EN

Azərbaycan tarixinin unudulmaz bir parçasıŞƏRH

Azərbaycan

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-si Azərbaycan tarixinə İkinci Qarabağ müharibəsinin başlanğıcı kimi düşdü. Təəssüf ki, illərlə davam edən diplomatik danışıqlar və beynəlxalq səylərə baxmayaraq, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmırdı və münaqişə həllini tapmırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti təxribatlarını törətdilər, bölgədə gərginlik artdı. Atəşkəs rejimini kobud şəkildə pozan işğalçılar bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tuturdu. Düşmənin hərbi təxribatını dəf etmək məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusu münaqişənin əvvəlki dövründəki təcrübələrinə əsaslanaraq, daha müasir strategiyalarla hərəkət etdi. Bu əməliyyat sonrakı 44 gün ərzində Azərbaycanın müasir hərbi texnologiya və taktiki bacarıqları ilə həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatlara çevrildi. Azərbaycan Ordusu həm quru, həm də hava qüvvələri ilə müvəffəqiyyətli döyüşlər apararaq tarix yazdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva söyləyib.

Anım Gününün Azərbaycan tarixinin unudulmaz bir parçası olduğuna diqqət çəkən deputat deyib: “Prezident İlham Əliyevin Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə ehtiram əlaməti olaraq 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, 27 sentyabr ölkəmizdə Anım Günü kimi təsis edilib. Bu, şəhidlərimizin ruhlarına, onların doğmalarına göstərilən yüksək ehtiramın bariz nümunəsi, Azərbaycan xalqının müstəqillik, ərazi bütövlüyü və birlik uğrunda mübarizəsinin simvoludur. Anım Günü Azərbaycan xalqı üçün kədərli, eyni zamanda, qürurverici bir tarixdir. Hər il bu tarixi gündə ölkəmizdə yürüşlər və digər müxtəlif tədbirlər keçirilir”.

Pərvanə Vəliyevanın sözlərinə görə, müharibə dövründəki birlik, həmrəylik və cəsarət, müstəqil Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Bu vacib gün yalnız bir müharibənin başlanğıcı deyil, eyni zamanda, azərbaycanlıların tarixi, mədəni və milli kimliklərini yenidən bərpa etməsi yolundakı mübarizəsinin əksidir.

“Anım Günü həm müharibədəki itkiləri daim xatırlamaq, həm də sülh üçün çalışmaq lazım olduğunu gələcək nəsillərə ötürmək baxımından önəmlidir. Azərbaycanın müstəqil, güclü bir dövlət olaraq varlığı üçün xalqın birliyi önəmli və mütləqdir. Bu tarix müharibəni, ən əsas da şəhidlərimizi unutmamaq, gələcək nəsillərə ötürmək üçün əhəmiyyətlidir.

İkini Qarabağ müharibəsinin nəticəsi bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülməyib və bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır, bundan sonra da əbədi olaraq yaşayacaq”, - deyə deputat vurğulayıb.

Chosen
8
azertag.az

1Sources