EN

Paşinyan 5 il öncə və bu gün – Ən dürüst erməni budursa…

Tarixdən dərs götürməyən xalqlar onu təkrar yaşamalı olur. Əlbəttə ki, gerçək tarixdən. Mif və uydurmalarla dolu keçmişdən yox. Söhbət Qafqazdakı yeganə köçmən tayfadan – ermənilərdən gedir.
Bizə zorla sırınan bu namərd qonşuların ən böyük faciəsi də indiyədək saxta qəhrəmanlıq tarixi ilə yaşaması, ona sidq-ürəkdən inanmasıdır. Rus tarixçi akademiklərdən biri bu xüsusda yaxşı deyib, “ermənilər öz tarixlərinə görə tarixə yox, tarixçilərə borcludur”. Yəni geydirmə tarix məsələsi.
Nə qədər ki, ermənilər uydurma hekayətlərin əsiri olacaq, ona qədər də zülm-zillət onlardan uzaq olmayacaq. Guya bunu indi hamıdan yaxşı baş nazir Nikol Paşinyan dərk edir və öz keyfiyyətsiz qövmünə çıxış yolu axtarır. Amma və lakin 4 ildir o, Azərbaycanın təklif elədiyi və sırf beynəlxalq hüquq normalarına əsaslanan, son dərəcə ədalətli sülh müqaviləsi imzalamaqdan yüz hoqqa ilə yayınır. Sülhə, barışığa dəxli olmayan absurd variantlar irəli sürməklə Ermənistan üçün tarixi və bəlkə də yeganə fürsəti qaçırır…
Dünən isə Bakıya görün hansı hiyləgər variantı təklif edib. Sitat: “Müqavilə imzalanandan sonra sənədin Əsas Qanuna uyğunluğunu Ermənistanın Konstitusiya Məhkəməsi yoxlamalıdır. Əgər bəlli olsa ki, konstitusiyaya ziddir, onda konstitusiyanı dəyişdirməkdən danışmaq olar. Konstitusiya Məhkəməmiz Azərbaycanla sülh sazişinin Ermənistan konstitusiyasına zidd olduğuna qərar verərsə, o halda biz konkret situasiyaya düşəcəyik. Hansı ki, sülhə nail olmaq naminə konstitusiyaya dəyişiklik tələb edəcək”.
Yəni yenə “atı arabanın arxasına qoşmaq” cəhdi.
Görəsən Ermənistan konstitusiyasının imzalanacaq sülh müqaviləsi ilə ziddiyyət təşkil edəcəyi indidən aydın deyil? Hələ utanmazcasına 3 il vaxt istəyirlər. Onu nəinki 3 il sonra (2027), 3 il əvvəl (2021) dəyişmək lazım idi!..
Kəsəsi, daha yaxşı olmazmı bəri başdan Ermənistan konstitusiyasından ərazi iddiası ilə bağlı müddəa çıxarılsın, sonra sülh sənədi imzalansın? Ya da belə çıxır ki, Paşinyan Azərbaycana Ermənistan konstitusiyasına zidd olmayan, lakin heç bir hüquqi və praktik dəyər daşımayacaq “sülh sənədi” lazımdır. Nəyə xatir? Ümumiyyətlə, bu adamın “ipinə odun yığmaq” mümkünmü?..
Xain xoflu olar. Gəlin, ən yaxın tarixə qısa ekskurs edək.
Bu həmin Nikol Paşinyan idi ki, 44 günlük Vətən müharibəsindən öncə – 2019-cü ilin yayında Xankəndində özündən razı şəkildə “Qarabağ Ermənistandır və nöqtə” söyləmişdi. O zaman bu sözlərinə görə ona hətta ən radikal siyasi opponnetləri də çəpik çalmışdılar. Amma həmin revanşist ünsürlər indi Paşinyanı suçlayırlar ki, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə Ermənistanı və erməni xalqını müharibəyə sürükləyib…
Sonra. Bu, həmin Nikol Paşinyandır ki, onun müdafiə naziri David Tonoyan 2019-cü ildə “yeni ərazilər uğurunda yeni müharibə” ilə Azərbaycanı hədələmiş, Nikol isə buna görə ona hər hansı irad bildirməmişdi.
