EN

Azərbaycan xalqı milli tarixinin Zəfər dövrünü yaşayır

Tarixi Azərbaycan torpaqlarında xüsusəndə Qarabağda çar Rusiyası dövründə yerləşdirilmiş ermənilər daha sonra xalqımıza qarşı düşmənçilik siyasəti aparmağa başladı və bu 200 ildən çox faciələrin yaşanması ilə müşahidə olundu. Çünki ermənilər məskunlaşdıqları Azərbaycan ərazilərində toponimləri dəyişməyə, mənimsəməyə, münbit əraziləri ələ keçirməyə çalışıb. Bu məkirli niyyətlərinə uyğun olaraq redikal erməni millətçiləri azərbaycanlıları tarixi ata-baba yurdlarında sıxışdırıb çıxarır, etnik təmizləmə həyata keçirirdi. Bu mənada ifrat millətçilik üzərində qurulmuş Daşnaksütyun siyasəti azərbaycanlılara qarşı amansızlığı ilə seçilirdi. Məhz erməni millətçilərinin qanlı siyasəti nəticəsində 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirildi. Bu baxımdan da 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi etnik təmizləmə, soyqırım kimi qanlı cinayətləri ilə həkk olunub. Tarixi Azərbaycan torpaqlarında İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı həmin dövrlərdə soyqırımına məruz qaldı, yaşadıqları yerlərdən qovuldu, işgəncələrlə məhrumiyyətlər, məşəqqətlərlə üzləşdi.Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.O, qeyd edib ki, 1948-1956-cı illərdə isə indiki Ermənistan ərazisindən tarixi ata-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı zorla deportasiya edildi: “1987-ci ildən etibarən isə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurd-yuvasından zorla çıxarıldı, etnik təmizləmə siyasəti həyata keçirildi. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinə uzun müddət hüquqi, siyasi qiymət verilməmişdi. Məhz ermənilərin tarixi ərazilərimizdə azərbaycanlılara qarşı soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərmanı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Amma bütün bunlara baxmayaraq özünün işğalçı mahiyyətinə uyğun olaraq Ermənistan 90-cı illərin əvvələrində Azərbaycanda mövcud olan hərcmərclikdən istifadə edərək ərazilərimizin 20%-ni işğal etməklə 1 milyon soyadaşımızın öz vətənində qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. Erməni cəlladları Azərbaycan ərazilərini işğal edərkən dinc əhaliyə amansızcasına divan tutmuş, misli görünməmiş vəhşilik, insanlığa qarşı cinayət törədiblər. Başlıbel, Ağdaban, Bağanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı soyqırımı xüsusi qəddarlığı ilə seçilir”.

