EN

44 günə çin çıxan 30 illik yuxu

1993-cü ilin yayı idi. Qarabağda qızğın müharibə gedirdi. Döyüşlər o həddə çatmışdı ki, analar qarnını, atalar dizlərini qucaqlamışdı, bacıların göz yaşları kökslərini yandırırdı. Yarı döyüşlərdə olan yarənlər, xatunlar isə bir gözü yolda, bir qulağı səsdə balalarının başını sığallaya-sığallaya özlərini ovundurur, gözlənilən, hər an gələ biləcək qara xəbəri, Şəhid xəbəri alacaqlarından qorxurdular.

Qarabağda hər qapıda, hər həyətdə vəziyyət belə idi o vaxtlar. Hətta ölkənin ən ucqar yerlərindən, Qarabağa ən uzaq obalardan axışıb gələn igidlərin, ərənlərin evlərində də, biz sözlə bütün Azərbaycanda belə idi vəziyyət o vaxtlar. Hamı qəm-qüssə içində idi. Hamı evindən çıxıb Qarabağın harayına çatan igidləri dualarla, bayatılarla oxşayır, sanki özlərini o qara xəbərə hazırlayırdılar.

Müharibə ölkəni elə yerdə haqlamışdı ki, hamı çaş-baş qalmışdı. Tarixi düşmənimiz olsa da, Sovetlərin “yengəlik missiyası” ilə qız almışdıq, qohum olmuşduq, unutmuşduq erməni məkrliyini, erməni fürsətcilliyini, erməninin torpaqlarımızda olan gözlərini. Unutmuşduq onların gözünün içinə baxa-baxa... Amma biz saydığımızı sayaq, gör düşmən nə sayırmış. Tarixən lobbilərindən dəstək alan ermənilər, biz çörəyimizi onlarla bölüşərkən, onlar nə edirmiş? - Son qəpik-quruşlarını verib silah-sursat fondunun xəzinəsini doldururmuşlar sən demə.

Müstəqilliyinə yenicə qovuşmuş Azərbaycana, hələ tam formalaşmamış, Sovet ordusu gedərkən ov tüfəngi belə əlindən alınmış bir xalqın üstünə gəlmək, ömür boyu xəyallarında yaşatdıqları Qarabağa "sahiblənmək arzusu"na çatmaq itin əlinə düşmüş bir fürsət oldu sanki. Qəfil başlayan müharibə və silah-sursatın olmaması bizi çox yıpratdı, böyük zərbələr vurdu.

Amma yenə də düşmən qarşısından çəkilmədi Azərbaycanın igid oğulları. Könüllü olaraq döyüşdü, yeri gəldi silah atdı, yeri gəldi qaya parçası yomaladı düşmənin yoluna. Şəhidlər sankı leysan yağışı kimi ölkənin dörd bir tərəfinə səpələndi...

Vəziyyət getdikcə çətinləşirdi. Şəhidlərin sayı artır, çarəsiz qalan əhali – qız-gəlini, körpə uşaqları, yaşlıları düşmən əlinə düşməsin deyə Qarabağdan köç edirdi yavaş-yavaş... Axı bu millətin canında Xocalı faciəsi və orada insanlığa sığmayacaq tərzdə vəhşicəsinə, qəddarcasına əhalinin məhv edilməsi, soyqırımı xofu vardı.

Bəli, əhali Qarabağı yavaş-yavaş tərk edirdi... Döyüşən oğullar olsa da, amma bu yetərli deyildi. Çünki silah yox, sursat yox. Üstəgəl "Rusiya qoşunları ermənilərə dəstək üçün hər an gələ bilər" qorxusu... Bax bu amillər yerli əhalinin Qarabağdan məcburi çıxışına səbəb oldu. Hansı ki, sonra 30 il ərzində "məcburi köçkün ailəsi" kimi yaşayacaqdılar ölkənin dörd bir tərəfində.

Düşmən irəliləməkdə, əhali öz yurdunu tərk etməkdə. Və o dövrədək tanımadıqları rayonlarda, kəndlərdə məskunlaşmaq. İnsanlar elə pərən-pərən düşdü ki, atanın baladan, balanın anadan, bacının qardaşdan xəbəri olmadı illərlə. Öldüsündən, qaldısından xəbər tutmadı ən yaxın qohumlar illərlə bir-birindən. Onlarla qızın nişanı, toyu pozuldu bu müsibətlərin içində, çünki birinin harada olmasından digərinin xəbəri yox idi...

Sonra hər şey düzəlsə də, qohumlar, qonşular bir-birlərini tapsalar da, o deyildi, Vətənin içində bir vətənsizlik yaşadı qarabağlılar, 30 illik bir niskilə büründülər.

Əgər Heydər Əliyev zəkası, siyasi əlaqələri olmasaydı Azərbaycan elə o vaxt xəritədən silinəcəkdi. Onun sayəsində sağ çıxdı mühasirəyə düşmüş insanlar Qarabağdan. Yoxsa indi... Heydər Əliyevi Ümummilli lider və Ulu Öndər edən də bu və xalq üçün bundan sonrakı xidmətləri oldu. Atəşkəs razılığının əldə olunması bir xalqın məhv olunmasının, ölkəsini tərk etməsinin qarşısını aldı.

Düşmənin ələ keçirdiyi bir qəsəbə və 22 kənd geri qaytarıldı Heydər Əliyevin zəkası sayəsində. Sonra danışıqlar başladı. Uzandı uzana bildikcə... O qədər uzandı ki, sanki ümidlər də öldü torpaqlarımızın haçansa geri alınacağına.

“Unudun Qarabağı, yaddan çıxardın, qaytarılan deyil. Kim aldığını geri qaytarar ki?” kimi söz-söhbətlər gəzdi xalq arasında.

Yuxulara girməyə başladı Qarabağ – Azərbaycanın dilbər guşəsi. Şuşanı, Ağdamı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Füzulini yuxularımızda görürdük. Xocalını gözü yaşlı, Şuşanı “başı daşlı”, Laçını, Kəlbəcəri şeirsiz, Ağdamı muğamsız, Füzulini qəzəlsiz görürdük uzun gecələrin qış yuxusunda.

Chosen
7
publika.az

1Sources