EN

Elvin Məmmədov: “Qarabağ” evdə bütün rəqiblərə başağrısı olacaq - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq futbolçusu Elvin Məmmədovun matc.az saytına müsahibəsi - "Qarabağ" Avropa Liqasının Liqa mərhələsində ilk oyununu səfərdə "Tottenhem"ə qarşı keçirdi və 0:3 hesabı ilə uduzdu. Sizcə, hesab oyuna görə oldu? - Məncə, hesab oyuna görə olmadı. “Qarabağ” matça yaxşı başladı və qol vəziyyətləri yaratdı. Sadəcə, həmin epizodları dəyərləndirmək üçün futbolçuların ustalıq səviyyəsi çatmadı. - "Qarabağ" matçın əvvəlindən 10 nəfərlə qalan rəqibinə hansı komponentlərdə uduzdu? Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz? - “Tottenhem” “Qarabağ”ı ancaq futbolçuların fərdi keyfiyyətinə görə üstələdi. Bizdən fərqli olaraq, onlar yaratdıqları qol epizodlarından maksimum faydalandılar. - Toral Bayramov “Tottenhem”lə görüşdə penaltini qola çevirə bilsəydi, fərqli nəticəyə ümid etmək olardı? - Bəlkə də penalti qolla nəticələnsəydi, komandamız özünə daha çox inanacaqdı. Amma alınmadı. Məğlubiyyətin səbəbi penaltini qaçırmağımız deyildi. - “Qarabağ” Avropa Liqasında növbəti oyununu Bakıda "Malmö"yə qarşı keçirəcək. Bu görüşdən hansı nəticəni gözləyirsiniz? "Qarabağ" İsveç klubunu məğlub yola sala biləcək? - “Qarabağ” növbəti oyununu doğma meydanda keçirəcək. Komandamızın güclü azarkeş dəstəyi olacaq. Bütün bunları nəzərə alaraq, “Qarabağ”ın “Malmö”yə qalib gələcəyini düşünürəm. Şəxsən mən buna inanıram. “Qarabağ” evdə bütün rəqiblərə başağrısı olacaq. - "Qarabağ"ın Liqa mərhələsindəki ümumi şansını necə dəyərləndirirsiniz? Təmsilçimiz rəqibləri arasında kimləri məğlub edəcək gücdədi? - “Qarabağ” Azərbaycan futbolunu Avropada çox yaxşı təmsil edir. Futbolda bəzən statistika tərsinə olur. Bu mənada, proqnoz vermək çətindi. Amma “Qarabağ” artıq Avropada tanınır və yaxşı rəqib kimi qəbul edilir. Komandamız avrokubok matçlarında bütün rəqiblərlə başabaş mübarizə aparır. Buna görə də “Qarabağ”a hörmətlə yanaşırlar. Təmsilçimiz rəqibin kimliyindən asılı olmayaraq, evdəki bütün oyunlarda xal qazanacaq. - Avrokuboklarda Liqa mərhələsinin yaradılması qərarı ürəyinizcə oldumu? Yeni formatı bəyənirsiniz? - Matçların sayının artması futbolçuların Avropa təcrübəsini artırır. Məncə, yaxşı addımdı. Maliyyə baxımından da “Qarabağ” üçün əla variantdı.

Chosen
11
matc.az

1Sources