EN

Elektronika mağazasında işçi ilə ustalar arasında dava —TƏFƏRRÜAT

Beyləqan rayonunda 1982-ci il təvəllüdlü Sənan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı iş yoldaşı Elməddinə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Sənan 24 oktyabr 2023-ci ildə, saat 10 radələrində anbardar vəzifəsində işlədiyi Beyləqan şəhəri, Magistral küçəsində yerləşən elektronika mağazasında işdə olan zaman, həmin mağazanın ikinci mərtəbəsində təmir işləri aparan Elməddin ilə mağazanın ikinci mərtəbəsində olan əşyaların bir kənara yığılması ilə bağlı aralarında yaranmış fikir ayrılığı səbəbindən şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı ona xəsarət yetirmək məqsədilə qəsdən orada olan istintaqa məlum olmayan predmetlə sol əlinə vurub. 

Hadisəni törədən Sənanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2023-ci ilin oktyabr ayında Beyləqan şəhəri Magistral küçəsində yerləşən elektronika mağazasında anbardar işləyib: “2023-cü ilin oktyabr ayında həmin mağazanın ikinci mərtəbəsində təmir işləri aparıldı. Təmir işlərini sonradan tanıdığım Elməddin, Həbib, Samir və Fəqan adlı ustalar görüb. Oktyabrın 24-də, saat 8 radələrində elektronika mağazasına işə getmişəm. Həmin gün təxminən saat 10 radələrində mağazada olan qalıq malları səliqə ilə sıraya düzmək üçün mağazanın ikinci mərtəbəsinə qalxdım. Həmin vaxt mağazanın ikinci mərtəbəsində səliqə ilə sıraya düzdüyüm malların orada təmir işlərini görən ustalar Elməddin, Həbib, Samir və Fəqan tərəfindən dağıdılaraq səliqəsiz hala salındığını gördüm. Həmin ustalara irad bildirdim, səliqə ilə sıraya düzdüyüm malları nə səbəbə yerini dəyişib dağıtdıqlarını bildirdim. Bu zaman Elməddin ilə aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı Elməddin məni söyüb təhqir etdi, üstümə yeridi. Mən bu səbəbdən Elməddinin sinəsindən itələdim və “get işinlə məşğul ol” dedim. Sonra uzaqlaşıb getmək istədikdə Elməddin və digər ustalar Həbib, Samir və Fəqan birlikdə üstümə yeridilər. Həmin vaxt Fəqan, Samir və Elməddin məni arxadan qolumdan tutdu, Həbib isə yumruqla sağ gözümün altından və qaşımın üstündən vurdu”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Həbib, Samir, Fəqan və Elməddin onu yerə yıxaraq dəmir profillə onu vuraraq döyüblər: “Həmin şəxslərin biri dəmir profillə mənim sağ və sol qoluma vurdu. Mən birtəhər onların əlindən çıxaraq mağazanın birinci mərtəbəsinə düşdüm. Həmin vaxt mağazada müdir işləyən Cəlal ikinci mərtəbəyə çıxaraq Elməddin, Həbib, Fəqan və Samiri sakitləşdirdi. Bundan sonra mağazadan çıxaraq getdim.  Daxili işlər Nazirliyinin 102 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat verdim. Hadisə zamanı əsasən Həbibibin yumruqla sağ qaşımın üstündən, sağ gözümün altından və profillə qoluma vurması nəticəsində xəsarət almışam. Hadisə zamanı yaranmış səs küyə mağazanın müdüri Cəlal ikinci mərtəbəyə qalxıb və onların dalaşdıqlarını görərək onları sakitləşdirib. Həbib, Elməddin, Fəqan və Samirin mənimlə dalaşmaları təxminən 3-4 dəqiqə davam etdi. Hadisə nəticəsində mağazanın iş rejimi pozulmayıb. Hadisə mağazanın ikinci mərtəbəsində baş verdiyindən və orada təmir işləri aparıldığına görə heç bir alış-veriş getməyib. Alver birinci mərtəbədə getdiyinə görə birinci mərtəbənin iş fəaliyyəti pozulmayıb. Hadisə zamanı mağazada olan hər hansı bir əşyaya ziyan dəyməyib. Mübahisə zamanı Elməddini xatırlamadığım predmetlə vurmuşam. Törətdiyim əməldən peşmanam. Elməddin ilə barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elməddinin sözlərinə görə, tikinti işlərində malyar işlərini bacardığına görə cox şirkətlər onu tanıyıb və müxtəlif şirkətlərlə rəsmi müqavilə bağlayaraq təmir işləri aparıb: “10 oktyabr 2023-cü ildə Beyləqan rayonu, Magistral küçəsində yerləşən elektronika mağazasında təmir işləri getdiyi üçün dostum Həbib ilə həmin mağazanın təmir işlərini gördüm. Həmin vaxt birlikdə Samir və Fəqani adlı ustalar da həmin mağazanın təmir işlərini görüb. Tavana alçipan vurmuşuq. Oktyabrın 24-də, səhər saatlarında işə getdim. Mağazanın ikinci mərtəbəsində Həbib ilə birlikdə malyar işlərini gördüm. Fəqani və Samir isə alcipan vurmaqla məşğul oldular. Həmin vaxt mağazanın ikinci mərtəbəsində işlədiyimiz yerdə olan əşyalar işimizə mane olduğuna görə mağazanın müdiri Cəlaldan həmin əşyaların işimizə mane olmasın deyə səliqə-səhmana salmalarını xahiş etdik”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Cəlal mağazanın ikinci mərtəbəsində olan və onların işinə maneçilik törədən əşyaların başqa yerə yığılmasını mağazada anbardar işləyən Sənana tapşırıb: “Həmin vaxt Sənan mağazanın ikinci mərtəbəsinə yanımıza gəldi və əşyaları kənara yığacağını, lakin əşyalardan hər hansı biri sınsa üstümüzə yazdıracağını bildirdi. Bu zaman Sənana dedim ki, mən öz işimə cavabdehəm, kiminsə qırılan mallarına cavabdeh deyiləm. Bundan sonra Sənan ilə aramızda sözlə mübahisə yarandı. Mən həmin vaxt Cəlalın gələrək Sənanı başa salması üçün Fəqaniyə mağazanın birinci mərtəbəsinə düşməyi və Cəlal müəllimi çağırmağını dedim. Bundan sonra Fəqani aşağı birinci mərtəbəyə düşdü və Cəlalı çağırdı. Sənan isə mənimlə mübahisə etməyə davam etdi. Mübahisə zamanı Sənan nalayiq sözlərlə məni təhqir etdiyinə görə cavab qaytardım”.

