EN

Rusiyada helikopter qəzası: İçində deputat və iş adamı olub

Rusiyanın Arxangelsk vilayətində yoxa çıxmış şəxsi helikopter tapılıb.

Bu barədə Oxu.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, qəzaya uğrayan "Robinson 44" helikopterinin göyərtəsində Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və iş adamı Aleksey Semyonov olublar.

İlkin məlumatlara görə, onların hər ikisi həlak olub. Helikopter Bıçye qəsəbəsindən beş kilometr aralıda qəzaya uğrayıb.

Bildirilir ki, sentyabrın 25-də Sergey Smetanin dostu, metal qırıntılarının emalı şirkətinin sahibi Aleksey Semyonovun helikopterində balıq ovuna çıxıb. İş adamı helikopteri özü idarə edib.

Əvvəlcə Arxangelskdən Ezevets kəndinə qədər uçublar. Orada bütün lazımi avadanlıqları götürərək yaxınlıqdakı mənzərəli göllərə doğru hərəkət ediblər. Balıq tutduqdan sonra kəndə qayıdıblar, yükləri boşaldıblar və Arxangelskə geri istiqamət alıblar.

Yolda yanacaq doldurmaq üçün Bıçye qəsəbəsinə eniblər. Oradan axşam saat 7 radələrində yaxınlarına son mesajlarını göndəriblər ki, artıq evə uçurlar və üç saatdan sonra çatacaqlar. Bundan sonra bir daha əlaqə saxlamayıblar.

Bir neçə saat sonra Smetanin və Semyonovun ailələri narahat olmağa başlayıblar, lakin uçuş razılaşdırılmadığı və helikopter heç bir aerodromda qeydiyyata alınmadığı üçün fövqəladə hallar xidmətinə dərhal məlumat verməyiblər.

Qeyri-qanuni helikopterin yoxa çıxması barədə yalnız ertəsi gün, faciənin baş verdiyi məlum olduqdan sonra danışmaq qərarına gəliblər. Sonradan məlum olub ki, "Robinson-44" bataqlıq əraziyə düşüb.

"Cebheinfo.az"

Chosen
2
10
cebheinfo.az

10Sources