EN

Qara dəniz sualtı kabeli layihəsi regionun enerji mənzərəsini dəyişəcək - EKSPRETLƏRİN ŞƏRHİ

Qara

Bakı, 28 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Qara dəniz regionunun yaşıl enerji dəhlizi kimi yaradılmasında dönüş nöqtəsi oldu. Bu saziş iddialı layihənin - Azərbaycanın nəhəng bərpaolunan enerji resurslarını Gürcüstan və Rumıniya vasitəsilə Avropa enerji şəbəkəsi ilə birləşdirəcək Qara Dəniz Enerji sualtı kabelinin tikintisinin əsasını qoyudu.

2024-cü il sentyabrın 3-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “Azərenerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi” imzalanıb. Kabel Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq, daha sonra Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Layihənin tikintisi 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.

Qeyd olunan mövzu ilə bağlı sözügedən layihədə iştirak edən ölkələrin ekspertləri öz fikirlərini AZƏRTAC-la bölüşüblər.

“Qara dəniz sualtı enerji kabeli layihəsinin (“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi) həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması haqqında razılaşma Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələrində mühüm mərhələdir”, - deyə Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun baş elmi işçisi, professor, iqtisadçı ekspert Laslo Vasa qeyd edir. Ekspertin sözlərinə görə, bu layihə Azərbaycanın geosiyasi arenada nüfuzunun tanınmasının bariz göstəricisidir.

“Bu, kommersiya baxımından əlverişlidir və Mərkəzi Avropaya enerji idxalının şaxələndirilməsinə kömək edir. Eyni zamanda Azərbaycanın iqtisadi diversifikasiyasını dəstəkləyir. Bu günə qədər həyata keçirilən tədbirlər öz səmərəliliyini göstərib, lakin növbəti addımlar daha aktiv olmalıdır. Təklif olunan sualtı kabel 1000 meqavat (MVt) gücü ilə ən uzun kabel olacaq. Bu güc bir milyona yaxın Avropa evini enerji ilə təmin etmək üçün kifayətdir ki, bu da layihəni Avropada əhəmiyyətli dərəcədə bərpaolunan enerji mənbəyinə çevirir”, - deyə macar ekspert vurğulayıb.

Laslo Vasanın sözlərinə görə, layihənin strateji əhəmiyyətini qiymətləndirməmək mümkün deyil: “Bu, xüsusən də, Avropanın Rusiya enerjisindən asılılığını azaltmaq üçün atdığı son addımlar fonunda enerji mənbələrini şaxələndirmək üzrə daha geniş səylərinin mühüm tərkib hissəsidir. Layihənin həyata keçirilməsi enerji təhlükəsizliyinin artmasına, istixana qazları emissiyalarının azalmasına və regional əməkdaşlığın gücləndirilməsinə səbəb olacaq”.

Bundan əlavə, ekspertin fikrincə, bərpaolunan mənbələr əsasında elektrik enerjisinin ixracı COP29-un məqsədlərinə uyğundur, ona görə də layihə əslində yaşıl Qarabağ və Şərqi Zəngəzur layihəsi ilə yanaşı, dünya konfransının mühüm addımlarından biri sayıla bilər.

Gürcü ekspert, “Geocase” analitik mərkəzinin rəhbəri Viktor Kipiani bildirib ki, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın müvafiq müəssisələri arasında səhmdar cəmiyyətin yaradılması haqqında sazişin imzalanması Qara dəniz sualtı enerji kabeli layihəsinin həyata keçirilməsini sürətləndirəcək.

“Nə qədər çox marşrut və mənbələrimiz olsa, bir o qədər ucuz enerji olacaq. Avropa dövlətlərinin Qafqaz bazarından enerjiyə çıxış əldə etməsi faktı, şübhəsiz ki, təchizatın diversifikasiyasına və enerjinin ucuzlaşmasına gətirib çıxaracaq”, - deyə ekspert qeyd edir.

Onun sözlərinə görə, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi rəsmi Bakı və Tbilisi üçün yaşıl enerjinin inkişafında yeni imkanlar açır və Macarıstanın enerji sisteminin etibarlılığının yüksəldilməsinə təsir göstərir: “Bundan əlavə, layihə Şərqi Avropada bərpaolunan enerji sənayesinin inkişafına təsir göstərəcək. Layihə enerji resurslarının şaxələndirilməsinə və ənənəvi enerji mənbələrindən asılılığın azalmasına gətirib çıxaracaq. Bu hadisə regionun enerji mənzərəsini əhəmiyyətli dərəcədə dəyişir”.

O, həmçinin qeyd edir ki, layihənin həyata keçirilməsi Cənubi Qafqaz və Avropa Ittifaqı (Aİ) arasında elektrik enerjisi və hidrogen şəklində karbonsuzlaşdırılmış enerji ticarətini təşkil etməyə imkan verəcək.

