EN

"İnsider" Navalnının müəmmalı ölümü ilə bağlı yeni detalları yaydı

Rusiya hakimiyyəti məşhur müxalif siyasətçi Aleksey Navalnının müəmmalı ölümündən əvvəl onun qarın ağrısı, qusma və qıcolmalardan əziyyət çəkməsini gizlətməyə çalışıb.

Bu fikirlər "Insider"də dərc olunan məqalədəndir. Nəşr siyasətçinin ölümü ilə bağlı sənədləri əldə edə bilib.  Müəllif iddia edib ki, rəsmi sənədlər redaktə edilib: "Xüsusən də hakimiyyət rəsmi versiyaya uyğun gəlməyən simptomlara istinadları qəsdən sildirib".

Jurnalistlər qeyd ediblər ki, cinayət işinin başlanmasından imtina barədə qərarın iki variantında Navalnının “səhhətində kəskin pisləşmə hiss etdiyi” yazılıb. Bu barədə növbətçiyə məlumat verilib və o, siyasətçini məşq meydançasından təkadamlıq kamera tipli otağa aparıb.

Orijinal versiyada isə deyilir: "Məhkum Navalnı A.A. yerə uzandı. Bundan sonra qarnındakı kəskin ağrıdan şikayət etməyə başladı. Mədəsinin içindəki maddələrin refleksli püskürməsi başladı, qıcolmalar meydana çıxdı və o, huşunu itirdi. Bu barədə dərhal islah müəssisəsinin tibb işçilərinə məlumat verildi".

Redaktə edilmiş versiyada isə qarın ağrısı, qusma və ya digər qıcolmalar, əsmələrdən bəhs edilmir.

Qeyd edək ki, A.Navalnı bu ilin fevralın 16-da cəzaçəkmə müəssisəsində özünü pis hiss edib. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Siyasətçinin tromb yaranması səbəbindən öldüyü ehtimal edilir. O, martın 1-i Moskvada dəfn olunub.

Xatırladaq ki, Aleksey Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmişdi.  2023-cü ilin avqustunda isə 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Tural

Chosen
14
news365.az

1Sources