EN

27 Sentyabr - Anım Günü münasibətilə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzində anım mərasimi keçirib

27

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 27 Sentyabr - Anım Günü münasibətilə Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində anım mərasimi keçirib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin və Mədəniyyət Mərkəzinin əməkdaşları mərkəzdəki Şəhidlər bağına çiçək dəstələri qoyublar. Sonra Ulu Öndər Heydər Əliyevin binanın qarşısındakı abidəsi önünə əklil və gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən Hüseyn Quliyev bildirib ki, and yerimiz olan, şəhid zirvəsinə qalxan qəhrəman oğullarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şərqi Zəngəzurun və Qarabağın, o cümlədən qədim Şuşanın işğaldan azad olunmasında qəhrəmanlıq və şücaət göstərib.

“44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Prezident İlham Əliyev adını Vətənimizin qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıb. Bununla da BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi dörd qətnaməni bu qurum yox, Azərbaycan əsgəri yerinə yetirdi”,- deyə əlavə edib.

Azərbaycanın Özbəkistandakı Hərbi Attaşelik Aparatının rəhbəri, polkovnik Samir Əfəndiyev 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan əsgər və zabitlərinin şücaətindən danışıb. O qeyd edib ki, bu tarix Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Vətən uğrunda canlarını fəda edənlər şəhidlik zirvəsinə qalxmaqla gələcək nəsillərə örnək oldular.

 

Chosen
0
3
azertag.az

4Sources