EN

Qənirə Paşayevasız 1 il...

28 sentyabr tarixi Türk dünyasının sevilən qızı, Azərbaycanın millət vəkili, jurnalist Qənirə Paşayevanın anıç günüdür.

Modern.az-ın məlumatına görə, Qənirə Paşayeva 28 sentyabr 2023-cü ildə bizdən əbədi ayrılıb.

Yaxınları deyirlər ki, Qənirə xanım Səməd Vurğunun Üzeyir Hacıbəyliyə ithaf etdiyi şeiri, xüsusilə o şeirin bu bəndini çox sevər, çox deyərdi:

“Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər”…

İndi biz Qənirə xanımın özünü bu ölümsüz misralarla anırıq…

Həkimlər Qənirə Paşayevaya ölüm öncəsi naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoymuşdular. Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülmüş və o, ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya yerləşdirilmişdi.
Həkimlərin səylərinə baxmayaraq 48 yaşlı Qənirə xanımın həyatını xilas etmək mümkün olmadı.
Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor olan Qənirə Paşayeva uzun illər media sahəsində fəaliyyət göstərib. Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. 20-dən artıq elmi, publisistik kitabın, bədii əsərin və yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri seçilib.

2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin, 2012-2015-ci illərdə isə “Odlar Yurdu” Universitetinin Siyasi elmlər kafedrasının müdiri kimi çalışıb.

Üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə 105 saylı Tovuz seçki dairəsindən deputat seçilib.

 Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

1998-ci ildən ANS telekanalının Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.

Allah rəhmət eləsin...

Chosen
13
2
modern.az

10Sources