“Zamanla kabel xətti Xəzər regionundan Aİ-yə dörd giqavata qədər yaşıl enerjinin çatdırılmasına imkan verəcək. Tbilisi bərpaolunan enerji sektorunu, xüsusilə külək və günəş enerjisini sürətlə inkişaf etdirir. Gürcüstan hazırda təqribən 4000 MVt olduğu təxmin edilən külək enerjisi istehsalının genişləndirilməsinə diqqət yetirir. Bu cür layihələr Gürcüstanın təkcə enerji tranziti ölkəsi kimi deyil, həm də Avropanın yaşıl enerji gələcəyində əsas oyunçu kimi rolunu gücləndirəcək”, - deyə ekspert əlavə edib.

Rumıniyalı ekspert Yulian Çifunun sözlərinə görə, Qara dəniz sualtı enerji kabeli layihəsi Azərbaycanla enerji təhlükəsizliyi və diversifikasiya sahəsində strateji əlaqələrin genişləndirilməsinə yönəlmiş real layihələrin bariz sübutudur.

“Avropada enerjiyə artan tələbat yeni layihələrin həyata keçirilməsinə təkan verir. Nəticədə, Azərbaycanın qabaqcıl enerji ötürücü texnologiyalarının inkişafında xüsusi rolu var. Bu, enerji təhlükəsizliyi və diversifikasiya sahəsində Azərbaycanla strateji əlaqələrimizin genişləndirilməsinə yönəlib”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu addımlar Rumıniyanın yaşıl enerji ilə bağlı tələb olunan marjalara töhfəsini artırır: “Külək və su enerjisindən 11 000 MVt-dan çox bərpaolunan enerji istehsal edən Rumıniyanın bu yeni enerji dəhlizində əsas rolu var. Qara dəniz sualtı enerji kabeli Rumıniyadan Avropaya bərpaolunan enerji ixracını artıracaq. Rumıniyanın bu layihədə iştirakı Aİ-nin enerji mənbələrinin şaxələndirilməsinə və qalıq yanacaqlardan asılılığın azaldılmasına sadiqliyini vurğulayır. Rumıniya Qara dəniz regionundan bərpaolunan enerji üçün “qapı” rolunu oynamaqla Avropanın enerji gələcəyini təmin etməyə kömək edir”.

Ekspert əlavə edib ki, rəsmi Bakı 2030-cu ilin böyük enerji keçidinin qlobal proseslərində iştirak etmək üçün bütün səylərini göstərir və son bir neçə ildə respublika bərpaolunan enerji sektorunun inkişafında mühüm irəliləyişlər əldə edib.

“Azərbaycanın bərpaolunan enerji sektorunun inkişafı strategiyası beynəlxalq kapitalın layihələrə geniş şəkildə cəlb edilməsinə hesablanıb. Eyni zamanda, hökumət yaşıl elektrik enerjisinin ixracını maksimum artırmaqla bu səylərin bəhrəsini kommersiyalaşdıracağını gözləyir. Bu istiqamətdə ən perspektivli layihə Qara dənizin dibi ilə sualtı elektrik kabelinin çəkilməsidir”, - deyə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir.

İ.Şabanın sözlərinə görə, Aİ ölkələri üçün Xəzəryanı ölkələrdən də elektrik enerjisini idxal etmək vacibdir: “Aİ elektrik enerjisinin idxalına maraq göstərib ki, bu da rəsmi Brüsselin “yaşıl siyasəti” ilə bağlıdır. Bu siyasətə əsasən, 2040-cı ildən sonra mədən enerji ehtiyatlarından elektrik enerjisi istehsal etmək planları olmayacaq. Bir sıra Aİ ölkələri 2035-ci ildən sonra mazut, təbii qaz və kömürdən elektrik enerjisi istehsal etməmək qərarına gəliblər. Qara dəniz sualtı enerji kabeli layihəsi Avropa və Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradaraq, rabitə xidmətlərinin göstərilməsi üçün rəqəmsal infrastrukturun inkişafına mühüm töhfə vermək potensialına malikdir”.

Ekspert onu da vurğulayıb ki, Qara dənizin geosiyasi kəsişmədən yaşıl enerji “qapısına” çevrilməsi sadəcə fürsət deyil, bu, Avropanın enerji gələcəyi üçün zərurətdir.

“Aİ tərəfindən dəstəklənən Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında əməkdaşlıq bu planın həyata keçirilməsi istiqamətində perspektivli addımdır. Qara dəniz regionunun bərpaolunan enerji potensialından istifadə etməklə Avropa qalıq yanacaqlardan asılılığını azalda, enerji təchizatını təmin edə və iqlim məqsədlərinə doğru əhəmiyyətli irəliləyiş əldə edə bilər”, - deyə azərbaycanlı ekspert fikrini tamamlayıb.

Chosen
5
1
azertag.az

2Sources