EN

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

Sentyabrın 26-da Çinin Azərbaycandakı səfirliyi milli bayram - Çin Xalq Respublikasının yaradılmasının 75-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao çıxış edərək ölkəsinin 75 ildə keçdiyi inkişaf yolundan danışıb, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söyləyib.

“Çin-Azərbaycan münasibətlərinin ötən 32 ili nümayiş etdirdi ki, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda, dinc yanaşı yaşama prinsiplərinə sadiq qalaraq, müxtəlif sosial sistemlərə, ideologiyalara, tarixlərə, mədəniyyətlərə, dinlərə və inkişaf səviyyələrinə malik ölkələr hələ də qarşılıqlı etimad yarada və dostluq əməkdaşlığını inkişaf etdirə bilərlər. Sədr Si Cinpinin qeyd etdiyi kimi, Çin-Azərbaycan strateji tərəfdaşlığının yaradılması yeni mövqe və yeni başlanğıc nöqtəsidir. Hər iki ölkə liderinin əldə etdiyi konsensusun tam şəkildə həyata keçirilməsi üçün Çin Azərbaycanla işləməyə hazırdır. Bu yeni başlanğıc nöqtəsində əlaqələrimizi daha yetkin və əsaslı mərhələyə yüksəldək və həm ölkələrimizə, həm də xalqlarımıza daha çox fayda gətirək”, - deyə Din Tao əlavə edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev çıxışında ticarət-iqtisadi əməkdaşlığın inkişafında Azərbaycan-Çin Hökumətlərarası Komissiyasının mühüm rolunu xüsusilə qeyd edib: “2023-cü ilin noyabrında Komissiyanın doqquzuncu iclası Çində keçirildi. Görüşün yekunlarına dair imzalanmış Protokolun icrası ticarət, investisiya, enerji, nəqliyyat, qida təhlükəsizliyi və turizm sahələrində əməkdaşlığımızın inkişafına töhfə verir”, - deyə Şahin Mustafayev vurğulayıb.

Chosen
20
4
yeniazerbaycan.com

6Sources