasının daxilində özgənin əmlakını talama niyyətilə Səbuhi Zeynalovun etibarından sui-istifadə ediblər. Onlar "Parabank" ASC-də girovda olan və müvafiq məhkəmə qərarı ilə qeydiyyatla bağlı məhrumiyyətlər tətbiq edilmiş, paytaxtın Nəsimi rayonunun Nizami küçəsində yerləşən əmlakı, barəsində əsl həqiqətləri əks etdirən məlumatları demədən, ilkin satış görüntüsü yaratmaqla 85 000 manatı alıb, S.Zeynalova külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər.
Həmçinin, Səbuhi Rəcəb və Elman Mirzəyev Feyzi Ağabəyovu hüquq-mühafizə orqanlarında işə düzəldəcəklərinə dair yalan vəd verib aldatmaqla 22 min 600 manat dələduzluq ediblər.
Bundan başqa, onlar təkrarən 2021-ci ilin yanvar ayının sonlarında özgənin əmlakını talama niyyətilə əvvəlcədən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadan Azər Ələkbərovun etibarından sui-istifadə edib, ona qayınatası İdris Məhərrəmovun törətdiyi qəsdən adamöldürmə cinayətinə görə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz ediləcəyinə və gələcəkdə cinayət məsuliyyətinin yüngülləşdiriləcəyinə dair yalan vəd verib, ümumilikdə 155 000 manat alaraq dələduzluq ediblər.
Eləcə də, Səbuhi Rəcəb təkrarən tanışı Elman Mirzəyevlə qabaqcadan əlbir olaraq "Avto Gallery" avtomobil salonundan Allahverən Ağayevə məxsus 2021-ci ilin məzənnəsi ilə 314 min 500 manat təşkil edən 185 min ABŞ dolları dəyərində "Range Rover" markalı avtomobili satacaqlarına dair yalandan vəd verib, zərərçəkmişə qarşı ümumilikdə 263 min 500 manat dələduzluq edib.
Bundan başqa, onlar dəyərindən ucuz qiymətə "Range Rover Sport" və "Bentley" markalı minik avtomobillərini Mayıl Əliyevə gətirməyə dair yalandan vəd veriblər, ümumilikdə 127 min 500 manat dələduzluq ediblər.
İttiham aktında o da göstərilib ki, hər iki təqsirləndirilən şəxs İbrahim Vəliyevi həqiqi hərbi xidmətə çağırışdan yararsız diaqnozu ilə yayındıracağına dair yalan vəd verib aldatmaqla 5 950 manat dəyərində dələduzluq edib.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda S.Rəcəb külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, S.Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub. 2018-ci ildə isə "Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi" İctimai Birliyinin vitse-prezidenti vəzifəsini tutub. O, 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
Elgün Həsənli
Chosen
4
1
oxu.az

2Sources