EN

"Sahibkar Qadınların Milli İnkişaf Strategiyası" layihəsinin son tədbiri Bakıda keçirildi - FOTOLAR

"Sahibkar Qadınların Milli İnkişaf Strategiyası" adlı layihənin son tədbiri Bakı şəhərində uğurla baş tutub. Bu barədə layihənin təşkilatçılarından biri olan "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva məlumat verib.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və "Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Ümumilikdə 4 tədbirdən ibarət olan layihənin birinci mərhələsi İsmayıllı rayon "Qadın və uşaq mərkəzində", ikinci mərhələsi Ədliyyə Nazirliyinin Pentensiar xidmətinin tərkibindəki 4 saylı "Qadın cəzaçəkmə müəssisəsində", üçüncü tədbir isə "DadaSoy" Company-də həssas əhali qrupuna daxil olan şəhid ailələri, aztəminatlı qadınlar və kiçik sahibkar xanımların iştirakı ilə keçirilib. Bu tədbirlərin nəticəsi olaraq 10 sahibkar qadına fərdi biznes-planlar hazırlanıb.

Layihənin moderatoru, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev tədbir iştirakçılarına QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İbrahimli Zauru, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadəni, "Gender və İqtisadiyyat" İctimai Birliyinin sədri Təranə Kərimovanı və AQSA-nın rəhbəri Vəfa Əfəndiyevanı təqdim edib. Daha sonra layihənin əhəmiyyəti və strategiyanın müasir əmək bazarının tələblərinə uyğun olaraq hazırlanması müzakirə olunub.

Təlimçi-ekspert Rəvan Cəfərli iştirakçılara strategiyanın detalları haqqında geniş məlumat verib və sahibkar qadınların təkliflərini nəzərə alaraq hazırlanmış strategiyanın son variantını təqdim edib. Tədbirin sonunda 10 sahibkar qadına "Sahibkar Qadın Portreti" kitabı və biznes-planlar təqdim olunub, iştirakçılarla xatirə fotosu çəkilib.

Layihə rəhbəri Zülfiyyə Nuriyeva, QHT.az saytının rəhbəri tərəfindən "İctimai fəaliyyətdə aktiv iştirakına görə" fəxri fərmanı ilə təltif edilib və təşəkkürünü bildirib. O, həmçinin layihənin uğurla həyata keçirilməsində göstərilən dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını ifadə edib.

Layihə çərçivəsində həyata keçirilən tədbirlər sahibkar qadınların iqtisadi fəaliyyətlərini gücləndirmək və onların inkişafına dəstək olmaq məqsədi daşıyıb.

Chosen
13
qht.az

1Sources