Yenə bu həmin radikal-revanşist Paşinyandır ki, 2020-ci il avqustun 10-da bədnam Sevr müqaviləsinin 100-cü ildönümü ilə bağlı öz xalqına müraciətində yazırdı: “Sevr müqaviləsi tarixi faktdır. Bu günə qədər də belə qalır. Nə üçün bu müqavilə erməni xalqı üçün vacibdir? Sevr müqaviləsinin 89-cu maddəsi erməni xalqının “erməni dağları” ilə mübahisəsiz tarixi bağlılığını bəyan edir və möhkəmlədir… Bu müqaviləin reallaşmamasına rəğmən, o, tarixi fakt kimi mövcud olmaqda davam edir. Bu bizim müstəqil dövlətçiliyimizin bərpasına aparan yoldur. Bizim borcumuz onu xatırlamaq, onun simvolunu dərk etmək qoruyub saxlamaqdır”.
(Xatırladaq ki, Sevr müqaviləsi Türkiyənin parçalanmasına dair müqavilə idi. 1920-ci ildə Antanta ölkələri tərəfindən erməni və yunan millətçilərinin iştirakı ilə Osmanlı İmperiyasının üzərinə öhdəlik kimi qoyulmuşdu. Nəticə bəlli: qəhrəman Türkiyə xalqı Vətən savaşına qalxaraq, Serv müqaviləsini tarixin zibilliyinə atdı, bütün planları pozaraq düşmənlərin topasına qalib gəldi)…
Amma həmin Paşinyan 44 günlük müharibədə “dəmir qapaz” yeyəndən sonra indi “tarixi” deyil, “real Ermənistan”dan danışır. Səmimiyyətinə inanaqmı? Axı bu, yenə o Paşinyandır ki, bunca müsibətdən sonra – keçən il sentyabrın 2-də Qarabağdakı terrorçu rejimin rəhbərlərini “müstəqillik günü” münasibətilə təbrik etmişdi. O səbəbə ki, biz 44 günlük müharibə “ilanın başını” tam əzməmişdik. Nəhayət, əzdik…
Amma gəl ki, İrəvan rəsmiləri son vaxtlar təzədən köhnə havaya giriblər. Konstitusiyalarını təcili dəyişmək əvəzinə, – harada ki, Dağlıq Qarabağla yanaşı, Türkiyənin 6 vilayətinə “qərbi ermənistan” adı ilə ərazi iddiası yer alır, – havadarlarına güvənərək əleyhimizə çirkin antitəbliğat kampaniyasını xeyli gücləndiriblər. Yeri gəldi-gəlmədi, hər fürsətdə regional və beynəlxalq qurumlardan, Beynəlxalq Məhkəmədən Azərbaycan qarşı “arayış” yığmağa çalışırlar. Ki, ilk fürsətdəcə revanş savaşına “hüquqi əsasları” olsun.
Eyni məqsədlə Qarabağdan ermənilərin könüllü köçünü “etnik təmizləmə” kimi sənədlərə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Məxsusi qeyd edək ki, Azərbaycana qarşı “etnik təmizləmə” ittihamı artıq Ermənistanın rəsmi siyasəti və mövqeyidir. Hansı ki, bu ölkə XİN-in 19 sentyabr bəyanatında da əksini tapıb…
Belə xəbis, bəd xislətli, daima qonşusunun ayağının altını qazıyıb onun büdrəməsini gözləyən ölkənin rəhbərliyinin nəinki quru sözü nədir, heç yazılı vədinə də inanmaq olmaz. Odur ki, guya ermənilərin ən mötədili sayılan N.Paşinyan yetər bizə sülh nağılları danışdı.
Gedin öncə “barıt qoxulu” konstitusiyanızı sahmana salın, sonrasına baxarıq. Yox, deməlı, sülh sənədi olmayacaq və müharibə bitmiş sayılmayacaq. “Miatsum”dan qurtula bilməyən Ermənistan və onun cəmiyyəti belə istəyirsə, olsun. O zaman nəticələrinə də hazır olsunlar…
Z.SƏFƏROĞLU

Chosen
8
1
arantv.az

2Sources