EN

Yeddinci çağırış Milli Məclis yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir



Prezident İlham Əliyevin apardığı islahatlara adekvat parlament institutunun formalaşması qaçılmaz bir zərurətə çevrilmişdi. Bütün demokratik normalara tam cavab verən parlament seçkilərinin nəticələri onu deməyə əsas verir ki, bu məqsədə dəqiqliklə nail olundu. Parlamentin yeni tərkibinə nəzər yetirsək bu tezisin əyani təsdiqini görə bilərik.

Demokratiyanın təməl anlayışlarından hesab olunan çoxpartiyalılıq prinsipi mövcud parlamentin formalaşmasında özünü göstərdi. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ölkəmizdə aparılan çoxşaxəli və sistemli islahatların məntiqi davamı idi. Seçkilərdə Yeni Azərbaycan Partiyası parlamentdə 68 mandat əldə edərək möhtəşəm qələbə qazandı. Ali qanunvericilik orqanında bitərəf və müxalifət partiyalarının nümayəndələri də təmsil olunublar. Bu, çox önəmli detal olmaqla siyasi sistemimizin möhkəmləndirilməsi və siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədinə xidmət edir. Birmənalı şəkildə deyə bilərik ki, mövcud parlament Prezident İlham Əliyev tərəfindən aparılan sistemli və çoxşaxəli islahatların dərinləşməsinə önəmli töhfələr verəcək.

Yeni tərkibdə formalaşdırılan Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin nitqində əksini tapan konseptual məsələlər parlamentin uğurlu fəaliyyətində dəqiq konturların cızılması üçün “yol xəritəsi” oldu. Dövlət başçısı tərəfindən səsləndirilən fikirlər həm Milli Məclis rəhbərliyi, həm də deputatlar üçün dövlətimizin ali qanunvericilik orqanının təkmil və səmərəli işinin qurulmasında qarşıya mühüm vəzifələr qoydu. Cənab İlham Əliyev proqram xarakterli çıxışında deputatlara olduqca vacib tövsiyələr verdi. İqtisadi inkişafın dərinləşməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial və gənclər siyasəti kimi istiqamətlər yeni formalaşmış parlamentin diqqət mərkəzində olacaq. Bu istiqamətlərin prioritet seçilməsi bir daha onu göstərir ki, islahatların davamlı və ardıcıl xarakter alması üçün parlamentin yeni tərkibdə formalaşmasına həqiqətən böyük ehtiyac var idi.

Prezident İlham Əliyev çıxışı zamanı dövlətimizin hərbi gücünün artırılmasını önəmli faktor kimi vurğulayıb. Dünya qloballaşdıqca, bir sıra məsələlər, xüsusən də demokratikləşmə, avtoritar rejimlərin mövcudluğu, fərqli sivilizasiyaların üz-üzə gəlməsi halları da qlobal xarakter alır. Son dövrlər bəzi Qərb dairələri tərəfindən Azərbaycana qarşı edilən təhdidlərin sayının artması fonunda Ermənistanın silahlandırılması istiqamətində işlər davam etdirilir. Bu baxımdan Azərbaycanın müdafiə potensialı postmüharibə dövründə daha da gücləndirilir. Şanlı ordumuzun arsenalına yeni silahlar, hərbi texnikalar daxil edilir, həmçinin Silahlı Qüvvələrimizin ən güclü hərbi birləşmələrindən olan Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi daha da genişləndirilir, həmçinin Yeni Komando Qüvvələri yaradılıb. Bu işlər heç şübhəsiz ki, Azərbaycanın dövlət suverenliyinin qorunması, xalqımızın təhlükəsizliyinin daha etibarlı təminatı üçün həyata keçirilir.

Həmçinin, Prezident İlham Əliyev Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən abadlıq-quruculuq işlərinə bu il də daxil olmaqla indiyədək 19 milyard manat ayrıldığını bildirib. Bu isə azad edilmiş torpaqlarda yenidənqurma işlərinin getdikcə daha da geniş vüsət aldığını sübut edir. 2023-2026-cı illəri əhatə edən “Böyük Qayıdış” Proqramı hazırlanıb. 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq.

Çıxışında sosial-iqtisadi inkişaf strategiyasının inkişafına dair fikirlər səsləndirən dövlətimizin başçısı bildirib ki, cari il ərzində səkkiz ayda iqtisadiyyat dörd faizdən çox artıb, qeyri-neft sektorunda yeddi faiz olub. Xarici borcumuz ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil edir. Demək olar ki, bütün əsas kreditlər qaytarılıb.

Bu gün Azərbaycan dövlətinin prioritet vəzifələrindən biri rəqabətqabiliyyətli sənaye bazasının yaradılması və iqtisadiyyatı şaxələndirməkdir. İndiyədək bu istiqamətdə əldə edilmiş nailiyyətlər əsasən Azərbaycanın karbohidrogen və enerji ehtiyatlarının işlənilməsi sahəsində aparılan uğurlu siyasət nəticəsində mümkün olub. Son on ildə prioritet vəzifə iqtisadiyyatı şaxələndirmək, rəqabətqabiliyyətli sənaye bazasını yaratmaq, xidmət sektorunu inkişaf etdirmək və Azərbaycanı biznesin inkişafı üçün əlverişli şəraitə və cəlbedici vergi rejiminə malik ölkəyə çevirmək olub. Təbii ki, ölkəmizə valyuta axınının artması, həmçinin daxili bazarda rəqabətin güclənməsi, ölkə iqtisadiyyatının daha da canlanması fonunda Azərbaycanda əhalinin sosial müdafiəsi də gücləndirilir.

Daha bir vacib məqam isə 2018-ci ildən bu yana Azərbaycanda dörd sosial islahatlar paketinin həyata keçirilməsidir. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və 4 milyon insanı əhatə edir. Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaqdır.

Beləliklə, Prezident İlham ƏIliyevin çıxışında səsləndirdiyi fikirlər parlement üzvlərinin qarşısına mühüm məqsəd və vəzifələr qoyur. Əminliklə söyləmək olar ki, yeni hədəflər bütün istiqamətlərdə ölkəmizin inkişafına böyük təkan verəcək. Müasir Milli Məclis faktiki olaraq cəmiyyətdəki yeni siyasi konfiqurasiyanın bariz nümunəsidir. Vətən müharibəsi və lokal antiterror tədbirləri zamanı siyasi partiyaların birgə Bəyanatı və Ali Baş Komandanın ətrafındakı sıx birləşməsi siyasi dialoqun Azərbaycan modelinin nə qədər uğurlu olmasının əyani göstəricisidir.

Yeni formalaşdırılmış parlamentin cəmiyyətdə kifayət qədər yüksək nüfuza malik olan, ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutan şəxslərdən formalaşması siyasi modelin inkişafını kifayət qədər sürətli edəcəkdir. Burada yeganə məqsəd cəmiyyətə və dövlətə faydalı olmaqdır. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan dünya miqyasında müstəqil şəkildə öz daxili və xarici siyasətini aparan, heç kəsin qarşısında hesabat verməyən nadir dövlətlərdəndir.

Bütün deputatlar Prezidentin möhtəşəm ideyalarına söykənərək özünü xalqın xidmətçisi qismində görürlər. Xaricdən ölkəmizə qarşı yönəlmiş təhdidlər də onu tələb edir ki, deputatlar dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynasınlar.

Asif Əsgərov,
​Milli Məclisin deputatı




Chosen
2
2
aia.az

3Sources