EN

Vətəndaş cəmiyyəti fəalları İqbal Əbilovun işi ilə əlaqədar İlham Əliyevə müraciət ediblər

"Ədalət naminə həmrəylik" İctimai Komitəsi talış tədqiqatçı İqbal Əbilovun azad edilməsinə köməklik göstərməsi xahişi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə qeyd edilir ki, Əbilov 1989-cu ildə Masallı rayonununn Bala Kolatan kəndində anadan olub, 7 yaşında ailəsi ilə birlikdə yaşamaq üçün Belarus Respublikasına gedib. Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakultəsində təhsil alıb, həmin ali məktəbin magistratura və aspiranturasını bitirib, bu müəssisədə və Belarus Hüquq İnstitutunda dərs deyib.

Əbilov Cənubi Qafqaz, Türkiyə və İranın tarixi və etnoqrafiyası sahəsində çoxsaylı kitabların, elmi məqalə və oçerklərin müəllifidir və bu sahədə keçirilmiş beynəlxalq elmi konfransların iştirakçısıdır.

Azərbaycan, Talış, Rus, Belarus, Osmanlı türkcəsi, Ingilis, Fars və Alman dillərini bilir.

Onun son kitabı 2023-cü ildə Ankarada Atatürk Mədəniyyət Mərkəzi tərəfindən dərc edilmiş Boris Vsevolodoviç Millerin "Türk xalq mahnıları" kitabının (1903) rus dilindən türk dilinə tərcüməsidir.

Müraciət müəllifləri qeyd edirlər ki, Dövlət Təhlükəsizlik Xidməti İqbal Əbilovu vətənə xəyanət, milli ədavət salma və Ermənistan xüsusi xidməti ilə əməkdaşlıq etmək kimi ittihamlarla həbs edib.

Komitə üzvləri Azərbaycanın hüdudlarından kənarda yaşamış alimə qarşı belə ittihamların məntiqli olmasına şübhə ilə yanaşır.

"Əbilovun öz əsərlərində digər dövlətlərin müəlliflərinə, o cümlədən erməni müəlliflərinə istinad etməsini dövlətə xəyanətlə və ya erməni xüsusi xidməti ilə əməkdaşlıqla heç bir halda əlaqələndirmək olmaz.

Azərbaycanın özəlliyi məhz etnik zənginliyində, etnik qrupların birgə firəvan yaşamasında olduğu kimi, bu işdə sizin də 2016 -cı il üçün elan etdiyiniz multikultiralizm ilinin önəmi danılmazdır. Ölkədə yaşayan xalqların öz milli kimliklərini unutmaması, öz dillərini qoruyub saxlamaları bu zənginliyin bir parçasıdır. Məhz İqbal Əbilovun fəaliyyət sahəsinin bir qolu da dovlətimizin bu etnik rəngarəngliyini qoruyub saxlamaq naminə doğma ana dili olan talış dilinin tədqiqi və təbliği olmuşdur. O, xalqımız və bütövlükdə ölkəmiz üçün xüsusi önəmi olan dəyərli və gənc alimlərindəndir", deyə bəyanatda bildirilir.

" Talışlar həm birinci və həm də ikinci Qarabağ müharibəsində rəşadətlə vuruşmuş və vətənimiz Azərbaycanın müdafiəsində və ərazi bütövlüyünün bərpa olunmasında əllərindən gələni əsirgəməmiş və minlərlə şəhidlər vermişlər.

Hazırda da Azərbaycan Ordusunda çoxsaylı Talış əsilli əsgər, zabit və generallar xidmət etməkdədirlər. Onlar vətənimiz Azərbaycanın bir parçası olduqlarini yaxşı başa düşür, Dövlətimizin inkişaf etməsini və daha da möhkəmlənməsini əsas vəzifələri hesab edirlər. Bu həssas məsələni məxsusi olaraq diqqətinizə çatdırmaqla qayğınıza ehtiyacımızın olmasını bildirmək istəyir və bu məsələni ədalətlə həll edəcəyinizə böyük ümidlər bəsləyirik", deyə müraciətdə vurğulanır.

Qeyd edək ki, "Ədalət naminə həmrəylik" Komitəsinə 10-dan çox vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçisi, mətbuat nümayəndəsi daxildir.

* İqbal Əbilov iyulun 22-də, Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb. Ona qarşı Azərbaycan CM-in 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittihamlar irəli sürülüb.

Xüsusən, bütün bu cinayətlərin Ermənistan xüsusi xidmətlərinin göstərişi ilə törədildiyi iddia olunur. Əbilov ittihamları təkzib edir və müstəsna olaraq elmi fəaliyyətlə məşğul olduğunu bildirir.

Dünyanın müxtəlif ölkələrindən olan alimlərdən ibarət böyük bir qrup Əbilovun azad edilməsinə köməklik göstərməsi xahişi ilə Azərbaycan rəhbərliyinə müraciət ediblər.

Chosen
6
turan.az

1Sources