EN

Xankəndində qapalı tipli yeni yarımstansiya tikilir

“AzərEnerji” ASC tərəfindən Şuşa şəhərindən Xankəndiyə ən çətin dağlıq və meşəlik relyefdə 110 kilovoltluq ikidövrəli “Xankəndi-1”, “Xankəndi-2” yüksək gərginlikli ötürmə xəttinin çəkilməsinə start verilib.

“AzərEnerji”dən AZƏRTAC-a bildirilib ki, 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri keçirilərkən ölkə başçısının tapşırığına uyğun olaraq “AzərEnerji”nin xüsusi komandası operativ işə başlayıb və yeni anker dayaqlar quraşdırılmaqla cəmi 4 gün içində “Şuşa” yarımstansiyasından Xankəndi və ətraf ərazilərə ilkin olaraq enerji verilməsi təmin edilib. Lakin separatçıların nəzarətində olan zaman 110 kilovoltluq xətlər və mövcud “Xankəndi” yarımstansiyası istismar müddətini çoxdan başa vurduğundan hələ o zaman tez-tez qəza açılmaları baş verir, uzunmüddətli fasilələr yaranırdı.

Məhz buna görə də bu ilin yazından başlayaraq “AzərEnerji” Xankəndində qapalı tipli yeni yarımstansiya tikməyə başlayıb. Artıq ümumi uzunluğu 11 kilometr olan hava xəttinin çəkilməsi işi yekunlaşıb və 1,8 kilometr məsafədə yeraltı kabel xəttinin çəkilməsi işi aparılır. Ən əsası isə Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun olaraq 110,35,10 kilovoltluq qapalı tipli yarımstansiyanın tikintisinə başlanılıb. Artıq tikinti işlərinin böyük hissəsi görülüb.

Yarımstansiyanın qapalı tipdə tikilməsi daha az yer tutmasına, avadanlıqların uzunmüddətli istismarına, müasir standartlara uyğun estetik görnüşünə, təhlükəsizliyinə və digər amillərə görə daha əlverişlidir. Yeni yarımstansiyada müasir tipli SERJİ yanğından mühafizə sistemindən tutmuş, kiber təhlükəsizliyə qədər bütün tətbiqlər quraşdırılacaq.

Qeyd edək ki, “Xankəndi” yarımstansiyasının ərazisində həm də anbar, qazanxana, maşın mexanizmlərinin təmir sahəsi və başqa yardımçı binalar da tikilir. “Xankəndi” yarımstansiyasında işlərin yaxın aylarda başa çatması planlaşdırılır.

Chosen
1
32
yeniazerbaycan.com

10Sources