EN

"Zelenski dəstəyin gücləndirilməsini istəyir, ABŞ gözləmə mövqeyindədir" - "The Wall Street Journal"

 
"Bu, tək Ukrayna məsələsi deyil, Rusiya və onun imperiya ambisiyalarının məsələsidir..."
 
Zelenski ABŞ-dan dəstək axtarıb, amma başlıcca məqsədinə nail ola bilməyib
 
Ukrayna lideri Vladimir Zelenski özünün əsas məqsədinə - Qərb tərəfdaşlarının uzaqvuran silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsinə icazə ala bilməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
 
Ukrayna prezidenti Vladimir Zelenskinin bu həftə ABŞ-da soyuq qəbul edilməsi göstərib ki, müharibədən iki il yarım sonra onun imkanları getdikcə məhdudlaşır, nəşr yazıb.
 
Vaşinqton və Nyu-Yorkda bir sıra görüşləri zamanı Zelenski özünün "qələbə planı"nı yürüdüb, bununla da ABŞ və müttəfiqlərindən daha çox silah və zəmanətlər almağa səy göstərib. Bu, Ukraynaya Rusiyaya əlavə təsir rıçaqları verə bilərdi.
 
Lakin uzun zaman Moskvanı təhrik edə biləcək eskalasiya addımlarından ehtiyat edən Bayden administrasiyasının nümayəndələri onun təkliflərinə ehtiyatla yanaşıb və daha çox detallar əldə etmək istəyib. Prezident Bayden artıq təsdiq edilmiş yeni hərbi yardım paketini elan etsə də, Zelenskinin uzaqmənzilli raketlərdən Rusiya ərazisinə zərbələr üçün icazə verilməsi ilə bağlı əsas tələbindən imtina edib.
 
Sabiq prezident Donald Tramp Zelenski ilə görüşdən sonra onun üçün "müharibənin hər iki tərəf üçün dürüst olan sazişin köməyilə tez bir zamanda dayandırılmasının prioritet" olduğunu təkrarlayıb. Tramp həmçinin qeyd edib ki, "Putinlə çox yaxşı münasibətləri" var və Zelenski ilə münasibətlərin yaxşılaşacağına ümid etdiyini ifadə edib.
 
Zelenskinin Ukraynanın ən mühüm xarici tərəfdaşı olan ABŞ tərəfindən dəstəyə xeyli impuls əldə etmək səyləri qarşıda mürəkkəb və təhlükəli yolun olduğundan xəbər verir.
 
Uktrayna qoşunları son aylar şərqdə ən ciddi vəziyyətlə üzləşib, Rusiya qüvvələri cəbhə xətti boyunca hücum əməliyyatlarını həyata keçirir. Hədəflərdən biri Ukraynanın həledici logistika mərkəzi olan Pokrovskdır. Bu şəhərin ələ keçirilməsi Rusiyaya  başlıca məqsədinə-Kremlin artıq Rusiyanın tərkib hissəsi elan etdiyi Donetsk üzərində tam nəzarətə nail olmağa kömək edərdi.
 
Ukrayna qoşunlarının düşməni xeyli itkilərə məruz qoymasına rəğmən, onlar Rusiyanın sayca və silahda ciddi üstünlüyü ilə üzləşir. Zelenski qeyd edir ki, Rusiya ərazilərinə zərbələr endirmək və cəbhədə təzyiqi azaltmaq üçün uzaqmənzilli raketlər lazımdır.
 
Lakin Kiyev, onun Avropa müttəfiqləri və Konqresin bəzi üzvlərinin belə yardımın Rusiyanın çəkindirilməsi üçün zəruri olduğunu hesab etdiklərinə rəğmən, Bayden məhdudiyyətləri götürməkdən imtina edib. Bayden bəyan edib ki, Ukraynaya dəstək verməkdə davam edəcək və 8 milyard dollar məbləğində yeni yardım paketi elan edib. Vitse-prezident və prezidentliyə namizəd Kamala Harris həmçinin Zelenski ilə görüşündə bundan sonra da dəstək göstəriləcəyini vəd edib.
 
Bəzi Avropa müttəfiqləri ABŞ tərəfindən daha qətiyyətli tədbirlərə çağırış edir. Belə ki, Finlandiya prezidenti Aleksandr Stubb və Litva XİN rəhbəri Qabrielyus Landsberqis bəyan edib ki, Putinin eskalasiya barədə təhdidləri əbəs yerə olub. Labdsberqis vurğulayıb ki, Rusiya hətta münaqişəni kəskinləşdirsə belə, bu, zəruri riskdir, çünki "bu müharibəni udmaq gərəkdir". Onun sözlərinə görə, ən pis nəticə Ukraynanın uduzması olardı.
 
NATO-nun bəzi üzvləri hesab edir ki, Ukraynanın Rusiyadan müdafiə olunması üçün Alyansdan daha çox silah və təhlükəsizlik zəmanətləri gərəkdir.
 
"Bu gün, müharibədən ötən iki il yarımdan sonra aydın olur ki, bu, tək Ukrayna məsələsi deyil. Bu, Rusiya və onun imperiya ambisiyaları məsələsidir", - bunu Danimarka baş naziri Mette Frederiksen bəyan edib.
 
"Putin qalib gələ bilməz"
 
Lakin xeyli miqdarda silah olmadan Zelenskinin bütün işğal edilmiş ərazilərin geri qaytarılması məqsədi uzaq görünür. Son aylar onun ritorikası dəyişib və indi o, diqqətini "Rusiyanı sülhə məcbur etmək"' üçün kifayət qədər dəstək əldə edilməsinin zəruriliyinə yönəlib, bu barədə o, BMT Baş Assambleyasında bəyan edib.
 
Trampla görüşündən sonra Zelenski deyib: "Biz bu müharibənin dayandırılmalı olduğu ilə razıyıq. Putin qalib gələ bilməz. Ukrayna qalib gəlməlidir".
 
Tramp öz növbəsində güman edib ki, hər iki tərəf müharibənin dayandırılmasına can atır,  o, tezliklə münaqişənin həlli ilə bağlı razılığa gəlmək imkanına inanır. Lakin Ukrayna və Avropada belə sazişin Kiyevə dəstəyin dayandırılacağına gətirib çıxara biləcəyi ilə bağlı narahatlıqlar var, bu, Ukraynanı Rusiya ilə sərfəli olmayan saziş bağlamağa vadar edə bilər.
 
 Bəzi respublikaçılar, o cümlədən senator Marko Rubio müharibənin danışıqlar yolu ilə bitəcəyi ideyasına dəstək verir, hərçənd, bunun tez bir zamanda baş verəcəyinə əmin deyil.
 
Bu arada isə Putin danışıqlarda Ukraynanın ərazilərini itirəcəyi və Moskvanın vassalına çevriləcəyi variantları istisna edilməklə, danışıqlara heç bir maraq nümayiş etdirmir.
 
Ukraynaya dönəndən sonra Zelenski bazar günü məlumat verib ki, Rusiyanın Zaporojyeyə aviasiya zərbəsi nəticəsində 14 nəfər yaralanıb. "Rusiya hər gün təxminən 100 güclü planlaşdırıcı bomba atır", - o, deyib və bunu "Rusiyanın gündəlik terroru" adlandırıb.
 
 "Bu, Ukraynaya daha çox uzaqmənzilli vasitələrin, daha çox hava hücumundan müdafiənin və Rusiyaya qarşı daha çox sanksiyaların lazım olduğunu daima tərəfdaşlarımıza xatırladır", - Zelenski deyib.
Chosen
9
moderator.az

1Sources