EN

Hollivudda ikinci Epstein zəlzələsi

Məşhur reper şantaj, həbs, zorakılıq, cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq kimi bir sıra ittihamlarla həbs edilib. Biabırçı və qan donduran ittihamlar Hollivudu və bütün dünyanı silkələyib. İddialar manşetlərə daşındıqca, onun illər əvvəl etdiyi “zarafat” və digər ulduzların qatıldığı bədnam məclislər də gündəmə gəlib.

Bir müddət əvvəl şantaj, həbs, zorakılıq, cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq kimi bir sıra ittihamlarla həbs edilən biabırçı reper Şon “Diddy” Kombsun işi Amerika mediasında “yeni Epşteyn davası” olaraq xarakterizə edilir. Amerikalı reper ona qarşı irəli sürülən ittihamları rədd edir və “gizlədəcək heç nəyi olmayan günahsız bir insan” olduğunu iddia edir.

Şərti azad edilmədən həbsxanada saxlanılan müğənninin 50 milyon dollar girov tələbi rədd edilib. Kombs Bruklindəki Metropoliten Təcridxanasına aparılıb. Pedofil milyarder Cefri Epşteynin cinsi istismarında vasitəçi olmaqda təqsirli bilinən Qisleyn Maksvell də bu həbsxanadan keçib.

***

Kombs məhkəməni gözləyərkən həbsxanada “intihar nəzarətində” saxlanılır. Onun vəkilləri də repçinin təhlükəli olmadığını və qaçmaq riski olmadığını iddia edərək hakimi inandıra bilməyiblər. 54 yaşlı Kombsa qarşı məhkəmə prosesi reperin keçmiş sevgilisi Kessi Venturanın keçən il seksual təcavüz şikayəti ilə başlayıb. Bunun ardınca reperə qarşı daha azı 10 iddia qaldırılıb və onlardan doqquzunda Kombs cinsi təcavüzdə ittiham olunub.

ABŞ Daxili Təhlükəsizlik Departamenti martın 25-də Kombsun Los-Anceles və Mayamidəki evlərində axtarış elan edib və həmin mülklərə reyd keçirib. Basqınlar zamanı külli miqdarda körpə yağı, “AR-15” avtomatları və onlar üçün daraqlar ələ keçirilib. “CNN International”, həmçinin may ayında Los-Ancelesdəki bir otelin təhlükəsizlik kamerasının görüntülərini dərc edib. 2016-cı ilin mart ayından olan videogörüntülərdə Kombsun Venturanı döydüyü əks olunub. Videonun ortaya çıxmasından sonra Kombs üzr istəyib.

Prokurorlar həmçinin Kombsin qadınlara qarşı müxtəlif zorakılıq hərəkətləri etdiyini gördüyünü iddia edən ən azı 10 şahidin olduğunu deyib və repçinin bu insanların bəziləri ilə əlaqə saxladığını və onları hədələdiyini iddia edib.

14 səhifəlik ittihamnamədə reperin “qadınların cinsi istismara məruz qaldığı, döyüldüyü və hədələndiyi” cinayət şəbəkəsi qurduğu iddia edilib. Reperin Nyu-Yorkdakı “Combs Enterprise” adlı şirkətinin ən azı 2008-ci ildən bəri cinayət təşkilatı kimi fəaliyyət göstərdiyi və rüsvayçı reperin “romantik münasibət qurmaq bəhanəsi ilə” qadınları aldatdığı iddia edilir.

***

Kombsun qurbanlarına “itaətkar və sözəbaxan” olmaq üçün narkotik verdiyi də mətbuatda dərc olunan iddialar arasındadır. İddianamədə bu şəxslərin “Freek Offs” adlı bəzi cinsi performanslara məcbur edildiyi iddia edilir.

Prokurorlar həmçinin iddia edir ki, Kombs qadınları narkotik maddə ilə içməyə və məcbur edərək, “əsasən onun tərəfindən idarə olunan” və kamera ilə çəkilən, bəzən günlərlə davam edən və çox vaxt kişi seks işçilərinin iştirak etdiyi videoları çəkilən cinsi performanslarda iştirak etməyə məcbur edib.

Kombsun 2002-ci ildə məşhur televiziya aparıcısı Konan O'Brinə verdiyi müsahibə bu ittihamlardan sonra yenidən gündəmə gəlib. Çünki Kombs ifadəsində “qadınları bağlamaq” mövzusunda zarafat etdiyini deyib.

Konan O'Brin ilə “Gecə yarısı” adlı videoda Diddy “möhtəşəm bir ziyafət” təşkil etmək üçün məsləhətlər verir və qadınların getməməsi üçün “qapılarda qıfıllar” olması lazım olduğunu söyləyir. O'Brin bu qəribə şərhə ara verir, sonra “Bu, bir az təhlükəli səslənir”, – cavabını verir.

Kombs sonra aşağıdakı kimi izahı verir: “Bu bir az fantaziyadan gedir... Çox isti olmalıdır. Kondisioner yoxdur. İstilik spirtə təsir edir və bilirsiniz ki, hamı bir az daha rahatlaşır və yaxşıca tər tökür”.

Puff Diddinin həbsindən sonra ötən illərdə təşkil etdiyi çılğın şənliklərdə çəkilən fotolar qlobal xəbər mövzusuna çevrilib. Bildirilir ki, Diddinin ziyafətlərinə qatılanların siyahısında Leonardo Di Kaprio, Aşton Kuşer, Beyons və Jay-Z kimi məşhur adlar var.

Ən məşhur adlar sussa da, Leonardo Di Kaprio Puff Diddinin məclislərində iştirak etdiyini, lakin rüsvay edilmiş ada qarşı ittihamlarla heç bir əlaqəsi olmadığını bildirib. Kombs isə bir vaxtlar “Titanik”, “The Revenant” və “Great Gatsby” kimi filmlərin ulduzu Di Kaprionu partiyalara dəvət siyahısında bir nömrəli ad kimi qeyd etmişdi.

***

Amerikanın onlayn mədəniyyət jurnalı “The Root” yazıb ki, Kombsa qarşı ittihamlarla “yeni Epsteyn hadisəsi” başlaya bilər. Xəbərdə Kombsun prokurorlarla razılığa gəlmək üçün Hollivuddakı məşhur aktyorlar və iş adamları ilə əlaqələrini açıqlaya biləcəyinə diqqət çəkilir və bu ifadələrə yer verilir: “Diddi iflas etsə, çox güman ki, Epsteynin tutduğu yolla gedəcək və bir Hollivudun çox ulduzunu da özüylə aparacaq.

Məşhur musiqiçinin vəkili Mark Aqnifilo Puff Diddiyə qarşı irəli sürülən bütün bu ittihamların əsassız olduğunu və məyus olduqlarını bildirib.

Chosen
82
vaxt.az

1Sources