EN

Bölgələrdə Anım Günü mərasimləri

Naxçıvan

Anım Günündə səhər saatlarından başlayaraq muxtar respublikanın şəhər və rayonlarında insanlar axın-axın məzarlıqlara və xatirə komplekslərinə gələrək Vətən müharibəsi qurbanlarını ehtiramla yad ediblər.

Kütləvi aksiyalarda Vətənin igid övladlarının məzarlarına və abidələrin qarşısına əklillər və gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Saat 12:00-da muxtar respublikanın hər yerində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda döyüşlərdə şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

Gəncə

Anım mərasiminin iştirakçıları “İstiqlal” parkında yerləşən Memorial Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi böyük ehtiramla anılıb. Məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusuna aid şeirlər səsləndirilib.

Sonra tədbir Şəhidlər xiyabanında davam edib. Şəhər rəsmiləri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə itkin düşmüş hərbçilərin adları əks olunan abidəni ziyarət ediblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Saat 12:00-da Vətən müharibəsində qəhrəmancasına döyüşmüş və canlarını fəda etmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.

Sumqayıt

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Sumqayıtdakı Şəhidlər xiyabanı kompleksində ölməz qəhrəmanların əziz xatirəsi izdihamla yad olunub.

Ziyarətçilər əvvəlcə cənnətməkan Vətən övladlarının ruhuna ehtiram əlaməti olaraq kompleksin girişində ucaldılan “Qalib əsgər” abidəsi önünə əklil və gül dəstələri qoyublar. Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sumqayıt Dövlət Teatrının aktyorlarının ifasında ədəbi–bədii kompozisiya təqdim edilib. Sonra şəhidlik zirvəsinə ucalan yüzlərlə qəhrəmanın məzarı ziyarət olunub, ruhlarına dualar oxunub.

Sumqayıt hər zaman özünün qəhrəman övladları ilə fəxr edir. Qeyd edək ki, müharibə cəbhələrində mərdlik göstərərək ölümün gözünə dik baxan sumqayıtlı vətənpərvərlərdən 6 nəfəri – Adil İbrahimli, Anar Şükürov, Ramiz Cəfərov, Sübhan Cəbrayılov, Camal İsmayılov və Mehrab Niftəliyev Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüblər. Milli qəhrəmanlar general Polad Həşimov, Valeh Müslümov, Mətləb Quliyev və Cəlil Səfərov da Sumqayıtın yetirmələridir. Bu şərəfli adı almış Qorxmaz Eyvazovun, Şükür Həmidovun da ailələri Sumqayıtda yaşayırlar.

Mingəçevir

Anım Günü münasibəti ilə Nur şəhərində silsilə tədbirlər keçirilib. Ziyarətçilər əvvəlcə şəhidlərin xatirəsinə Heydər Əliyev prospektində yaradılmış Zəfər Parkı və “Şəhidlər unudulmur” Xatirə Kompleksinə ictimai baxış keçiriblər. Şəhərdə şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib, yaşıllıq zolaqlarına 110 ədəd şam və küknar tingləri əkilib.

Anım mərasimində bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Zəfər Yürüşü sayəsində əzəli sahiblərini gözləyən 8 rayonumuz, Xocavənd və Ağdərə ərazilərinin bir hissəsi işğaldan azad olundu. Bununla da, dövlətimizin siyasi nüfuzu daha da artdı, dünya dövlətləri gücümüzü gördü. Dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır.

Qeyd olunub ki, Böyük Qələbədə Mingəçevir şəhərinin də öz payı var. Vətən müharibəsi başlanan tarixdən Mingəçevir gəncləri öz sözlərini deyiblər.

Lənkəran

“Cənub mirvarisi” adlanan şəhərdə də Anım Günü silsilə tədbirlərlə əlamətdar olub. Səhər saatlarından başlayaraq ictimaiyyət nümayəndələri Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.

Şəhər icra hakimiyyəti (ŞİH) aparatının təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları abidə önünə tər güllər düzüb, şəhidlərə hörmət və ehtiram göstəriblər.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov şəhid ailələrinin üzvləri ilə görüşərək söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb. O bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində hər il olduğu kimi, bu il də şəhidlərin anım mərasimlərinin keçirilməsi üçün icra hakimiyyəti tərəfindən onlara maddi yardımlar göstərilib.

