EN

“Zəfər qələbəsinin başladığı gün” - Masallıda anım günü

Masallıda anım günü qeyd edildi 

 

Masallı rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Zəfər qələbəsinin başladığı gün” mövzusunda tədbir keçirilib.
Şəhər Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə-kompleksində təşkil olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 
“Şəhidlər” abidə-kompleksi önünə tər gül dəstələri düzən ziyarətçilər qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov vurğulayıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi əzəli torpaqlarımızın böyük hissəsinin, 19-20 sentyabr 2023-cü il tarixli əməliyyatlar isə Azərbaycan ərazilərinin tamamən işğaldan azad edilməsilə nəticələndi: “Birinci Qarabağ müharibəsi zamanı Masallı rayonu üzrə 186 şəhid, 188 müharibə əlili və 620 müharibə iştirakçısı, Vətən müharibəsi zamanı 51 şəhid, 70 müharibə əlili və 1364 müharibə iştirakçısı, antiterror əməliyyatları zamanı isə 8 şəhid, 12 yaralımız olub. Ölkəmizdə olduğu kimi, rayonumuzda da şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı yüksək səviyyədədir. 
Bu gün Silahlı Qüvvələrimiz öz şərəfli missiyasını uğurla davam etdirir. Müzəffər Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 
27 sentyabr möhtəşəm qələbə tariximizdir...”
Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anası Mehriban Sultanova, “Qarabağ” və “ 3-cü dərəcəli Rəşadət” ordenli Vətən müharibəsi iştirakçısı Nazim Cəfərzadə, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov Azərbaycan xalqının tarixi uğurundan, şəhid və qazilərimizin şücaətindən danışıblar. 

 

Akif AĞAYEV

Chosen
2
qht.az

1Sources