EN

İsrailin Livana hücumları nәticәsindә hәyatını itirәnlәrin sayı artmaqda davam edir

İsrail ordusunun dünən Livanda həyata keçirdiyi hava hücumlarında 105 nəfər həlak olub, 359 nəfər yaralanıb.

Livanın Səhiyyə Nazirliyinin yaydığı açıqlamada İsrailin bir çox bölgəyə davam edən şiddətli hava hücumlarının səbəb olduğu itkilər barədə məlumat verilib.

Açıqlamaya görə, ölkənin cənubunda yerləşən Ankun qəsəbəsinə edilən hava hücumları nəticəsində ən azı 4, Bint Cubey qəsəbəsində 5, Sur şəhərində 16, Beka bölgəsində ən az 9, cənubdakı Nəbatiyyə və Marjayun bölgələrində isə 7 nəfər həlak olub.

İsrail ordusunun axşam saatlarında Əyn əd-Dəlb bölgəsinə təşkil etdiyi hava hücumunda da 36 nəfər həyatını itirmiş, 57 nəfər yaralanmışdı.

Nazirliyin açıqlamasında İsrail ordusunun 29 sentyabr 2024 tarixli hava hücumları nəticəsində ümumilikdə 105 nəfərin həyatını itirdiyi, 359 nəfərin yaralandığı qeyd olunub.

Livanın rəsmi mənbələrinə görə, Hizbullahın istifadə etdiyi rabitə qurğularının partladıldığı 17 sentyabr tarixindən bu yana 104-ü uşaq, 194-ü qadın olmaqla ümumilikdə 1174 nəfər ölüb.

Hizbullah lideri Həsən Nəsrullah İsrail ordusunun 27 sentyabrda Beyruta təşkil etdiyi hava hücumlarında həyatını itirib.

Hizbullah isə İsrailə raket və raket sistemləri ilə cavab verir. İsrail tərəfində əsasən ordu bazalarını hədəf alan bu hücumlarda böyük bir zərər qeydə alınmayıb. İsrailin bombalaması səbəbilə ölkə daxilində yüz minlərlə insan köç edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi İsrailin hücumlarından qaçaraq Livandan Suriyaya keçənlərin sayının 100 minə yüksəldiyini açıqlayıb.



Chosen
15
trt.net.tr

1Sources