EN

Qarabağda BU MƏŞHURLAR fərdi ev tikmək istəyirlər

Onlar deyirlər ki, layihə əsasında vətəndaşların bu prosesə cəlb edilməsi  dövlətə kömək olar

Ötən 4 il ərzində işğaldan azad edilmiş ərazilərdə tikinti və yenidənqurma işləri sürətlə davam edir. Artıq bir sıra kənd və rayon mərkəzlərində yaşayış binaları, sosial müəssisələr və infrastruktur obyektləri vətəndaşların ixtiyarına verilib.

Azad edilmiş ərazilərin böyüklüyü və əhatə dairəsinin genişliyini nəzərə alsaq, bu işlərin hələ uzun müddət davam edəcəyi istisna deyil. Məhz bu səbəbdən, bir çox vətəndaşlar dövlətin həyata keçirdiyi layihələrə paralel olaraq, vətəndaşların və maddi imkanı yüksək olan şəxslərin də quruculuq prosesində iştirakını təklif edir. Belə olan təqdirdə, yenidənqurma işlərinin daha tez yekunlaşacağını da demək olar.

Aqil

Aqil Abbas 

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Aqil Abbas deyir ki, uzun müddətdir ki, Ağdamda quruculuq işləri ilə məşğul olmaq istəyir:  “Ağdam azad olunan gündən evimi özüm tikmək istəyirəm. Lakin hələ buna icazə verilmir. Plan var, onun əsasında tikinti aparılır. Hər kəs istədiyi kimi ev tikə bilməz.  Layihə əsasında vətəndaşları bu prosesə cəlb etmək olar. Çünki bu, ciddi məsələdir”.

Akif

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı deyir ki, tikinti-bərpa işlərinin sürətlə getməsi üçün bir tərəfdən dövlət öz işini görməlidir. Dövlət əhəmiyyətli binalar, obyektlər tikilməlidir.  Eyni zamanda, könüllülük əsasında insanlara şərait yaradılmalıdır ki, öz evlərini tiksinlər:  “Bütün ərazi tikinti meydançasına çevrilməlidir. Bu, sürəti artıracaq və insanların istəklərinə uyğun gələcək. Təbii ki, bu zaman da müəyyən normalara, evlərin arasındakı məsafələrə və s. nəzarət edilməlidir. Torpaq sahəsi ayrılsın, kim istəyirsə, öz vəsaiti hesabına tiksin, maliyyəsi olmayana isə dövlət pul ayırsın. Bu, tikinti işlərini xeyli sürətləndirəcək.  Mən bununla bağlı rəsmi və qeyri-rəsmi səviyyədə fikirlər eşidirəm. Yəqin ki, dövlətin hələ ümumi görəcəyi işlər var.  Kanalizasiya xəttinin, işığın, suyun, qazın və  infrastrukturun salınması tamamlanmalıdır. Bunlar başa çatmalıdır ki, insanlar fərdi qaydada o işlərlə məşğul ola bilsin. Ümumi işlər başa çatandan sonra dövlət fikrini vətəndaşların tikinti işlərində iştirakına yönəldəcək”.

Flora

Flora Qasımova

Sabiq millət vəkili və Xankəndi sakini Flora Qasımova deyir ki, orada tikinti işləri hələ başlamayıb: “İnfrastrukturu dəyişdirmək, kommunal məsələləri həll etmək lazımdır. Onların hamısı qurtaranda bəlkə, vətəndaşların iştirakı mümkün olar. Ağdam tamamı ilə dağıdılıb. Orada haranısa tapmaq mümkün deyil. Gərək dövlət ilk növbədə bir az quruculuq işlərini yoluna qoysun ki, sonra fərdi şəxslərin tikintidə iştirakı olsun.  Tədricən bu da olacaq. Çünki belə dağıntını dövlət təkbaşına aradan qaldırsa, zaman çox müddət lazım olacaq.

Xankəndidə evlər salamatdır. Lakin oraya hələlik köç yoxdur. Biz bununla bağlı dəqiq məlumat ala bilmirik. Xankəndidəki evim durur. Amma elə haldadır ki, yadıma düşəndə başımın tükləri biz-biz olur. Elə bil ki, evim zibilxanadır. Xankəndinin mərkəzində ermənilər yeni binalar tikiblər, villalar var. Lakin kənarlar çox pis vəziyyətdədir. Ora gedəndə elə bildim ki, yad yerə gəlmişəm. Köhnə binaların suvaqları tökülürdü. Mərkəzdən kənarda sovet dönəmindən qalma uçuq binalardır. Hərbi komissarlığın küçəsi ilə getdim, evlər dağılırdı. Küçələr zibillik idi. Mən də razıyam ki, vətəndaşlar bu təmizlənmə, quruculuq işlərində birbaşa iştirak etsinlər. İmkanlı adamlarımız çoxdur.  Onlara layihə verilsin, həmin layihəyə uyğun olaraq tikinti aparılsın.  Bu dövlətə köməkdir. Görünür, infrastrukturun bərpası gecikir deyə bu məsələ gündəmdə deyil. Xankəndlilər də bu prosesdə iştirakı ürəkdən istəyirlər. Nə qədər yataqxanalarda illərlə şəraitsiz vəziyyətdə yaşasınlar?  Əhalini tez köçürmək lazımdır. Eləsi var ki, ömrünə çox az qalıb. İllərlə Xankəndi həsrəti ilə yaşayıb”.

Dünya

Fazil Mustafa

 Mövzu ilə bağlı yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, yaxın gələcəkdə bu mərhələyə keçmək real görünür: “Əlbəttə, dövlətin nəzarəti altında bu iş edilə bilər. Yəqin ki, yaxın gələcəkdə bu mərhələ də gələcək. İndiki məqamda dövlət başlanğıc prosesini bu cür həyata keçirir. Çox güman ki, ardınca artıq bu məsələlərdə müəyyən şəxsi təşəbbüslərin dövlətin verdiyi plan və sxem əsasında gerçəkləşməsi mümkün ola bilər. Amma indiki mərhələdə bu işi daha sistemli və nizamlı qaydada aparmaq üçün bu yol izlənilir”.

Millət vəkilinin sözlərinə görə, bu addım dövlətinin yükünün azaldılması baxımından da olduqca səmərəli olar:

“Lakin yaxın gələcəkdə buna baş vurula bilər. Çünki infrastruktur tam qurulduqdan sonra, belə formada dövlətin yükünün azaldılması istiqamətini götürmək mümkündür. Bu həm də büdcədən ayrılan vəsaitlərin daha fərqli sahələrə, xüsusən də infrastruktura yönəlməsinə kömək edə bilər”.

Chosen
1
3
medianews.az

4Sources