Deputat keçmiş münaqişə vəziyyətinin yəni, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun isə 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışdığını söyləyib: “Çünki bu 10 illiklər ərzində aparılan danışıqlarda işğalçıya, işğala məruz qalmış tərəfə eyni münasibət göstərilib. Bunun bariz nümunəsi Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq qətnamələrin 30 ilə yaxın kağız üzərində qalmasıdır. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmaması beynəlxalq birliyin, ikili standartların açıq təzahürü idi. Azərbaycan isə əraziləri işğalda olmasına baxmayaraq daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Erməni vandalları Azərbaycan ərazilərini işğalda saxladığı 30 ilə yaxın müddətdə talançılıq, mənimsəmə, tarixi torpaqlarda milli-mənəvi abidələrin məhvi, özününküləşdirilməsi ilə məşğul olub. Bu illər ərzində erməni vandalları iqtisadiyyatımıza və mədəni irsimizə ziyan vurub, şəhərlərimizi, kəndlərimizi, bütün mövcud infrastrukturu tamamilə məhv edib, sıradan çıxarmaqla məşğul olub. Amma bütün bunlara baxmayaraq Azərbaycan xalqı işğalla heç zaman barışmayıb, Hər zaman tarixi ədalətin bərpa olunacağına inanan xalqımız Ermənistana və onun havadarlarına bu anın heç də uzaqda olmaması ilə bağlı zaman-zaman çağırışlar edib. 2016-cı il aprel, 2020-ci il iyul Tovuz döyüşləri Azərbaycan dövlətinin, xalqımızın işğalla barışmayacağı qətiyyətini nümayiş etdirdi. Amma Ermənistan tərəfi bundan nəticə çıxarmaq əvəzinə öz çirkin niyyətindən əl çəkmir təxribatlarını davam etdirirdi. Azərbaycan xalqının səbr kasasını daşıran sonuncu damla isə 2020-ci il 27-i sentyabr tarixində baş verdi. Həmin gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, mülki obyektləri, dinc insanları hədəf almağa başladı. Məhz düşmənin hərbi təxribatının qarşısını almaq Ermənistanın təcavüzkar siyasətinə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bütün cəbhə boyu əks-hücuma əməliyyatlarına başladı. Bununla da Şanlı Qələbəmizlə bitmiş 44 günlük Vətən müharibəsi başlamış oldu. Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə baş çatdı. Mədəniyyət paytaxtımız olan tarixi Şuşa şəhərində üçrəngli bayrağımız dalğalandırıldı. Ermənistanın işğal faktına son qoyuldu. Düşmən döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidentinin imzaladığı üçtərəfli razılaşma ilə başa çatdı. Bu faktiki olaraq Ermənistanın kapitulyasiya sənədi idi. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı”.
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün şanlı tarixdir: “Milli həmrəyliyimizin təcəssümü olan bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya ilə uğurla irəliləyən müasir və qalib Azərbaycan bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan dövləti mövcud olduğu tarixi dönəmlərinin heç birində bu qədər güclü olmamşdı. Bu güc isə Ulu Öndər Heydər Əliyevin amallarına, Prezident İlham Əliyevin praqmatizminə əsaslanır”.
Təftiş Komissiyasının sədri bildirib ki, 44 günlük Vətən müharibəsi bütün dünyaya həmçinin Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi: “44 gün ərzində Azərbaycana ən böyük dəstək verən ölkə qardaş Türkiyə oldu. Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəylik nümayiş etdirdi. Bu gün də Azərbaycan və Türkiyə bölgədə daimi sülhün təmin edilməsi istiqamətində birlikdə addım atır. Amma buna baxmayaraq Ermənistan növbəti dəfə öz mahiyyətinə uyğun davranır. Revanşizm və faşist ideologiyasının əsrinə çevrilən Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində hələ də qanunsuz silahlı birləşmələr saxlayır, qondarma separatçı-xunta rejiminə dəstək verirdi. Bu da sözsüz ki, sülhə başlıca əngəl olmaqla yanaşı ciddi təhlükə mənbəyi idi. Məhz 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu və yaralandı. Bu acı reallıq Ermənistanın işğalçı, terror, ərazi iddialarını davam etdirmək niyyətinin göstəricisi idi. Azərbaycan dövləti özünün suveren və beynəlxalq birlik tərəfindən tanınan ərazisində bu cür qanunsuz silahlıların olmasını sözsüz ki, qəbul edə bilməzdi. Bu baxımdan da Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qalib, güclü Ordumuz qanunsuz silahlılara və separatçılara qarşı lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Bu tədbirlər təhlükəsizliyin təmin edilməsinə xidmət edirdi. Cəmi 24 saat davam edən antiterror tədbirləri separatçıların təslim olub, ağ bayraq qaldırması, silah-sursatı təhvil verməsi və Azərbaycanın şərtlərini qəbul etməsi ilə başa çatdı. Bunun nəticəsində Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması təslim olması Azərbaycanın növbəti Qələbəsinin təntənəsi idi. Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmır”.
Sevinc Hüseynova 44 günlük müharibədə əldə edilən tarixi Qələbədən sonra şəhid və qazilərin, müharibə iştirakçılarının misilsiz xidmətlərinin dövlətimiz tərəfindən ən yüksək səviyyədə qiymətləndirildiyini bildirdi: “Əldə edilən tarixi zəfər münasibəti ilə orden və medallar təsis edildi. Yeni medal və ordenlərin Qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılara Ali diqqətin təcəssümü idi. Eyni zamanda Vətən müharibəsi şəhidləri və qazilərinin bütün ehtiyacları dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin olunur. Bununla yanaşı şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər görülür. Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi inşa olunacaq. Sözsüz ki, Vətən müharibəsində xalqımızın milli birliyin və Vətən uğrunda savaşın rəmzi – “Dəmir yumruq” hamı üçün bir güc simvoluna çevrilmişdi. Bu birlik, güc Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşən xalqımızın hələ bundan sonra daha möhtəşəm qələbələrə, uğurlara imza atacağına başlıca zəmin yaradan amildir. Prezident İlham Əliyev tərəfindən Azərbaycan əraziləri üzərindən Konstitusiya quruluşunun bərqərar edildiyi 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi mühüm tarixi hadisə idi. Məhz 2024-cü ildə keçirilən növbədənkənar prezident və parlament seçkiləri ölkəmizin bütöv ərazisində baş tutdu. Müstəqillik tariximizdə ilk dəfə olaraq keçirilmiş seçkilər bütün ölkə hüdudlarını əhatə edib. Bu tarixi reallıqlar İkinci Qarabağ müharibəsi və bir günlük lokal antiterror tədbirlərindən sonra formalaşıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş, regional və qlobal tərəfdaşlıqda özünün stabil mövqeyi ilə seçilən Azərbaycan bundan sonra daha böyük hədəflərə uğurla çatacaq”.

Chosen
8
sesqazeti.az

1Sources