EN

İkinci nəsil Apple Vision Pro gələn il təqdim oluna və yeni prosessor vasitəsilə çalışa bilər

     Apple şirkətinin fevral ayının əvvəlində satışa çıxmış Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR) cihazının satışlarının kütləvi olmamasına baxmayaraq məşhur analitik Ming-Chi Kuo bildirib ki, şirkət artıq Vision Pro 2 üzərində çalışır. Analitikin sözlərinə əsasən şirkət ikinci nəsil Vision Pro-nun kütləvi istehsalına 2025-ci ilin ikinci yarısında start verməyi planlaşdırır. Çox güman ki, Vision Pro 2-nin təqdimatı da məhz elə gələn il baş tutacaq. Analitik qeyd edib ki, Vision Pro 2-nin əsas fərqləndirici tərəfi prosessorda olacaq.     Belə ki, hal-hazırda aktual olan Vision Pro-nun M2 prosessoru vasitəsilə çalışdığı halda, Vision Pro 2 öz növbəsində hələ təqdim olunmamış M5 prosessoru vasitəsilə çalışacaq. Bunun sayəsində qarışıq reallıq cihazının performansı artacaq. Üstəlik cihaz Apple şirkətinin süni zəka funksiyalarını özündə birləşdirən Apple Intelligence ekosisteminin dəstəyini də əldə edəcək. Çox güman ki, Vision Pro 2-nin xarici görünüşündə və digər imkanlarında heç bir dəyişiklik olmayacaq. Analitikin fikrincə Apple yeni qarışıq reallıq cihazının qiymətini aşağı salmağı planlaşdırmır. Bu səbəbdən də Vision Pro 2-nin qiyməti birinci Vision Pro-da olduğu kimi 3500$-dan start götürə bilər.

Chosen
9
technote.az

1Sources