Elməddin bildirib ki, bu zaman Sənan yerdə olan dəmir profil parçasını əlinə götürüb və onun çiyin nahiyəsinə bir zərbə vurub: “Daha sonra həmin dəmir parçası profillə baş nahiyəmə vurmaq istədikdə sol əlimi dəmir parçasının qarşısına verdim və dəmir parçası sol əlimin barmağına dəyərək barmağımı sındırdı. Mən zərbənin təsirindən yerə yıxıldım. Yerə yıxılandan sonra da Sənan dəmir parçası ilə yenidən məni vurmaq istədikdə orada olan Həbib və Samir Sənanı tutaraq kənara çəkərək sakitləşdirməyə çalışdılar. Sənan həmin vaxt mənim və digər iş yoldaşlarımın ünvanına nalayiq ifadələr işlətdi. Ona görə də iş yoldaşım Həbib yumruqla Sənanın sağ göz nahiyəsinə bir dəfə vurdu. Bu zaman birinci mərtəbədən Cəlal gəldi, Fəqani və Samir ilə birlikdə Sənanı sakitləşdirərək birinci mərtəbəyə apardı. Sənan məni dəmir parçası ilə çiyin nahiyəmə və əlimə vurması nəticəsində xəsarət almışam. Hadisə yerində Samir, Həbib, Fəqani və Cəlal olub, başqa heç kim olmayıb. Sənanın mənimlə mübahisə edərək dalaşması və məni döyməsi təxminən 3-4 dəqiqə davam etdi. Baş vermiş hadisə nəticəsində mağazanın iş rejiminin pozulmayıb, mağazada olan əşyalara ziyan dəyməyib. Baş vermiş hadisə zamanı Sənan məni nalayiq sözlərlə söydüyünə görə mən də onu söymüşəm və əlim ilə kənara itələdi. Hadisə zamanı Həbib yumruqla bir dəfə Sənanı vurub.  Samir, Fəqani və mən Sənanı vurmamışıq”. 

Bu cinayət işinə Beyləqan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sənan aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 müddətə islah işləri cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az
Chosen
10
demokrat.az

1Sources