Zaqatala

Anım Günü ilə əlaqədar Zaqatalada keçirilən mərasimlərdə rayon sakinləri elliklə iştirak ediblər.

Rayon rəsmiləri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında şəhid məzarlarını, “Zəfər” kompleksini və Şəhidlər xiyabanını ziyarət edib, igid Vətən oğullarına sonsuz ehtiramlarını bildiriblər.

Şəhidlər xiyabanında düzənlənən mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyərək hər bir azərbaycanlının onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd ediblər. Vətən müharibəsində Azərbaycan xalqının birlik nümayiş etdirərək böyük Zəfərə imza atdığı və bu Qələbənin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğu diqqətə çatdırılıb.

Ağdam

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi işğaldan azad edilmiş Ağdam şəhərində də ehtiramla anılıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Ağdam Rayon Polis Şöbəsinin və digər dövlət qurumlarının, tikinti şirkətlərinin əməkdaşları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xocalı

Anım Günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi Xocalıda da ehtiramla anılıb.

Xocalı rayonunda yerləşən şəhid məzarlığında Anım Gününə həsr olunmuş mərasimdə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də bu ərazilərdə fəaliyyət göstərən digər dövlət qurumlarının rəhbər işçiləri və sakinlər şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Çıxışlarda Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, şəhidlərimizin ruhunun ehtiramla anıldığı, xatirələrinin uca tutulduğu vurğulanıb.

Tərtər

27 Sentyabr – Anım Günü münasibətilə Tərtər şəhərindəki “Şəhidlər” Abidə Kompleksinin önündə keçirilən mərasimin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Anım tədbirində çıxış edənlər Vətən müharibəsində qazanılan Qələbədən, torpaq uğrunda canlarını qurban verən şəhidlərin qəhrəmanlığından söhbət açıb, müharibə dövründə rayona dəyən ziyandan danışıblar.

Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində tərtərlilər yüksək dözüm, dəyanət nümayiş etdirdilər. Ermənistan silahlı birləşmələri beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş qaydaları pozaraq Tərtər şəhəri də daxil olmaqla rayonun yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi, həmçinin qadağan olunmuş 21 raket atıb. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, evlər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.

Balakən

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində təşkil olunan aksiyada rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sonra ziyarətçilər Şəhidlər xiyabanına gələrək şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsinə əbədi ehtiramlarını bildiriblər.

Anım tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – 27 sentyabr Anım Günü kimi ölkəmizdə böyük qədirbilənliklə qeyd edilir. Bu, milli ruhumuzun, milli həmrəyliyimizin ifadəsi olan şərəfli bir tarixdir.

Digər çıxış edənlər – şəhid anası Tinay Sarkayeva və şəhid atası Şəmsəddin Tuhumov qeyd ediblər ki, bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır, Qarabağımız, Şərqi Zəngəzurumuz gündən-günə cənnətə çevrilir.

Göyçay

Anım mərasimində bildirilib ki, sentyabrın 27-də respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın əziz xatirəsini qürurla yad edir.

44 günlük Vətən müharibəsi və onun davamı olaraq 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən antiterror tədbirləri sayəsində Azərbaycanın bütün sərhədlərində şanlı üçrəngli bayrağımız qürurla dalğalanır. Ünvanı əbədiyyət olan şəhid Orxan Kərimlinin atası Akif Kərimov Qarabağ müharibəsi qəhrəmanlarının Anım Gününün sonsuz qürur və fəxarət hissi doğurduğunu söyləyib.

Sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş edilib. Anım Günü ilə əlaqədar rayon rəhbərliyi və şəhid ailələrinin üzvləri ağacəkmə kampaniyasında da iştirak ediblər.

Samux

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında tab gətirməyən düşmən 44 gündən sonra kapitulyasiya aktına qol çəkməyə məcbur edilib. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan savaş dünya hərb tarixinə ən sürətli müharibə kimi yazılıb.

Mərasimdə çıxış edən digər natiqlər də şəhid və qazilərə, Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının təmin edilməsi istiqamətində atılan addımlardan razılıqla danışıblar.

Hazırladılar:
Əli NƏCƏFXANLI,
İlqar HƏSƏNOV,
Hamlet QASIMOV
XQ

Chosen
20
xalqqazeti.az

1Sources